Mobil versiya
Lütvəli Şıxəliyev: “Naxçıvanın müdafiə potensialının möhkəmlənməsi hər zaman dövlətin diqqət mərkəzindədir”
Tarix: 16-05-2021 | Saat: 10:34
Bölmə:Manşet | çapa göndər

Lütvəli Şıxəliyev: “Naxçıvanın müdafiə potensialının möhkəmlənməsi hər zaman dövlətin diqqət mərkəzindədir”

“Bu gün Naxçıvanda gedən dinamik inkişaf sürətlə özünü bütün sahə və istiqamətlərdə aydın şəkildə göstərməkdədir. Ölkə Prezidenti cənab İlham Əliyev may ayının 10-da Muxtar Respublikaya etdiyi növbəti səfəri zamanı daha bir neçə infrastruktur layihəsinin açılışında iştirak edib. Qeyd etmək lazımdır ki, dövlət başçısı hakimiyyətdə olduğu illər ərzində Naxçıvan Muxtar Respublikasına 15 dəfə səfər edib və bu səfərlərin hər biri taleyüklü məsələlərin həllinə xidmət edib, regionda maraqlı qüvvələrə xüsusi mesajlar verilib.” Bu sözləri mətbuata verdiyi açıqlamasında YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev deyib. İlk növbədə təşkilat sədri Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına etdiyi növbəti səfərinin böyük siyasi və mənəvi önəm daşıdığını vurğulayaraq bunları qeyd edib: “Dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekord göstəricilərə sahib olub. Bu gün Naxçıvan artıq özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmli bir məsələdir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir. Qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Hazırda Muxtar Respublikanın bütün şəhərləri artıq magistral yollarla bir-birinə bağlanıb. İçməli su layihələri bütün şəhərləri əhatə edir. Tezliklə bu məsələ də tamamilə öz həllini tapacaq. Həmçinin bu gün Naxçıvanda “ASAN xidmət” Mərkəzinin tikintisi davam edir. Naxçıvanın çox böyük turizm potensialı var və burada görülən işlər deməyə əsas verir ki, pandemiyadan sonra Naxçıvana gəlmək istəyən xarici qonaqların sayı daha da artacaq. Dövlət başçımızın dediyi kimi, Muxtar Respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir.”

Daha sonra Lütvəli Şıxəliyev bildirib ki, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi fikirlərdə əslində Ermənistanın özünün də yaşadığı böhrandan qurtulması üçün mövcud olan yeganə doğru yol öz əksini tapıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə, həm də ən mötəbər beynəlxalq kürsülərdən bəyan edib ki, ölkəmizin öz ərazi bütövlüyünü təmin etməsindən sonra Cənubi Qafqazda yaranmış yeni iqtisadi inkişaf perspektivləri bütün region ölkələri üçün, o cümlədən Ermənistan üçün açıqdır. Əgər Ermənistan işğalçı-separatist baxışlarından əl çəkərsə, Azərbaycana qarşı, Türkiyəyə qarşı təxribatlarına son qoyarsa bu zaman onun da öz iqtisadiyyatını dirçəltmək şansı olar. Lakin belə görünür ki, bu gün Ermənistan hələ də öz xeyrini ziyanından seçib-ayırmaq iqtidarında olmayan qüvvələr tərəfindən idarə olunur. Əgər belə olmasaydı, Ermənistanda bəzi iqtidar və müxalifət qüvvələri hələ də Şuşanın qaytarılması ilə bağlı cəfəng bəyanatlar verməz, revanşist fikirlər səsləndirməzdilər. Təbii ki, Ermənistanı buna təhrik edən xarici qüvvələrin də bu məsələdə təsiri yox deyil. O cümlədən Fransa və Kanada kimi ölkələrin xarici işlər nazirlikləri tərəfindən verilən bəyanatlar da Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olunması işinə xidmət etmir. Lakin onlar unudurlar ki, bu gün artıq 2020-ci il noyabrın 10-na qədərki dövr deyil və artıq heç bir dövlət Azərbaycanla təhdid dilində danışa bilməz. Fransa yaxşı olardı ki, öz tarixinin kirli səhifələri barədə düşünsün. Kanada kimi dövlətlərin tövsiyyələrinə isə bizim ümumiyyətlə heç zaman ehtiyacımız olmayıb. Bu gün Azərbaycanda nə Dağlıq Qarabağ münaqişəsi, nə də bu adda inzibati ərazi vahidi artıq mövcud deyil və Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərini həyata keçirməklə məşğuldur. O cümlədən ən yaxın vaxtlarda Zəngilanı Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizi mütləq açılacaq. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Ermənistanın revanşist əhval-ruhiyyəli davranış tərzi isə yalnız Ermənistanın özünə ziyan verəcək. Cənab Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, Azərbaycanın dəmir yumruğu hər zaman onların başı üzərindədir və hər an düşməni əzməyə hazırdır.”

Həmçinin Lütvəli Şıxəliyev Naxçıvanın hərbi potensialının gücləndirilməsini zəruri addım kimi qiymətləndirərək, yalnız bu halda Ermənistanın mümükün təxribatlarının qarşısını ən effektiv şəkildə ala biləcəyimizi deyib: “Hərbi aerodromun və hərbi hospitalın açılışı Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunması baxımından xüsusi önəm kəsb edən hadisədir. Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük rolu olacaq. Ümumiyyətlə son illər ərzində Naxçıvanda bütün hərbi hissələr yenidən qurulub və əvvəllər olmayan bir çox hissələr yaradılıb. Həmçinin Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır. Dövlət başçımızın da öz müsahibəsində qeyd etdiyi kimi, Ermənistanın “ikinci cəbhə” açmaq həvəsini içindəcə boğmağa məcbur etmiş bu Ordu tam NATO (türk ordusu) standarlarına keçmiş xüsusi statuslu hərbi vahiddir. Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də kifayət qədər yüksəkdir. Ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Naxçıvan ordusunda olan hərbi texnika bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır.”

Sonda Lütvəli Şıxəliyev bu gün ölkəmizdə bütün sahələrdə əldə olunan uğur və nailiyyətlərin bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq bunları deyib: “1993-cü ildə Ulu Öndərin müəllifi olduğu Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu və müstəqilliyini təmin etdi. Ümummilli Lider real həyati təhlükələrə baxmayaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin gündən sonra növbəti on il ərzində Ulu Öndərimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi. Birmənalı olaraq demək lazımdır ki, bu gün də Azərbaycanda bütün istiqamətlərdə əldə olunan uğur və nailiyyətlərin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmçinin Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Qələbənin təməli də məhz həmin illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan xalqı öz xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsini daim yaşadacaq, ulu öndərin müəyyənləşdirdiyi yolla bundan sonra daha böyük qələbələrə doğru inamla addımlayacaq.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-08-2025