Mobil versiya
Maarif köklərindən 120 illik bəhrəyə: “Füyuzat”
Tarix: 31-10-2026 | Saat: 21:30
Bölmə:Media | çapa göndər

Maarif köklərindən 120 illik bəhrəyə: “Füyuzat”

Keçmişdən gələcəyə uzanan körpü sayılan ailə ağacı bir nəslin canlı yaddaşdır. Ancaq elə ağaclar var ki, onun kökləri təkcə bir soya mənsub olmur. Köklərində bütöv bir millətin mənəvi, ideoloji və mədəni varlığını özündə yaşadır. “Həyat Füyuzatdır” demirik, “Həyat Füyuzata meyildir” deyirik” işığında kök salan “Füyuzat” kimi.

Bu möhtəşəm ağacın ilk ideya toxumu “Həyat”ın səhifəsində feyz tapır:

“Həyat” qəzetinin 1906-cı il sentyabrın 3-ü çap olunan sonuncu nömrəsində belə bir elan yerləşdirilir: “Həyat qəzetəsi bu gündən etibarən tətil etdiyi üçün yerinə “Füyuzat” namlı həftəlik məcmuə intişara başlayacaqdır”.

Beləliklə, 1906-cı il noyabrın 1-də o toxum “Füyuzat” adlı uca bir ağaca çevrilərək boy atmağa başlayır. Bu maarif ağacının bağbanı isə mürəkkəbində “Həyat və meyli-füyuzat” sədası yaşayan Əli bəy Hüseynzadə olur. Milli istiqlal məfkurəsinin carçısı olan bağbanla bərabər, bu ağacın maddi və mənəvi dayaq olaraq qol-budaq açmasına imkan yaradan Hacı Zeynalabdin Tağıyev də bu maarif bağında böyük sayğı ilə xatırlanır.

Mütərəqqi və milli amala sahib Əli bəy Hüseynzadə bu maarif bağında tək deyildi. Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Abdulla Cövdət, Səid Səlmasi, İsmayıl bəy Qaspıralı və Həsən Səbri Ayvazov kimi ziyalılar hər biri bu uca ağacın bir budağına çevrildilər. Onların sözü, fikri və mənəvi gücü bu ağacın köklərinə həyat suyu kimi axdı, bağbanı zamanın qasırğalarında yalnız qoymadı.

“Füyuzat” əsarət və assimilyasiya səhrasında milli varlığın və hürriyyət nəfəsinin kök atması idi. O, Azərbaycan dövlətçiliyinin təməlini bərkidən, insanlarımızın öz milli kimliyini tanımasında, maarif və mədəniyyətimizin gövdə tutmasında, ən əsası türklük və turançılıq ideologiyasının bir ruh kimi cücərib boy atmasında ən dərin mənəvi təmələ çevrildi.
Məhz buna görə də bu torpağı əbədi qaranlıqda və asılılıqda saxlamaq istəyən imperiya küləkləri “Füyuzat”ın kök salmasını, qol-budaq açmasını özü üçün böyük təhdid saydı. Bu maarif ağacının köklərindən qidalanan milli azadlıq və oyanış ideyalarının cəmiyyətə yayılmasından hürkən imperiya siyasəti sərt addımlar ataraq 1907-ci il noyabrın 1-də – elə “Füyuzat”ın maarif toxumları ilə kök saldığı gündə onun gövdəsinə amansız zərbə vurdu, dərginin fəaliyyətini qadağan etdi.

Bir il ərzində işıq üzü görən cəmi 32 nömrə... Bu zamanın gedişində qısa bir an kimi görünsə də, əslində, əsrlərə bərabər “füyuzatçılıq” ədəbi məktəbinin ilk dərin kökləridir. “Füyuzat”ın fəaliyyəti dayandırılsa da, o 32 nömrənin torpağa saldığı köklər qurumadı; ideyaları boy atmağa, yeni nəsillərin yaddaşında yaşamağa və yayılmağa davam etdi.
MİMTA-nın işığında yenidən boy atan “Füyuzat”ın yaşıl budaqları

Kəsilən hər budaq torpağın altında daha dərin kök saldı, susdurulan hər səs yeni bir fəslin müjdəsçisi oldu. Vətənin ziyalı övladları sayəsində o nurlu söz və iz unutdurulmadı, maarif toxumları illər sonra yenidən feyz tapıb cücərdi. 2007-ci il yanvarın 7-də “Türki hissiyyatlı, İslam etiqadlı, Avropa qiyafəli” o maarif ağacı yüz ildən sonra yenidən ən ümdə, müqəddəs amalla dirçələrək öz işıqlı yoluna davam etdi. Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu və ustad jurnalist Teymur Əhmədov milli irs, milli duyğu ilə yoğrulmuş bu dəyərli əmanətin etibarlı varislərinə çevrildilər. Bu gün dərginin baş redaktoru Loğman Məmmədov Əli bəy Hüseynzadə ocağının maarif işığını eyni sədaqətlə qoruyur, o uca çətirin altında füyuzatçılıq ənənələrini yaşatmağa davam edir. Beləliklə, müasir “Füyuzat” əsrlik ənənələri yaşadan uca bir çətir kimi o şərəfli irsin layiqli davamçısı kimi yenidən eyni mənəvi kök üzərində boy atmaqdadır.
Artıq o köklü ağacın yaşıl budaqları zaman keçdikcə təkcə öz torpağına kölgə salmaqla kifayətlənmir, sərhədləri aşaraq geniş bir coğrafiyaya uzanır. “Füyuzat” dərgisi bu gün müxtəlif beynəlxalq kitab sərgilərində, mühüm mədəniyyət platformalarında ölkəmizi şərəflə təmsil edir, səhifələrində daşıdığı milli ruhu və zəngin irsi dünyaya tanıdır. Dərginin müəllifləri və yazarları isə beynəlxalq meydanlarda, nüfuzlu tribuna və simpoziumlarda Azərbaycanın, eləcə də bütöv Türk dünyasının haqq səsini, mədəniyyətini və elmi düşüncəsini inamla dilə gətirirlər.
İllər öncə bu torpaqda mənəvi kök salan “Füyuzat” ədəbi mühitdə öz zəngin bəhrəsini verir. Bu gün noyabrda ilk tumurcuğunu açan o uca maarif ağacının 120-ci baharı – 120 illik şərəfli ömrü qeyd olunur. Zaman ötsə, fəsillər dəyişsə də, kökü milli-mənəvi bağlardan qidalanan ağac heç vaxt barını əskik etməz…

Bir sözlə, böyüklərin əkdiyi ağacın meyvəsi “Füyuzat” olar!..”

Müəllif: Günel Natiqqızı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2026