Mobil versiya
Zəfəri təmin edən uğurlu hərbi əməliyyatlar
Tarix: 28-09-2021 | Saat: 09:24
Bölmə:Gündəm | çapa göndər

Zəfəri təmin edən uğurlu hərbi əməliyyatlar

44 günlük Vətən Müharibəsi və tarixi Zəfərimiz dünyaya anlatdı ki, Azərbaycan xalqı yenilməzdir. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Milli Ordumuzun şücaəti Azərbaycan adını bütün dünyaya tanıtdı. Prezident İlham Əliyevin düzgün siyasəti təkcə müharibə ilə hüdudlanmırdı. Onun 4 dildə dünyanın dörd bir tərəfindən olan müxtəlif media və mətbuat orqanlarına verdiyi müsahibələr də bu mübarizənin bir başqa tərəfi idi.
Prezidentin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya verdiyi müsahibə də öz çəkisi ilə seçildi. “44 gün ərzində Azərbaycan Ordusu dayanmadan ancaq irəlilədi. Vətən müharibəsinin ilk anından hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdi. Ordumuz ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail oldu və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdi” deyən prezident bir daha hər kəsi əmin etdi ki, “Dəmir Yumruq” yerindədir və Azərbaycanın maraqlarını qəbul etməyən Ermənistan və ona havadarlıq edən istənilən dövlət məhvə məhkumdur.
Qarabağda 44 gün¬lük silahlı münaqişənin erməni tərəfinin tam məğlubiyyəti və Nikol Paşinyanın faktiki kapitul¬yasiyası ilə başa çatması Azərbaycan Prezidentinin apardığı düzgün siyasətin nəticəsi idi. Döyüş əməliyyatlarının yekununa və imzalanan üçtərəfli bəyanata müvafiq olaraq, Ermənistan nəinki Qarabağ üzərində nəzarəti itirdi, hətta hərbi uğursuzluqlar nəticəsində Ermənistanda kəskin siyasi böhran yarandı. Erməni tərəfinin məğlub olmasının səbəbi həm də psixoloji səviyyədə idi. Onlar bilirdilər ki, bu torpaqlar əzəli Azərbaycan torpaqlarıdır və gec-tez Qarabağın əsl varisləri bura qayıdacaq. Əlbəttə, mənfur düşmənlə müharibə aparmaq elə də asan deyildi. Amma buna baxmayaraq Azərbaycan müharibəyə hər zaman hazır idi və indiyədək ölkəmizi dayandıran amil məsuliyyətli olmağımız, beynəlxalq hüquq və təşkilatlara olan inamımız idi. Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları, o cümlədən texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edilirdi. Müharibə dövründə bizim davranışımızın əsası döyüş əməliyyatları başlanandan xeyli əvvəl işlənib hazırlanmışdı, lakin hərbi əməliyyatların gedişində ölkəmiz buna dəyişikliklər etdi. Qəbul olunan çevik qərarlar və peşəkar komandanlıq sayəsində Azərbaycan Ordusunun zərbə və hücumları Ermənistan tərəfi üçün əksər hallarda gözlənilməz idi. Döyüş əməliyyatları planına demək olar ki, hər gün edilən düzəlişlər, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə birgə hər gün keçirilən müşavirələrdə alınan qərarlara görə böyük əməliyyatlar və bu əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu.
Bu müharibədə Ermənistanın məğlubiyyət səbəbləri strategiya, kəşfiyyat və qismən də psixologiya məsələlərinə əsaslanır. Ermənistanın müharibəyə tamamilə hazırlıqsız vəziyyətdə olması ortaya çıxdı. Hərbi əməliyyatların artıq be¬şinci günündə Yerevanda etiraf etdilər ki, döyüşməkdən imtina edən 1500 erməni hərbi qulluqçu fərarilik edib. Müharibənin sonuna yaxın erməni fərarilərinin sayı artıq 10 min nəfərə bərabər idi. Azərbaycan ordusuna isə on minlərlə könüllü axın edirdi. Bu Azərbaycan xalqının öz Ali Baş Komandanının ətrafında sıx birləşməsi demək idi.

Müharibəyədək Azərbaycan Ordusunun gücünü düzgün qiymətləndirmək və lazımi nəticələr çıxarmaq üçün Ermənistanın bir neçə fürsəti oldu. 2016-cı ilin aprelində döyüş əməliyyatlarının gedişində öz imkanlarımızı çox məhdud şəkildə nümayiş etdirdik. O vaxt işğal altındakı ərazilərin bir hissəsi azad edildi və biz erməni tərəfin işğala son qoyması barədə mühüm qərar qəbul etməsinə imkan verdik. Təəssüf ki, o vaxt ordumuz dayananda erməni tərəf bizim bu hərəkətimizi düzgün başa düşmədi və bu, onlara baha başa gəldi. Həmçinin, 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədində qan tökülmədən əməliyyat aparmaq imkanlarımızı nümayiş etdirdik. Bununla da biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik və təbii ki, ermənilərdən fərqli olaraq, düşmənin imkanlarını sayıq qiymətləndirir və Ermənistanı işğal edilmiş əraziləri könüllü şəkildə tərk etməyə məcbur etmək üçün təsir vasitələrindən istifadə etməyə çalışırdıq. Müharibənin ilk günlərində əldə olunan uğurlar Qələbənin yaxınlaşdırılması və Orduda yüksək döyüş ruhunun qorunmasında mühüm rol oynadı. Ermənistan ordusu həm də İsrail və Türkiyə istehsalı olan yüzlərə dronun qarşısında effektli müqavimət göstərə bilmədi. Önəmli mərhələlərdən biri də düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gün oldu. Bu, həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı. Yerevan bu müharibədə faktiki olaraq uduzmasını artıq başa düşəndə Ermənistan ərazisindən Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhərlərinə gecə saatlarında bir neçə raket zərbəsi endirdi. “Toçka-U” və “Elbrus” operativ-taktiki ra¬ket komplekslərindən istifadə olunmaqla endirilən raket hü¬cumlarına, əsasən Gəncə, Bərdə və Mingəçevir şəhərləri məruz qaldı. Bu, Azərbaycanı analoji hərbi cavaba təhrik etmək, sonra isə “təcavüz qurbanı” qismində kömək üçün Rusiya və KTMT-yə müraciət etmək məqsədi daşıyır¬dı. Lakin bu taktika da Ermənistana uğur gətirmədi. Bakıda bəyan olunan o idi ki, Azərbaycan Ermənistan şəhərlərinə hücum etməyəcək, mülki əhalini öldürməyəcək və düşmənlə döyüş meydanında savaşacaq. Bu həm də Azərbaycan xalqının təkcə Ermənistana yox, həm də dünyaya öyrətdiyi böyük humanizm idi.

Prezident İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində bütün bu nüanslar öz dolğunluğu ilə dünya əhalisinə çatıdırıldı. Prezident bir daha əminliklə qeyd etdi ki, bundan sonra Azərbaycanı heç bir qara qüvvə qorxuda bilməz.

Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədr müavini

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024