Mobil versiya
Azərbaycan Ordusunun inamlı Qələbəsi
Tarix: 28-09-2021 | Saat: 10:36
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan Ordusunun inamlı Qələbəsi

44 günlük müharibə 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyə son qoydu. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə olunmaqla Azərbaycanın yaşayış məntəqələri və hərbi mövqelərimiz atəşə tutuldu. Bu təxribat Azərbaycanın səbr kasasını daşdıran son damla oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Silahlı qüvvələrimizin həyata keçirdiyi sürətli əks-hücum nəticəsində döyüşlərin ilk günü Murovdağ və Ağdərə istiqamətlərində strateji yüksəkliklər və bir sıra kəndlər işğaldan azad olundu. Bu, silahlı qüvvələrimizin Vətən müharibəsində ilk böyük uğuru idi və xalqımız tərəfindən böyük sevinclə qarşılandı, həmçinin, tez bir zamanda Azərbaycan Ordusunun hərbi uğurlarının daha da genişlənəcəyi və yeni ərazilərin işğaldan azad edilməsi ilə nəticələnəcəyi əminliyi yaratdı.

Prezident, Ali Baş Komandan İlham Əliyev müharibənin ilk günlərindən başlayaraq, dəfələrlə Ermənistana xəbərdarlıq etdi, işğalçını hərbi təxribatlardan əl çəkməyə, mülki obyektlərin atəşə tutulmasını dayandırmağa, atəşkəs rejiminin qaydalarına əməl etməyə, münaqişənin sülh yolu ilə həlli istiqamətində Azərbaycan tərəfinin səylərinə adekvat reaksiya verməyə səslədi. Lakin rəsmi İrəvan Azərbaycan tərəfinin bu çağırışlarına məhəl qoymayaraq, təxribatlarını davam etdirdi. Bu da ordumuzun bütün cəbhəboyu əks-hücuma keçməsi ilə nəticələndi. Silahlı qüvvələrimizin ortaya qoyduğu əzm və iradə bir daha Azərbaycanın işğal faktı ilə barışmayacağını və düşməni silah gücünə də olsa, bu torpaqlardan çıxaracağını, ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyini təsdiqlədi. Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına müraciəti, habelə Təhlükəsizlik Şurasının iclasındakı çıxışı da dövlətimizin təxribatların qarşısını almaq üçün lazımi güc və qətiyyətə sahib olduğunu və bu istiqamətdə bundan sonra da zəruri addımları atacağını göstərdi.

Son 30 ildə üzləşdiyimiz haqsızlıqları nəzərə alaraq bilməliyik ki, 44 günlük Vətən müharibəsində Azərbaycan yalnız Ermənistan üzərində deyil, həm də ona hərbi-siyasi dəstək verən güclərin cəhdləri üzərində qələbə çalıb. Tarixi Zəfərimizlə onları da məyus etmişik. Şuşa və onun ardınca imzalanan Bakı Bəyannamələri Ermənistana hamilik edənləri hələ də rahat buraxmır, bundan sonra da rahat buraxmayacaq. Təəssüf ki, böyük güclərin ədalət tərəzisində beynəlxalq hüquq deyil, güc amili yenə ağırlıq təşkil edir. Şəhid və qazilərimiz canları-qanları bahasına tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib milli qürurumuzu xilas etməklə yanaşı, həm də dünyanın ədalət tərəzisini pozanlara ibrət dərsi keçdilər. Bu həqiqət gələcək nəsillərə mütləq çatdırılmalıdır. Çatdırılmalıdır ki, cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanı ağır hərbi məğlubiyyətə məruz qoyduğu kimi, həm də onun hamilərinin məkrli planlarını iflasa uğratdı.
Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın tarixi Zəfərində - möhtəşəm Qələbəsində xalqımızın həmrəyliyinin – milli birlik faktorunun müstəsna yeri və rolu var. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Bu, Azərbaycan xalqının Vətən sevgisinin ifadəsi və Ali Baş Komandan İlham Əliyevin ümummilli xarakterli qətiyyətli siyasətinin real nəticəsi idi. Eyni zamanda, Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli birliyin daha bir təzahürü oldu. 44 günlük müharibənin nəticələri və postmüharibə dövründə Azərbaycanın qazandığı nailiyyətlər sübuta yetirdi ki, Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşmiş, həmrəylik nümayiş etdirən Azərbaycan xalqının mübarizə ruhu sarsılmazdır. Bu, ölkəmizin milli qüdrətinin ifadəsi olmaqla yanaşı, Azərbaycanın gələcək strateji nailiyyətlərə doğru yolunu açan çox mühüm amildir. Azərbaycanın gücü qarşısında məğlubiyyətə uğradığını açıq-aydın görən Ermənistanın son nəticədə havadarlarına bağladığı ümidlər də puç oldu. Düşmən son 30 ildə düşünürdü ki, “xilaskar”ları daim onun yanında olacaq, onunla birgə döyüşəcək. Lakin 44 günlük müharibədə Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq, Silahlı Qüvvələrimiz parlaq Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Beləliklə, Azərbaycanda milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Silahlı Qüvvələrimizin güc-qüdrəti düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.

Zamiq Əsgərov,
Salyan şəhəri, Qarabağ qazisi

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024