Mobil versiya
Ülviyyə Əliyeva: “Cəbrayılın işğaldan azad edilməsi Şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi ilk və ən parlaq qələbələrdən biri oldu”
Tarix: 05-10-2021 | Saat: 13:12
Bölmə:Seçki 2024 | çapa göndər

Ülviyyə Əliyeva: “Cəbrayılın işğaldan azad edilməsi Şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi ilk və ən parlaq qələbələrdən biri oldu”

2020-ci ilin oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində tam qalib gəlməsindən cəmi 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Ölkə Prezidenti Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını ucaldıb.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar.

1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Məhz Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.

Erməni qəsbkarları işğal etdikləri bütün digər ərazilərdə olduğu kimi, Cəbrayıl şəhərini, eləcə də rayonun kəndlərini dağıtmiş, mədəni, tarixi, dini abidələrimizi, qəbiristanlıqları viran qoymuş, ekoloji terror törətmiş və bir çox misli görünməmiş talançılıq və vandalizm aktları həyata keçirmişlər. 52000 nəfər əhalisi olan, 1050 kvadrat kilometrlik ərazini əhatə edən rayonda mövcud olmuş 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb.

İşğala qədərki dövrdə Cəbrayılda elmin, mədəniyyətin, maarifin inkişafı çox yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi. Erməni işğalı nəticəsində rayona ümumilikdə 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir.

2020-ci il sentyabr ayının 27-də başlamış Vətən müharibəsinin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur etdi. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olundu. Oktyabrın 4-də isə Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Bununla Cəbrayılın işğalına son qoyuldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşdü.

Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Ülviyyə Əliyeva,
Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024