Mobil versiya
Mehman Soltanov: “Ağdamlılar tezliklə yenidən qurulmuş müasir və abad rayonlarına geri dönəcəklər”
Tarix: 16-02-2022 | Saat: 09:30
Bölmə:Gündəm | çapa göndər

Mehman Soltanov: “Ağdamlılar tezliklə yenidən qurulmuş müasir və abad rayonlarına geri dönəcəklər”

“Bu gün işğaldan azad olunmuş rayon və bölgələrimizin istər iqtisadi inkişafı, istərsə də mənəvi dirçəlişi üçün dövlətimiz tərəfindən bütün lazımi tədbirlər görülür, bu istiqamətdə məqsədyönlü addımlar atılır. O cümlədən, Azərbaycanın tarixi Qələbəsilə başa çatmış Vətən müharibəsinin bitdiyi gündən ötən dövr ərzində işğaldan azad olunmuş bütün digər ərazilərimiz kimi, Ağdamın da gələcək inkişafı ilə bağlı böyük işlər görülüb. Qısa müddət ərzində reallaşdırılan layihələr ən yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq. Ağdam sürətlə yenidən qurulur və artıq çox az müddətdən sonra bir zamanlar erməni işğalçıları tərəfindən öz dədə-baba yurdlarından qovulmuş soydaşlarımız bu torpaqlara daimi yaşamaq üçün geri dönəcəklər. Bu gün Ağdam rayonunun bərpası ilə bağlı həyata keçirilən kompleks tədbirlərin miqyası və əhatəliliyi bunu deməyə əsas verir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəis müavini Mehman Soltanov deyib.

Müsahibimiz qeyd edib ki, Prezident İlham Əliyevin fevral ayının 13-də Ağdama səfəri çərçivəsində açılışını etdiyi müəssisələr və təməlini qoyduğu obyektlər rayonun yenidən dirçəlməsinə misilsiz töhfədir: “Möhtərəm dövlət başçımızın rayon və bölgələrə etdiyi bütün digər səfərləri kimi, Ağdama bu səfəri də bir çox önəmli açılışlar və təməlqoyma mərasimləri ilə əlamətdar oldu. İlk növbədə səfər çərçivəsində Ölkə Prezidenti Ağdam şəhərində sənaye parkının iki yeni müəssisəsinin təməlini qoydu. Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Lakin məhz yerli sahibkarlar bu istiqamətdə fəallıqlarını daha da artırmalıdırlar. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanın iş adamları Ağdam və azad edilmiş bütün digər ərazilərə sərmayə qoymalı və müasir layihələri reallaşdırmalıdırlar. Bu gün Azərbaycanda biznes üçün, sahibkarlıq fəaliyyəti üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Bütün bunlar yerli istehsalın inkişafına təkan vermək və bununla da bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişini, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafın sürətləndirmək məqsədinə xidmət edir.”

Daha sonra Mehman Soltanov bildirib ki, bu gün Qarabağda yerli və beynəlxalq turizmin inkişf etdirilməsi üçün əhəmiyyətli işlər görülür və Ağdamda yeni mehmanxananın inşasına başlanması da bu işlərin bir hissəsidir: “Məlum olduğu kimi, son illər Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülüb. Ölkəmiz bütün dünyada getdikcə daha çox sevilən beynəlxalq turizm məkanlarından birinə çevrilməkdədir. Lakin ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ bölgəsi işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. Bu gün isə Müzəffər Ali Baş Komandanın qətiyyəti və Şanlı Ordumuzun rəşadəti sayəsində artıq işğaldan azad edilmiş bu torpaqlarda bir çox digər sahələr kimi, turizmin inkişaf etdirilməsi üçün də məqsədyönlü addımlar atılır, irimiqyaslı layihələrə start verilir. O cümlədən Ağdama səfəri çərçivəsində Prezident İlham Əliyev burada “Park Forest Otel Ağdam” mehmanxanasının təməlini qoydu. Ağdam rayonunda ən müasir standartlara cavab verən mehmanxananın inşası birmənalı olaraq bütün bölgənin turizm potensialının inkişafına mühüm töhfə olacaq. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti göstəricisidir.”

Sonda Mehman Soltanov Ağdamda görülən işlərin Azərbaycanın öz vəsaiti hesabına həyata keçirilməsinin olduqca əhəmiyyətli amil olduğunu vurğulayaraq bunları deyib: “Öz çıxışında Prezident İlham Əliyev belə bir əhəmiyyətli məqamı da xüusi lə vurğuladı ki, bu gün Ağdam rayonunda görülən bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır. İcra olunan layihələr onu göstərir ki, bütün maliyyə və texniki imkanları, habelə kadr potensialı peşəkar şəkildə səfərbər olunubdur. O cümlədən 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş Ağdam Cümə məscidinin bərpa-restavrasiya işləri Heydər Əliyev Fondu tərəfindən aparılır. Qeyd edək ki, bu məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir. Ağdam Cümə məscidinin bərpa işlərinə artıq başlanıb, bütün tədqiqatlar aparılıb və mart ayından başlayaraq məscidin həm daxilində, həm çöl hissəsində təmir-bərpa işlərinə start veriləcək. Öz çıxışında Prezident İlham Əliyev bir daha vurğuladı ki, işğaldan azad olunmuş ərazilərimizdə bütün tarixi və dini abidələr bərpa olunacaqdır. Həmin torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi də artıq başlamışdır. Diqqətəlayiq faktdır ki, tarixi və dini abidələrin bərpa olunması işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür. İşğaldan azad olunmuş ərazilərdə görülən işlər Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Əminliklə demək olar ki, artıq tezliklə bütün ağdamlılar yenidən qurulmuş müasir və abad rayonlarına geri dönəcəklər”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024