AZ RU Mobil versiya
Aqiyə Naxçıvanlı: “Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 76-cı sessiyasında bir daha bütün ermənipərəst qüvvələrə sərt mesajını çatdırdı”
Tarix: 24-09-2021 | Saat: 20:17
Bölmə:Manşet / Gündəm / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 76-cı sessiyasında bir daha bütün ermənipərəst qüvvələrə sərt mesajını çatdırdı”

“Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi, istər dünyanın aparıcı media qurum təmsilçilərinə verdiyi müsahibələrində, istərsə də mötəbər beynəlxalq təşkilatların toplantılarında etdiyi çıxışlarında yalnız inkarolunmaz dəlillər, danılmaz faktlar və obyektiv məlumatlar əsasında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasını təmin edir. Bu dəfə də dövlətimizin başçısı həm BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı videoformatda etdiyi çıxışında, həm də Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibəsində dolğun fikirləri, məntiqi təhlili ilə Azərbaycanın tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin gedişində, eləcə də postmüharibə dövründə mövqeyi və perspektiv planları barədə ətraflı məlumat təqdim etmişdir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili ilk olaraq belə bir məqamı vurğulayıb ki, tanınmış hərbi ekspert İqor Korotçenkonun suallarında Ermənistanın ölkəmizə qarşı hərbi cinayətlər törətməsi faktının əks olunması Azərbaycan diplomatiyasının növbəti uğurudur: “Vətən müharibəsinin gedişində döyüş meydanından başqa informasiya cəbhəsində də gərgin mübarizənin getdiyi və Azərbaycan tərəfindən bu mücadilənin demək olar ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təkbaşına aparıldığını hamımız yaxşı bilirik. 44 gün ərzində dövlət başçımızın mütəmadi olaraq aparıcı dünya media qurumlarına verdiyi müsahibələrdə ermənilərin bütün vəhşilikləri tam çılpaqlığı ilə danılmaz faktlarla ifşa olunurdu. Bu gün tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenkonun suallarında səslənən ifadələr bir daha möhtərəm Prezidentimizin səylərinin lazımi nəticə verdiyini sübut edir. Rusiyalı ekspertin “İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan Azərbaycanın şəhərlərinə dəfələrlə, əsasən gecə vaxtı operativ-taktiki raket komplekslərindən istifadə etməklə zərbələr endirib” deməsi həqiqətən də Azərbaycan diplomatiyasının növbəti uğurudur və bu uğurun təminatçısı da Prezident İlham Əliyevdir. Dövlət başçımızın dediyi kimi, müharibə dövründə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü. Özü də ən maraqlısı budur ki, gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Əlbəttə ki, bu, misli görünməmiş həyasızlıqdır. Erməni faşistləri ümid edirdilər ki, zərər çəkmiş insanlar öz ölkəsinin hakimiyyətindən hərbi əməliyyatların dayandırılmasını tələb edəcəklər. Lakin onlar yanılırdı. Bütün insani keyfiyyətlərdən məhrum olan erməni vandalları Azərbaycan xalqının mənəvi gücünü lazımınca qiymətləndirmirdilər. Yaxınlarını itirmiş, özləri uçqunların altından güclə çıxmış insanlar deyirdilər ki, yalnız irəli gedin. Əlbəttə ki, müharibə dövründə törədilmiş hərbi cinayətlərlə bağlı bütün faktlar sənədləşdirilib və Azərbaycan hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün ciddi hüquqi tədbirlər görəcək.”

Daha sonra Aqiyə Naxçıvanlı Prezident İlham Əliyevin hərbi əməliyyatların keçirildiyi dövrdə Ali Baş Komandan kimi nümayiş etdirdiyi şəxsi keyfiyyətlərinin də mütəxəssislərin nəzərindən qaçmadığını və bu ali keyfiyyətlərin yüksək qiymətləndirildiyini vurğulayaraq bunları deyib: “Verdiyi suallardan birində İqor Korotçenko tamamilə haqlı olaraq qeyd etdi ki, müharibə dövründə liderlər, ali baş komandanlar həmişə diqqət mərkəzində olurlar. Həmçinin rusiyalı ekspert Azərbaycan Prezidentinin nə dərəcədə sakit və təmkinli olduğunu, erməni tərəfin “əl-qol atması” fonunda müstəsna dərəcədə ləyaqətli və inamlı davranmağını bütün dünyanın heyranlıqla müşahidə etdiyini bildirdi. Həqiqətən də hərbi əməliyyatlar aparılan dövrdə Azərbaycan bir dəfə də provokasiyalara uymadı. Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də Azərbaycan Ordusu Ermənistana eyni şəkildə cavab vermədi, onların şəhərlərini bombalamadı. Hərbi əməliyyatın elə ilk günündə Ali Baş Komandan hərbi qulluqçulara çox sərt göstərişlər vermişdi ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar. Dövlət başçımızın qeyd etdiyi kimi, hərbi komandanlıq Prezidentin sakit, təmkinli, özünə inamlı, qələbəyə inamlı olduğunu görəndə bu, onları ruhlandırır və onlar da bunu öz tabeliyində olanlara çatdırırlar. Bu, sanki hərbi komandanlıqdan başlamış sıravilərə qədər bütün piramidanı əhatə edən elektrik yükü olur. Dövlət başçısının davranışı cəmiyyət üçün və hərbi komandanlıq üçün çox vacibdir. Eyni sözləri mülki vətəndaşlar üçün, cəmiyyət üçün də demək olar. Məhz Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri həm ordumuzu, həm də xalqımızı müharibənin ilk günündən son gününə qədər böyük ruh yüksəkliyi içərisində vuruşmağa və yaşamağa sövq etdi.”

Sonda Aqiyə Naxçıvanlı BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı Prezident İlham Əliyevin videoformatda etdiyi çıxışında ölkəmizin, eləcədə bütünlükdə Cənubi Qafqaz regionunun post-müharibə dövründə inkişaf perspektivləri barədə söylədiyi fikirlərin əhəmiyətindən bəhs edərək bunları deyib: “BMT Baş Assambleyasının 76-cı sessiyasında Prezident İlham Əliyev videoformatda etdiyi çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan irimiqyaslı bərpa, yenidənqurma və tikinti işləri barədə ətraflı məlumat təqdim edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür və təkcə bu il bu məqsədlə 1.3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. Eyni zamanda möhtərəm Prezidentimiz Azərbaycanın quruculuq işlərini əngəlləyən səbəblərə də toxunub və bildirib ki, bu əngəllər Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır. Dövlət başçısı diqqətə çatdırıb ki, 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra bu günə qədər 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olmuş, 130 nəfər isə yaralanmışdır. Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Baş verənlər belə deməyə əsas verir ki, Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edərək öz hərbi cinayətlərini post-müharibə dövründə də səngitmir. Həmçinin Azərbaycan Prezidenti ölkəmizin Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu, hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya olmadığını BMT Baş Assambleyasının diqqətinə çatdırıb. Halbuki, belə bir saziş bütün Cənubi Qafqazı sülh və əməkdaşlıq regionuna çevirə bilər. Azərbaycan Prezidenti bir daha öz siyasi iradəsini və qətiyyətini nümayiş etdirib və bütün ermənipərəst qüvvələrə kifayət qədər aydın və sərt mesajını ötürüb: “Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

8224 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2021