Mobil versiya
Tarixi zərurət və xalqın istəyi
Tarix: 06-10-2021 | Saat: 16:52
Bölmə:Gündəm | çapa göndər

Tarixi zərurət və xalqın istəyi

28 il öncə, oktyabr ayının 3-də Ümummilli Liderimiz Heydər Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur.

1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır.

Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri Heydər Əliyevi dəvət etdi. Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar qrupu Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını aldı.

Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.

Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi.

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır.

Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edən Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. O, dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.

Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına güclü stimul vermişdi. O, qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissəsi olmuşdur.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.

Bu gün isə Ulu Öndərdən başlanılan Böyük yol onun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ən başlıcası Heydər Əliyev irsi, dahi rəhbərin ölməz ideyaları insanların şüuruna möhkəm həkk edilib. Bu gün hər birimiz yaxşı bilirik ki, Ulu Öndərimizin ideyalarına sadiq olmaqla müstəqilliyimizin daha da möhkəmlənməsinə dəyərli töhfəmizi əsirgəmirik. Azərbaycan bütün sahələrdə inkişaf edir, beynəlxalq layihələrin iştirakçısıdır, möhkəm siyasi və hüquqi dövlətçilik strategiyasına malikdir. 2016-cı ilin aprelin əvvəllərində düşmənin cəbhə xəttindəki təxribatlarının qarşısının alınmasında, bir neçə vacib yüksəkliyin işğaldan azad edilməsində, nəhayət, 30 illik torpaq həsrətinə Prezident İlham Əliyevin apardığı «Dəmir siyasəti» ilə Güclü Azərbaycan ordusunun igid əsgər və zabitlərinin rəşadəti nəticəsində İkinci Vətən Müharibəsi 44 gündə Qələbə Zəfəri ilə başa çatdı. Bütün bunlar isə 1993-cü il 3 oktyabr prezident seçkilərinin nəticəsi kimi qiymətləndirilir.

Pənah İmanov,
politoloq




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024