Mobil versiya
Fuad Əliyev: “Ulu öndər Heydər Əliyevin memarı olduğu müasir müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”
Tarix: 28-05-2021 | Saat: 12:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Fuad Əliyev: “Ulu öndər Heydər Əliyevin memarı olduğu müasir müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”

Azərbaycan Xalq Cümhuriyyəti müasir müstəqil Azərbaycanımızın yaradılması üçün zəruri hüquqi və siyasi bazanın formalaşmasını təmin edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ildə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda etdiyi çıxışında demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır.”

Həqiqətən də cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla qədim dövlətçilik tarixinə malik olan Azərbaycanın həyatında müstəsna əhəmiyyət kəsb edən rol oynayıb. Məhz XX əsrin əvvəllərində, bütün dünyanın siyasi nizamının yenidən qurulduğu bir dövrdə istiqlaliyyətini elan etməklə Azərbaycan Xalq Cümhuriyyəti sübut etmişdir ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir. Lakin, ulu öndər Heydər Əliyevin də hər zaman vurğuladığı kimi, müstəqilliyə aparan yol ən çətin yoldur. O cümlədən AXC qurucularının da yolu heç də rəvan olmamış, cümhuriyyət yaranmamışdan öncə xalqımızın taleyində dəhşətli faciələr baş vermişdir. Tarixin müxtəlif mərhələlərində sərsəm “Böyük Ermənistan” ideyasını gerçəkləşdirməyə çalışan erməni millətçiləri bolşevik silahlı dəstələri ilə birgə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər. Həmin günlərdə Bakı şəhərində və respublikamızın digər bölgələrində on minlərlə dinc sakin yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Əlbəttə ki, bu soyqırımını törətməklə erməni-bolşevik qüvvələri əslində daha böyük məqsədlər güdür, Azərbaycan torpaqlarını işğal etmək istəyirdilər. Lakin 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçiliyin bərpası, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin başlanması düşmənlərin bu planlarını pozmuş oldu. May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd – İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı. Eyni zamanda AXC dövründə müstəqil dövlət quruculuğu baxımından mühüm olan bir çox qərarlar qəbul olundu. Məsələn, belə qərarlardan biri Xalq Cümhuriyyətinin hökuməti tərəfindən 1918-ci il iyunun 26-da qəbul edilmiş əlahiddə diviziyanın yaradılması barədə qərar oldu ki, bu da faktiki olaraq Azərbaycanın ilk Milli Ordu hissəsi idi. Həmçinin avqust yının 27-də tarixdə ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qərarın qəbul olunması da müstəsna əhəmiyyət kəsb edən bir addım idi. 1918-ci il noyabrın 9-da isə Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi və Azərbaycan vətəndaşları haqqında qanun qəbul olundu. Məhz AXC dövründə Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı yaradıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı. Cümhuriyyət hökumətinin həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində Azərbaycan Xalq Cümhuriyyəti həmin dövrdə qısa zaman ərzində beynəlxalq miqyasda tanındı. 1918-ci il mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə, Almaniya, Avstriya-Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan, Rumıniya, İran, İspaniya, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərdi. 1919-cu ilin sonlarına qədər cümhuriyyət hökuməti artıq 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı.

Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyəti 2 ildən də az müddət ərzində mövcud olmasına rəğmən üzərinə düşən mühüm tarixi hadisələri layiqincə yerinə yetirdi və bununla da müasir müstəqil Azərbaycanımızın yaradılması üçün zəruri hüquqi və siyasi baza formalaşmış oldu.

Cümhuriyyətin dövlətçilik tariximizdəki rolu bu gün də daim ehtiramla xatırlanır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verərək öz çıxışlarının birində demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi, gördü.”

Azərbaycan Xalq Cümhuriyyətin dövlətçilik tariximizdəki müstəsna rolu dövlətimiz və qədirbilən xalqımız tərəfindən hər zaman ehtiramla xatırlanır. Təsadüfi deyil ki, hazırda qeyd etdiyimiz Azərbaycanın Respublika Günü, Ordu Günü, Bayraq Günü kimi dövlət bayramları da məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə önəmli yer tutduğunu vurğulamışlar. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları da məhz tariximizin bu şanlı səhifələrinə verilən yüksək qiymətin təzahürləridir. 70 il davam edən sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları və onların fəaliyyəti qadağan olunmuşdu. Hətta Azərbaycan tarixçilərinə də Azərbaycan Xalq Cümhuriyyətinin adının çəkilməsi belə yasaq olunmuşdu. Yalnız Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bütün qadağalara son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa olundu. Azərbaycan Xalq Cümhuriyyətinin vətən tarixində yenidən bərpasına xüsusi qiymət verən Heydər Əliyev demişdir: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır.”

XX əsrin sonlarında Azərbaycan xalqının yenidən əldə etdiyi müstəqilliyin əbədiliyini Heydər Əliyev təmin etdi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “ 1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan, demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir.”

Həqiqətən də 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti Müstəqillik haqqında Konstitusiya aktını qəbul edərək, suverenliyimizi bütün dünyaya bəyan etdisə də, 1991-1993-cü illər Azərbaycanın müstəqillik və dövlətçiliyinin mövcudluğunun böyük risk altında qaldığı, xaos və anarxiya dövrü kimi tarixə düşdü.
Həmin dövrdə Azərbaycan rəhbərliyində olan qüvvələr ölkəni lazımi səviyyədə idarə edə bilmədilər və gənc müstəqil dövləti idarəolunmaz vəziyyətə saldılar. 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr ölkənin müstəqilliyini və hətta varlığını sual altına qoymuşdu. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. Bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilirdi. Artıq 1993-cü ilin yayında vəziyyət fəlakət həddinə çatdı. Azərbaycan müstəqilliyini və dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Ulu öndər Heydər Əliyev o dövrdəki vəziyyəti düzgün qiymətləndirərək belə bir haqlı nəticəyə gəlmişdi ki, 1991-1993-cü illərdə Azərbaycan “ölüm, ya olum” dilemması qarşısında qalmışdı. Məhz belə bir ağır zamanda Azərbaycan xalqının iradəsi və təkidi ilə ümummilli lider Heydər Əliyev müstəqil dövlətimizin xilaskarı olaraq yenidən ölkənin siyasi hakimiyyətinə qayıtdı. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev millət qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Beləliklə, uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ictimai-siyasi sabitlik yarandı. Ulu öndər Heydər Əliyevin fenomenal parlaq və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etdi, Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi. Beləliklə, ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycan milli dövlətçiliyi yenidən süquta uğramaq təhlükəsindən xilas oldu. Bunu da qeyd etmək lazımdır ki,müstəqilliyimizin Heydər Əliyev dövrü ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması, demokratik hüquqi dövlət quruculuğunun geniş vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, ölkəmizin hərtərəfli köklü islahatlar aparılmaqla daimi yüksəliş yoluna çıxması və gələcək inkişaf strategiyasının müəyyən edilməsi ilə səciyyələnir.

Azərbaycanın yolu – Zəfər yoludur

Bu gün Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs və islahatlar Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə cavab verən yeni kontekstdə uğurla davam etdirilir. Birmənalı olaraq ölkəmizdə 2003-cü ildən sonra bütün sahələrdə inkişaf daha yüksək dinamika ilə təmin edilmişdir. Azərbaycan güclü, qüdrətli dövlətə çevrilmişdir. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir. Etiraf olunmalıdır ki, müasir dünyada ərazisi və əhalisi o qədər də böyük olmayan ölkələr arasında müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr elə də çox deyil. Lakin Azərbaycan Prezidentinin uğurla və davamlı şəkildə həyata keçirdiyi siyasət bilavasitə milli maraqlar üzərində qurulub. Möhtərəm dövlət başçımız özü çıxışlarının birində bu barədə belə deyib: “Azərbaycan xalqının maraqları bizim siyasətimizin mənbəyidir, onun əsasıdır. Kənardan bizim siyasətimizə təsir etmə imkanları sıfıra bərabərdir. Bunu yaxın tarix göstərib. İndi deyə bilərəm ki, belə cəhdlər də yoxdur. Ona görə ki, biz prinsipial siyasət aparırıq. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir və müdafiə olunur. Xalq-iqtidar vəhdəti bizim uğurlarımızın əsas səbəbidir. Azərbaycan bu gün beynəlxalq arenada öz mövqelərini gücləndirir, beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir. Bizimlə əməkdaşlıq edən ölkələrin sayı getdikcə artır.” Həqiqətən də Azərbaycan bu gün dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Məhz dövlət başçımızın yürütdüyü praqmatik daxili və xarici siyasətin, eləcə də Xalq-iqtidar vəhdətinin məntiqi nəticəsi olaraq Azərbaycan ötən il özünün dövlətçilik tarixində ən böyük, ən parlaq zəfərlərdən birini qazandı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə əldə edərək Ermənistanın 30 il işğal altında saxladığı ərazilərini geri qaytardı və bununla da ölkənin ərazi bütövlüyü bərpa olundu.

Bu gün Azərbaycan öz parlaq gələcəyinə doğru inamla irəliləyir və artıq heç bir qüvvə bizi bu Zəfər yolundan döndərə bilməz!

Fuad Əliyev
AMEA-nın Gəncə bölməsinin sədri,
kimya elmləri doktoru, akademik.

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2025