Mobil versiya
Dövlət qulluqçusuna qarşı qarayaxma kampaniyası aparmaq kimlərin marağındadır?
Tarix: 12-10-2021 | Saat: 10:01
Bölmə:Gündəm | çapa göndər

Dövlət qulluqçusuna qarşı qarayaxma kampaniyası aparmaq kimlərin marağındadır?

Şübhə yox ki, tezliklə ictimai rəy “it hürən” deyil, “işıq gələn” tərəfə yönələcək

Dövlət qulluğunun başlıca funksiyası, onun mahiyyəti - dövlətə qulluq etmək, dövlət və cəmiyyət, dövlət və onun vətəndaşları arasında dayanıqlı əlaqəni yaratmaq, öz fəaliyyətində əməli surətdə demokratik prinsipləri realizə etmək, vətəndaş cəmiyyətinin genişləndirilməsinə şərait yaratmaqdır.

Dövlət qulluqçularının hazırlıq səviyyəsinin və iş keyfiyyətlərinin yüksək olması çox vacibdir. Yalnız yüksək peşəkarlıqla, dərin biliklə, kreativ düşüncə tərzi ilə, ən başlıcası vətənə, xalqa, dövlətə sədaqət hissi ilə bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür. Dövlət qulluqçularının müsbət imici xalqın dövlətə münasibətinin formalaşmasında mühüm rol oynayır.

Gəlin razılaşaq ki, dövlət qulluqçusunun qarşısına qoyulan bütün bu tələblərə cavab verən kadrların qədri bilinməli, onların müsbət imicinə ziyan vuracaq hər hansı haqsız iddiaların, şər-böhtanın qarşısını almaq bütün cəmiyyətin marağında olmalıdır. Xüsusilə belə məsələlərdə kütləvi informasiya vasitələri ehtiyatlı, həssas olmalı, yetərincə dəqiqləşdirilməmiş məlumatları dövriyyəyə buraxmamalıdırlar.

Amma çox təəssüf ki, Azərbaycanın informasiya məkanında müşahidə olunan “sensasiya” dalınca qaçmaq kimi mənfi tendensiya hərdən hətta nümunəvi dövlət qulluqçularının da nüfuzuna xələl gətirir. Müasir Azərbaycan reallığında pis şayiələrin nişangahına tuş gəlmiş təmiz adamlar, tərəqqipərvər vətəndaşlar, vicdanlı dövlət qulluqçuları, hökumət məmurları az deyildir. Ölkəmizdə yaranmış söz azadlığından sui-istifadə edənlər hədəf seçdiklərinin barəsində hədyan, böhtan yayır, bu yolla öz cılız məqsədlərinə çatmaq istəyirlər. Vəzifəli şəxsin haqqında yayılmış mənfi informasiyanın yalan olduğu sübuta yetirildiyi təqdirdə belə, yenə də təsirsiz ötüşmür. Onun barəsində ictimai fikir haçalanır, kimsə “ocaq yanmasa, tüstü çıxmaz” – atalar sözünü yada salır və s.

Haqqında söz açdığımız perspektivli dövlət qulluqçusu, Ağcabədi RİH-nin Hüquq Şöbəsinin müdiri Hüseynov Hafiz Ədalət oğlu orta məktəbi fərqlənmə ilə bitirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. Hal-hazırda Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır. Hafiz müəllim çalışdığı kollektivin üzvlərinə, eləcə də rəhbərlik etdiyi şöbəyə müraciət edən vətəndaşlara münasibətdə tutduğu obyektiv mövqe, müxtəlif məsələlərin həllində ədalətli yanaşma tərzi insanları cəlb edir. Ona sualla müraciət edənləri məmnunluq hissi ilə csavablandırması, həmin suala verdiyi şərhi, fikirlərinin sərrastlığı, məzmunluluğu, əhatəliliyi heyranlıq doğurur. O, hörmət-izzəti tutduğu vəzifəyə görə qazanmayıb. Əksinə, həmişə tutduğu vəzifəyə hörmət qazandırıb.Prinsipial, özü, sözü, xarakteri bütöv olan Hafiz müəllim xeyirxah işlərdə nə qədər səxavətlidirsə, hansısa bir haqsız işə, qeyri-obyektiv qəbul edilmiş qərara qarşı eyni qədər barışmaz və dönməzdir.

Təmiz ad çox qiymətlidir, onu qazanmaq üçün insanın Hafiz Hüseynovun malik olduğu kimi yüksək məziyyətləri olmalıdır. Əgər onu daşıyan adamın özü və ətrafı yüksək səviyyəlidirsə, təmiz ad – san rəğbət oyadır və həmin şəxsi əzəmət şəfəqinə bürüyür. Bu şəfəqin şüaları çoxlarının gözünü qamaşdıra bilər.

Bir ay öncə Ağcabədi rayonunun Avşar kənd sakini, 1986-cı il təvəllüdlü Şirinov Vətən Pöhrüz oğlu qonşusu ilə aralarında baş vermiş mübahisədən dolayı Hafiz müəllimin barəsində yuxarı instansiyalara və KİV-ə həqiqətdən uzaq məlumatlar vermişdir. Yol problemi ilə əlaqədar mübahisə vəziyyətində olduğu həmkəndlisi Fazil Rəhimovun el içində Hafiz Hüseynova arxalandığını deməsi Vətən Şirinovda yanlış fikir formalaşdırmış və o, əsəbləşərək bu barədə, üstəlik, Hüseynovun guya vətəndaşlara saxta COVİD-19 pasportlarının verilməsində əlinin olması haqda yalan məlumatlar yaymışdır.

Çox keçmədən səhvini başa düşən Vətən Şirinov şikayət etmiş olduğu adresatlara – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, baş prokuror cənab Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə yenidən müraciət edərək, tutduğu əməlindən peşiman olduğunu bildirmişdir. V.Şirinov eyni zamanda H.Hüseynov barəsində verdiyi yanlış məlumatları dəqiqləşdirmədən yayan sayt rəhbərliyinə də məktub yazaraq, həmin informasiyanı təkzib etdiyini bildirmiş, əvvəlki yazının internet resurslarından silinməsini, hazırki mövqeyinin paylaşılmasını xahiş etmişdir. Buna baxmayaraq, sayt rəhbərliyi hərəkətsizlik göstərərək, hansısa başqa maraqlar naminə onun xahişini yerinə yetirməmişdir. Təbii ki, belə olan halda vəzifəli şəxsə şər-böhtan atmağın bütün məsuliyyəti KİV orqanının üzərinə düşür. Haqlı olaraq belə bir sual doğur: Media orqanının rəhbərliyi hansı korporativ maraqlar naminə, kimlərin təkidi ilə bütün bu məsuliyyətin altına girərək, özünün yol vermiş olduğu yanlışlığı (yumşaq ifadədir – müəllif.) düzəltməyə tələsmir, yəqin ki mümkün qədər çox oxucunun nəzərini cəlb etsin deyə həmin hədyan məlumatın internet resurslarından çıxarılmasını yubadır? Bəlkə kimlərdənsə aldığı sifarişi - dövlət qulluqçusunu məqsədli şəkildə ləkələmək öhdəliyini yerinə yetirir?

“Tələsmir”, “yubadır” ifadələrini ona görə işlədirik ki, bizim çəkdiyimiz misalda kütləvi informasiya vasitəsinin lazım gəldiyi təqdirdə tələsməyə, məsələni yubatmamağa məcbur edilməsi, həmçinin məsuliyyətə cəlb olunması zamanla həll olunası məsələdir və buna nail olmaq üçün hüquqşünas H.Hüseynovun məhkəməyə müraciət etməsi yetərlidir. Hətta bəlkə də daha məqsədəuyğun olar ki, əvvəlcə bu məsələni hüquq-mühafizə, cinayət təqibi orqanları təhqiq etsinlər. Lakin məgər pis olarmı ki, V.Şirinov səhvini boynuna aldığı kimi, onun səhvini tirajlayan KİV orqanı da öz xoşu ilə adekvat addım atsın? Onsuz da sağlam düşüncəsi olan heç kəs inanmaz ki, İcra Halkimiyyətinin hüquqşünası birbaşa vəzifə səlahiyyətinə aid olmayan işi görə (saxta COVİD-19 pasportu paylaya – müəllif.) bilər. Şübhə yoxdur ki, tezliklə ictimai rəy necə deyərlər, “it hürən” deyil, “işıq gələn” tərəfə yönələcək.

Ceyhun Rüstəmov

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024