Mobil versiya
Məhəmməd Balaqadaşov: “Siyasi islahatlar əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər qurmasına yol açmışdır”
Tarix: 15-03-2022 | Saat: 14:46
Bölmə:Gündəm | çapa göndər

Məhəmməd Balaqadaşov: “Siyasi islahatlar əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər qurmasına yol açmışdır”

Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin siyasi təcrübəsi, bilikləri, müdrikliyi, xalq qarşısında göstərdiyi xidmətlər, bütün dövrlərdə nümayiş etdirdiyi əsl sarsılmaz vətənpərvərlik ruhu və öz xalqına, Azərbaycan dövlətçiliyinə olan sadiqliyi səbəbilə ölkəmizin mütərəqqi insanlarını onun ətrafında birləşməsi nəticəsində yaradılıb. Dövlət başçısının da Partiyanın VII qurultayında etdiyi çıxışında dediyi kimi, faktiki olaraq məhz 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında ulu öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi də məhz həmin tarixdən başladı. Biz bu tarixi yaxşı bilməliyik və gələcək nəsillərə də olduğu kimi çatdırmalıyıq. Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Əgər Heydər Əliyev ölkəmiz üçün, xalqımız və dövlətimiz üçün sözün əsl mənasında ölüm-qalım məsələsinin həll edildiyi həmin dövrdə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan ya bir dövlət kimi artıq mövcud deyildi, ya da ən yaxşı halda böyük dövlətlərin əlinin altında marionet bir dövlət kimi yarımmüstəmləkə həyatını yaşayırdı.Lakin bunların heç biri baş vermədi. Xalqın təkidi və tələbilə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin səyləri ilə 1993-2003-cü illər Azərbaycanın tam müstəqil dövlət kimi formalaşması üçün həlledici illər oldu. Həmin dövrdə dövlətçiliyin əsasları qoyuldu, Konstitusiya qəbul edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yaradıldı. Ölkə beynəlxalq təcriddən çıxdı. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı və ölkəmizə böyük investisiyalar cəlb edildi. Məhz həmin illərdə ordu quruculuğuna start verildi. Bütün bu başlanğıclar isə son 18 il ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi və nəticədə Azərbaycan bu gün siyasi və iqtisadi baxımdan tam müstəqil, öz ərazi bütövlüyün öz gücünə bərpa etmiş, regionda şəriksiz lider mövqelərini inamla özündə saxlayan, yüksək beynəlxalq nüfuza sahib olan güclü və suveren bir dövlət kimi beynəlxalq aləmdə özünü təsdiq etmişdir.

Birmənalı olaraq demək lazımdır ki, Yeni Azərbaycan Partiyasının 05 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayı ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımında müstəna əhəmiyyət kəsb edən bir siyasi hadisə oldu. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ölkədə siyasi dialoqun daha da möhkəmləndirilməsi, iqtisadi sahədə antiinhisar siyasətinin gücləndirilməsi və xarici siyasət sahəsində ölkəmizin maraqlarına cavab verən əməkdaşlıq kursunun davam etdirilməsi kimi prioritetlər barədə söylədiyi fikirlər bizim gələcək inkişaf proqramlarımız üçün baza platformaları olacaq.

YAP-ın VII qurultayını əlamətdar edən mühüm faktorlardan biri də əlbəttə ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə ilə sona çatdırması idi. Bu tarixi Qələbə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı. Əlbəttə ki, bu reallıqlar region və ölkəmiz üçün olduğu kimi, Yeni Azərbaycan Partiyası üçün də yeni çağırışlar yaratdı. Məhz bu baxımdan YAP-ın VII qurultayı ilk növbədə müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsinin təsdiq olunması, eləcə də yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyasının partiyanın orqanları qismində müəyyən edilməsi, Partiya Sədrinin birinci müavini vəzifəsinin təsis edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğunun təsbit edilməsi ilə partiyanın fəaliyyətində və idarə olunmasında mütərəqqi yeniliklərin tətbiqinə zəmin yaratmış oldu. Həmin tarixi gündən sonra keçmiş bir ərzində gedən proseslərin təhlili də göstərir ki, YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar Partiyamızın fəaliyyətinin effektivliyinin artmasına və bu fəaliyyətin xalqın və dövlətin maraqlarına daha səmərəli xidmət etməsinə ciddi zəmin yaratmışdır. Qurultaydan sonra Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. İnkaredilməz həqiqətdir ki, Mehriban xanım Əliyeva hər zaman milli maraqları üstün tutaraq xalqa və dövlətə ləyaqətlə xidmət edib, vətəndaş məmnunluğunun artmasına, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən mühüm təşəbbüslərlə çıxış edib.

Bir məqamı da qeyd etmək lazımdır ki, ötən il 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmasını da dövlət başçısı tərəfindən həyata keçirilən mütərəqqi siyasi islahatların bir nəticəsi və eyni zamanda da hakim partiyaya qarşı olan inam və etimad göstəricisi oldu. Aydındır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti və bu zəmində formalaşmış və son dövrlərdə daha da güclənmiş milli birlik Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini təmin edən əsas amillərdəndir. Artıq 2019-cu ildə partiyaların böyük əksəriyyəti dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. Diqqətəlayiq haldır ki, müharibədən əvvəl başlamış bu siyasi dialoq müharibə dövründə daha da gücləndi. Bu gün də ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir. Ölkə Prezidentinin dediyi kimi, müharibədən əvvəl artıq ölkəmizdə yeni, müsbət bir siyasi iqlim yaranmışdı. Ölkədə siyasi qüvvələr arasında sağlam dialoqun qurulmasına xidmət edən mütərəqqi siyasi islahatların keçirilməsi əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər qurmasına yol açmışdır. Təbii ki, bu zəmində həmin partiyalar arasında bir çox məsələlərdə və ilk növbədə ümummilli maraqlara bağlı məsələlərdə vahid baxış və mövqelərin formalaşması tamamilə məntiqə uyğun bir haldır. O cümlədən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiyasının bariz nümunəsi, dövlət başçısının “Biz birlikdə güclüyük!” konsepsiyasının əsl ümumxalq ideologiyasına çevrilməsinin əsaslı sübutudur.

Məhəmməd Balaqadaşov,
YAP Xaçmaz rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə