AZ RU Mobil versiya
Aqiyə Naxçıvanlı: Dövlətimizin başçısının Ağdama səfəri ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin yeni mərhələsinə start verildi
Tarix: 31-05-2021 | Saat: 12:50
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: Dövlətimizin başçısının Ağdama səfəri ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin yeni mərhələsinə start verildi

Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri getdikcə daha geniş vüsət alır. Artıq bütün dünya bu torpaqlarda 30 il davam edən işğal dövrü ərzində erməni qəsbkarlarının törətdikləri misli görünməmiş vandalizm aktlarının əsl miqyasını və acı nəticələrini görür. Lakin bu talançılığın nəticələri nə dərəcədə dağıdıcı, miqyası nə qədər böyük olsa da, Azərbaycan dövlətinin həmin ərazilərdə apardığı quruculuq işlərinin həcmi bundan qat-qat artıq olacaq. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə ardıcıl səfərləri də bu işlərin ən yüksək səviyyədə həyata keçirildiyinin və xüsusi diqqət mərkəzində saxlandığının bariz göstəricisidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin gedişi həmin bölgələrdə tezliklə ən müasir şəhər və kəndlərin salınacağını, dünyaya tamamilə yeni tipli yaşayış məntəqələri modellərinin təqdim olunacağını deməyə əsas verir. “Bildiyimiz kimi, Prezident İlham Əliyevin may ayının 28-də Ağdama səfəri zamanı bu şəhərin Baş Planı təsdiqlənib. Bu, işğaldan azad edilmiş ərazilərdə təsdiqlənən ilk Baş Plandır. Həmçinin səfər zamanı Ağdam şəhəri 1 saylı orta məktəbin, Ağdam Sənaye Parkının təməli qoyulub. Dövlətimizin başçısının çıxışlarında bəyan etdiyi kimi, bütün Qarabağ bölgəsinin “yaşıl enerji” zonası olacağı və bu ərazilərdə bütün şəhərlərin “ağıllı şəhər” konsepsiyası əsasında qurulacağı barədə qərar verilib. Bu qərar təbii ki, Ağdam şəhərinin də məhz rəqəmsallaşma, dekarbonizasiya və desentralizasiyaya əsaslanan, fövqəladə hallarda elektrik enerjisi təchizatının davam etdirilməsi üçün ötürücü və paylayıcı şəbəkələrin optimallaşdırılması, enerjidən səmərəli istifadə edilməsi məqsədilə bərpaolunan enerji mənbələrindən və elektromobillərdən istifadənin genişləndirilməsini özündə ehtiva edən “ağıllı şəhər” konsepsiyası əsasında yenidən qurulacağını nəzərdə tutur. Həmçinin bu gün Ağdamda start verilən layihələr şəhərin və bölgənin gələcək iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, dövlətimizin başçısı tərəfindən təməli qoyulmuş Ağdam Sənaye Parkında qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası yaradılacaq. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır. Ümumilikdə isə işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Ağdamda sənaye mərkəzi, Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaq. Bütün bunlar deməyə əsas verir ki, tezliklə bütün dünya Azərbaycanın təqdimatında tamamilə yeni tipli yaşayış məntəqələri və iqtisadi zona modellərini müşahidə etmək imkanı əldə edəcək”, - deyə deputat qeyd edib.

Aqiyə Naxçıvanlı bu məqamı da vurğulayıb ki, Ermənistanın hələ də Azərbaycana qarşı təxribatlardan əl çəkməməsi bu ölkənin özünü yeni yaranmış regional iqtisadi inkişaf imkanlarından məhrum etməsi deməkdir. Deputat Bildirib: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbəyə imza atan Azərbaycan artıq Cənubi Qafqazda yeni reallıq yaradıb. Bu reallıq isə öz növbəsində regionda yeni əməkdaşlıq və inkişaf perspektivləri açıb. Təbii ki, bu yeni imkanlar ölkəmizin daha da güclənməsi və qüdrətinin daha da artması üçün əlverişli şərait yaradır. Lakin dövlətimizin başçısı öz çıxışlarında bu imkanların konstruktiv mövqelərdə duran bütün ölkələr üçün açıq olduğunu dəfələrlə vurğulayıb. Eyni zamanda Ermənistan da bu imkanlardan yararlanaraq regional iqtisadi əməkdaşlıq proqramlarına qatıla və bu zəmində öz inkişafını təmin etmək şansı əldə edə bilər. Lakin dediyimiz kimi, bunun üçün həmin ölkənin, ilk növbədə, mövqeyinə yenidən nəzər salması və konstruktiv addımlar atmağa qərar verməsi tələb olunur. Əks halda, Ermənistanın vəziyyəti yalnız daha acınacaqlı olacaq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

7381 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-06-2021
14-06-2021