AZ RU Mobil versiya
Oktay Abdullayev: “Azərbaycan öz tarixi Qələbəsinə doğru ilk böyük addımını məhz 2003-cü ildə atdı”
Tarix: 14-10-2021 | Saat: 17:00
Bölmə:Gündəm | çapa göndər

Oktay Abdullayev: “Azərbaycan öz tarixi Qələbəsinə doğru ilk böyük addımını məhz  2003-cü ildə atdı”

“2003-cü ilin 15 oktyabr seçkilərində Azərbaycan xalqı bir daha öz iradəsini ortaya qoymaqla Heydər Əliyev siyasi kursunun ölkəmizi firavan gələcəyə aparan yeganə yol olduğunu və bu yola yalnız və yalnız Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etmək istəyini aşkar şəkildə bəyan etdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev haqqında ulu öndər Heydər Əliyevin söylədiyi fikir: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” – ifadəsi uzun illər sonra Azərbaycanın yüksəldiyi bu zirvələr, əldə olunmuş tarixi Qələbəmiz və torpaqlarımızın işğaldan azad edilməsi ilə öz təsdiqini tapdı.”

Bu sözləri saytımıza verdiyi açıqlamada Xızı rayon Təhsil şöbəsinin müdiri, Azərbaycan Respublikasının “Əməkdar müəllimi”, YAP Xızı rayon təşkilatı İdarə Heyətinin üzvü Oktay Abdullayev deyib.

Hakim partiyanın təmsilçisi qeyd edib ki, xalqımızın 1993-cü ildə olduğu kimi, 2003-cü ildə də ən doğru seçim etdiyini tarix özü bu günkü qələbələrimizlə isbatlayıb: “Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içdi və həmin gündən başlayaraq ölkədə mükəmməl bir sosial-iqtisadi inkişafa start verildi. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən İlham Əliyev ən qısa zamanda həmin tezisin reallaşmasına nail oldu. Tezliklə ölkənin yeni rəhbəri ümumxalq etimadı qazandı. Əfv fərmanları və amnistiya aktları, insan hüquqlarının daha geniş şəkildə qorunması, seçki təcrübəsinin təkmilləşdirilməsi və digər addımlar Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı bir sıra fərman və sərəncamlarla sübut etdi ki, bu istiqamətdə aydın, geniş və ölçülüb-biçilmiş fəaliyyət proqramına malikdir. Bu proqrama uyğun olaraq ilk növbədə əhalinin sosial durumu diqqət mərkəzində saxlanıldı, minimum əmək haqqı və pensiyalar artırıldı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldilməsi, mövqelərinin möhkəmləndirilməsi, əlaqələrinin daha da genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası məhz 2003-cü ildən qoyuldu. İqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edildi. Ölkədə sosial-iqtisadi tərəqqinin davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyuldu.”

Daha sonra Oktay Abdullayev Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin də birbaşa Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq ardıcıl surətdə həyata keçirdiyi möhtəşəm hazırlıq işlərinin nəticəsi olduğunu vurğulayıb: “Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizin 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edildiyi bu gün artıq heç kimdə şübhə doğurmur. Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor məhz ölkəmizdə xüsusilə müharibəyə qədər keçmiş 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf amilidir. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Bütün bu dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. Az qala bütün dünya deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Hətta beynəlxalq təşkilatlar çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi buna yol vermədi. 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. Bu, həqiqətən də əsl tarixi nailiyyətdir. Xalqımızın çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə hələ əldə olunmamışdı. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında bir Dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti bu gün də durmadan yüksəlir, maddi-texniki bazası möhkəmləndirilir.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

11236 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2021
25-11-2021