Mobil versiya
Yavər Vəliyev: “Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu”
Tarix: 26-09-2021 | Saat: 10:30
Bölmə:Gündəm | çapa göndər

Yavər Vəliyev: “Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu”

“Beynəlxalq təşkilatların uzun illər ərzində yürütdükləri ikili standartlar siyasəti buna səbəb olmuşdu ki, erməni təcavüskarları özlərinin istənilən halda cəzasız qalacaqlarına artıq tam əmin olmuşdular. Son 30 ildə havadarlarından hər cür dəstək alan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə vaxtında yetişəcəklər. Məhz bu güman, daha doğrusu bu əminlik erməniləri ölkəmizə qarşı artıq yeni ərazi iddiaları ilə çıxış etməyə sövq edirdi. Lakin 44 günlük Vətən müharibəsi Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti sayəsində ermənilərin və havadarlarının bölgədəki siyasətinin tam iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.”

Bu sözləri mətbuata verdiyi açıqlamada Sumqayıt Bulvar idarəsinin rəisi Yavər Vəliyev deyib.

Yavər Vəliyev Silahlı Qüvvələrimizin güc və peşəkarlıq göstəricilərindən biri kimi hərbi əməliyyatların çox qısa müddətdə başa çatması faktını qeyd edərək bunları deyib: “Azərbaycan Ordusu 5 ilə işğal edilmiş və 30 il ərzində çoxsaylı istehkamlarla möhkəmləndirilmiş əraziləri cəmi 44 günlük hərbi əməliyyatlar nəticəsində azad etdi. Bu, həqiqətən də qeyri-mümkün bir işin mümkün edilməsidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Ordusu zəif, vahid komandanlığı, müasir silahları, hətta yetərincə silahları, kifayət qədər peşəkar komandır kadrları olmayan bir ordu idi. Ermənistan isə bir çox xarici dövlətlərdən hər cür dəstək alırdı. Bununla belə erməni ordusu yenə də torpaqlarımızın işğalını istədiyi sürətlə həyata keçirə bilmirdi. Çünki Azərbaycan xalqının əzmkarlığı, fədakarlığı bütün dövrlərdə olub və olacaq. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə vəziyyət sürətlə dəyişməyə başladı. Qısa müddət ərzində vahid komandanlığa əsaslanan ordu yaradıldı. Bu ordu artıq 1994-cü ilin əvvəllərində Murov dağı və Füzuli rayonu istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirdi, işğal olunmuş ərazilərimizin bir qismini azad etdi. Lakin erməni qəsbkarları hər halda torpaqlarımızın 20%-ni 30 il işğal altında saxladılar. Bütün bu illər ərzində onlar gec-tez hücuma keçəcəyinə əmin olduqları Azərbaycan Ordusunun qarşısını almaq üçün üç, dörd, hətta beş səviyyəli hərbi-mühəndis istehkamları qurdular, uzunmüddətli avtonom atəş nöqtələri, mina sahələri yaratdılar. Lakin bütün bunların heç bir nəticəsi olmadı. Azərbaycan Ordusu artıq yeni taktikaya, yeni silahlara və ən müasir texnologiyalara sahib olan bir orduya çevrilmişdi. Qısa müddət ərzində erməni hərbi birləşmələri hətta silah-sursatlarını, hərbi texnikalarını belə qoyaraq qaçmağa başladılar. Ordumuzun gözlənilməz manevrləri, artilleriya və PUA-ların dəqiq zərbələri ilə düşmənin zirehli texnikası və ağır artilleriya qurğuları tez bir zamanda məhv edilir, döyüşlərin gedişinə təsir etmək imkanını itirirdi. Bir sözlə, Ali Baş Komandan cənab İlham Əliyevin tətbiq etdiyi müasir döyüş strategiyası düşmənə qaçmaq və ya təslim olmaqdan başqa heç bir şans buraxmadı.”

Yavər Vəliyev həmçinin bu gün ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin ardıcıl və planlı şəkildə həyata keçirildiyini vurğulayaraq bunları deyib: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Bu kateqoriyaya aid olan insanlarımızın mənzil və məişət şəraitinin yaxşılaşdırılması dövlətimizin başçısı tərəfindən həyata keçirilən siyasətin mühüm prioritetlərindən biridir. O cümlədən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Birmənalı olaraq demək azımdır ki, hal-hazırda Fond öz funksiyalarını yüksək səviyyədə həyata keçirir. Fondun vəsaitləri hesabına şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması və digər bu kimi sosialyönümlü layihələr həyata keçirilir. Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, təsis olunduğu gündən “YAŞAT” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Əlbəttə ki, bu hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir. Azərbaycan dövləti hər zaman öz əsgərinin yanındadır. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.”
Sonda Yavər Vəliyev erməni işğalının acı nəticələrindən danışmış, Azərbaycana dəymiş ziyanın milyard dollarlarla öçüldüyünü vurğulamışdır: “Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbələr vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Həmçinin işğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri olmuşdur ki, bunların da böyük əksəriyyəti dağıdılmış, talan edilmiş və ya hər hansı formada vandalizmə məruz qoyulmuşdur. Ermənistan bütün bu vəhşiliklərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməli, Azərbaycana vurduğu ziyanı tam olaraq ödəməlidir.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-02-2025