Mobil versiya
Bağdadi İmam: Azərbaycan xalqının öz Prezidentinə göstərdiyi ən yüksək etimad torpaqların işğaldan azad olunmasını təmin edib
Tarix: 18-10-2021 | Saat: 10:32
Bölmə:Gündəm | çapa göndər

Bağdadi İmam: Azərbaycan xalqının öz Prezidentinə göstərdiyi ən yüksək etimad torpaqların işğaldan azad olunmasını təmin edib

Azərbaycan xalqının öz Prezidentinə göstərdiyi ən yüksək etimad 44 günlük müharibədə torpaqların işğaldan azad olunmasını və ərazi bütövlüyünün bərpasını təmin edib. Hakimiyyətə gəldiyi gündən etibarən öz ölkəsinin iqtisadi gücünün artırılması, ordu quruculuğu, beynəlxalq aləmdə dəstəyə nail olunması istiqamətində ardıcıl siyasət yürüdən Prezident İlham Əliyev məhz lazım olan məqamda taleyüklü qərar qəbul etdi və qısa müddətdə işğalçı Ermənistanın ordusunu Azərbaycanın əzəli torpaqlarından qovmağa nail oldu.

Bu fikirləri Misirin Ali Təhsil Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinin baş direktoru, 2006-2009-cu illərdə Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri vəzifəsində çalışmış Bağdadi İmam AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.

Misirli ictimai xadim deyib: “Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi uğrunda apardığı müharibədə inamlı Qələbəsinin bir ili tamam olur. Bu prosesləri yaxından izləyən, Bakıda çalışmış bir insan kimi deyə bilərəm ki, rəsmi Bakı 28 ilə yaxın müddətdə münaqişənin sülh yolu ilə həllinə səy göstərdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kobudcasına pozulması, Ermənistan tərəfindən işğal və etnik təmizləmə siyasətinin davam etməsi, 1994-cü ildə əldə olunmuş atəşkəs rejiminin tez-tez pozulması faktlarına baxmayaraq, Azərbaycan rəhbərliyi qan tökülməsini, yeni müharibənin başlanmasını istəmirdi. Lakin ermənilər qəsb etdiklərini geri qaytarmaq fikrində deyildilər və ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqları bilərəkdən pozurdular. Axı necə ola bilər ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdən imtina edəsən və qonşu ölkənin torpaqlarını nümayişkaranə şəkildə işğal altında saxlayıb qarət edəsən, viran qoyasan. Nəhayət, Azərbaycan xalqının səbir kasası doldu və öz torpaqlarını müharibə yolu ilə qaytarmaqdan başqa çarəsi qalmadı. Ötən il Ermənistanın ard-arda baş verən hərbi təxribatları, Azərbaycan hərbçilərinin şəhid olması və mülki şəxslərin qətlə yetirilməsi müharibəni başladan qığılcım oldu. Həmin il sentyabrın 27-də əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu Ermənistanın işğalına son qoydu. Beləliklə, Qarabağ torpağı əsl sahibinə qayıtdı. Kapitulyasiya sənədi imzalamağa məcbur olan Ermənistan daha 3 rayonu da döyüşsüz qaytarmalı oldu. Prezidentinə və Ordusuna güvənən Azərbaycan xalqı ilahi ədaləti bərpa etdi. Qələbə bütün dünyada, o cümlədən Misirdə Azərbaycanın dostlarını sevindirdi. Beləliklə, Prezident İlham Əliyev və dost Azərbaycan xalqı dünya tarixi səhifələrinə şanlı Zəfər dastanı yazdı”.

B.İmam daha sonra əlavə edib: “Müharibə günlərində Qahirədəki Azərbaycan səfirliyinin həqiqətləri Misir ictimaiyyətinə, parlament üzvlərinə çatdırılması ilə bağlı fəaliyyəti təqdirəlayiqdir. Erməni yalanlarının ifşa edilməsi istiqamətində Misirin tanınmış jurnalistləri ilə də sıx əməkdaşlıq edildi. İndi Qarabağ azaddır və Azərbaycan qalib ölkə kimi Cənubi Qafqaz regionunda yeni reallıq yaradıb, öz mövqeyini daha da möhkəmlədib. Azərbaycanda çalışdığım zaman Naxçıvana səfərlər etmişəm və həmin bölgəyə yalnız hava yolu ilə gedə bilirdik. Əminəm ki, yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılması Bakı ilə Naxçıvan arasında quru yolu ilə nəqliyyatı da bərpa edəcək. Sevinirəm ki, hazırda işğaldan azad olunmuş ərazilərdə infrastruktur obyektləri bərpa edilir, hava limanları inşa olunur, məscidlər, məktəblər, xəstəxanalar tikilir. Füsunkar təbiəti olan Qarabağ torpağı ən yaxın gələcəkdə beynəlxalq turizm mərkəzinə çevriləcək. Azərbaycan xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıram!”.

Oqtay Bayramov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024