Mobil versiya
Vaqif Abbasov: “Mehriban xanım Əliyevanın ən böyük mükafatı Azərbaycan xalqının rəğbəti və sevgisidir”
Tarix: 21-02-2022 | Saat: 09:00
Bölmə:Gündəm | çapa göndər

Vaqif Abbasov: “Mehriban xanım Əliyevanın ən böyük mükafatı Azərbaycan xalqının rəğbəti və sevgisidir”

2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə əsasən ölkədə Birinci vitse-prezidentlik institutunun yaradılması ölkəmizdə dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən ən mühüm addımlardan biri oldu. Yeni təsisatın yaradılması Prezident İlham Əliyevin islahatlar kursunun daha bir təzahürü və eyni zamanda da Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlaməti oldu. Birinci vitse-prezidentlik institutu Azərbaycanda idarəetmənin səmərəliliyini və çevikliyini bir qədər də artırdı. Birmənalı olaraq demək lazımdır ki, Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixində baş vermiş ən mühüm hadisələrdən biridir.

Bunu mətbuata verdiyi açıqlamasında akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, kimya üzrə elmlər doktoru, akademik Vaqif Abbasov deyib.

Akademik Vaqif Abbasov ilk növbədə qeyd edib ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətinin prioritet istiqamətlərindən biri həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaqdır: “Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir. O cümlədən Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır, onların qayğısına qalır. Azərbaycanın Birinci vitse-prezidentinin rəhbərlik etdiyi Fond bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Fondun dəstəyi ilə Vətən müharibəsində ağır yaralanan bir neçə qazimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib. Qazi və şəhid ailələrinin problemlərinin həlli hər zaman diqqətdə olmuşdur. Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı bu insanlar üçün böyük önəm kəsb edir. Həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrinin və Qarabağ qazilərinin, eləcə də onların ailə üzvlərinin sosial təminatının gücləndirilməsi ilə bağlı mühüm işlər uğurla davam etdirilir, bu sahədə sistemli və kompleks tədbirlər həyata keçirilir. Bütün bunlar bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissəsidir. Bu siyasətin effektiv şəkildə həyata keçirilməsində də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusi önəm kəsb edir.”

Daha sonra Vaqif Abbasov bildirib ki, ötən illər ərzində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan və Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər sayəsində ölkəmizin nüfuzu daha da artmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən tədbirlər Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirib: “Azərbaycan və dünya ictimaiyyəti 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Həmçinin, Mehriban xanım Əliyevanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir. Azərbaycan cəmiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin təşkilat komitələrinin rəhbəri kimi fəaliyyətində Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlülüyünün dəfələrlə şahidi olub. Azərbaycanın Birinci vitse-prezidenti siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən hər zaman böyük məharətlə gəlib. Mehriban xanım Əliyevanın fəaliyyəti ölkənin “Yumşaq güc” siyasətinin təcəssümüdür. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu isə uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır”, – deyə Vaqif Abbasov bildirib.

Daha sonra akademin V.Abbasov Azərbaycanı dünyaya tanıtdırmış mədəni layihələrdən danışaraq bunları deyib: “Qeyd etmək lazımdır ki, Ölkənin Birinci vitse-prezidentinin təşəbbüsü ilə Azərbaycanın maddi və qeyri-maddi irsinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün indiyədək yüzlərlə təqdimatlar, sərgilər və tədbirlər keçirilmişdir. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa və öyrənməyə başlamışdır. Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, yazıçı Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin və dramaturq İlyas Əfəndiyevin 100 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilmişdir. Həmçinin Azərbaycanın milli sərvəti olan muğam sənətinin beynəlxalq arenaya çıxarılması da məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Bundan başqa Birinci vitse-prezidentin rəhbərliyi ilə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirmişdir. Eyni zamanda Fond Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanmışdır. Birmənalı olaraq deyə bilərik ki, Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Ölkə Prezidenti cənab İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır. Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Partiyanın Sədri cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın misilsiz fəaliyyəti həm ölkə rəhbərliyi, həm də xarici dövlətlər tərəfindən yüksək dəyərləndirilmişdir. Birinci vitse-prezident Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Xarici ölkələrin ali dövlət mükafatları sırasında xüsusi olaraq Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatını qeyd etmək olar. Mehriban xanım Əliyeva, eyni zamanda, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilmişdir. Əlbəttə ki, çoxşaxəli fəaliyyətə görə təqdim olunmuş bu təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır. Beynəlxalq ictimaiyyət Birinci vitse-prezident Mehriban xanım Əliyevanı dünyanın ən nüfuzlu qadın siyasətçilərindən biri kimi səciyyələndirir. Mehriban xanım Əliyeva uzun illər ərzində çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar ilə təltif olunmuşdur, ancaq onun ən böyük mükafatı Azərbaycan xalqının rəğbəti və sevgisidir” – deyə Vaqif Abbasov öz fikirlərini tamamlamışdır.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024