Mobil versiya
Sədafər Hüseynov: “Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin yaradıcısıdır”
Tarix: 06-05-2021 | Saat: 12:11
Bölmə:Manşet / Gündəm | çapa göndər

Sədafər Hüseynov: “Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin yaradıcısıdır”



Ulu öndərin imzaladığı çoxsaylı fərman və sərəncamlarla ölkə daxilində fundamental iqtisadi islahatlar həyata keçirildi. Məhz bu dövrdə reallaşdırılan geniş iqtisadi layihələr, qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində iqtisadi tənəzzülün qarşısı alındı, qısa müddətdən sonra isə inkişaf göstəriciləri qeydə alındı.


Vətəndaş müharibəsi təhlükəsindən ictimai-siyasi sabitliyə aparan yol

Respublika daxilində 1993-cü ilin yayında baş verən hadisələr birmənalı olaraq ölkəni parçalamağa, dövlətçiliyimizi məhv etməyə və Azərbaycanı suveren dövlət olaraq dünya xəritəsindən silməyə hesablanmışdı. Həmin dövrdə ölkə hakimiyyətində olan insanların səriştəsizliyi, bəzilərinin isə aşkar xəyanətkar mövqe tutması, şəxsi ambisiyalarını irəli çəkməsi ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr artıq başladılmaq üzrə olan vətəndaş müharibəsi üçün əlverişli zəmin yaradırdı. Məhz belə bir böhranlı dönəmdə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya gəldi. Bu qayıdış Azərbaycanı xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev xalq qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dövrlərdə kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı. Heydər Əliyev uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması oldu. Həmin dövrdə Azərbaycan ordusunun əks hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında, respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Bu gün artıq hamıya aydındır ki, o zaman ulu öndər Heydər Əliyev tərəfindən bu taleyüklü addımlar atılmasaydı Azərbaycan dövlətini yaratmaq da, bu gün ölkəmizin ərazi bütövlüyünü erməni faşizmi üzərində əldə olunmuş möhtəşəm Qələbə ilə təmin etmək də mümkün olmayacaqdı. Beləliklə, ulu öndər Heydər Əliyevin yenilməz siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunun aliliyi, insan haqlarının qorunması kimi demokratik prinsiplər bərqərar edildi. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu.


“Əsrin müqaviləsi” – gələcəyə hesablanmış uzaqgörən siyasətin nəticəsi

Ulu öndər iqtisadiyyatın dirçəldilməsini başlıca prinsiplərdən biri kimi müəyyənləşdirdi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” - deyən ümummilli lider dəfələrlə vurğulayıb ki, hər bir dövlətin siyasi, hərbi gücünün əsasında möhkəm təməl üzərində qurulan iqtisadiyyat dayanır. Məhz ulu öndərin əsasını qoyduğu müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyası ilə ölkəmiz firavan gələcəyə doğru aparan yola qədəm qoydu. Ümummilli liderin həyata keçirdiyi iqtisadi tədbirlər yenicə müstəqillik əldə etmiş və müharibə şəraitində yaşayan bir ölkə olan Azərbaycana beynəlxalq aləmdə etibar qazandırdı. Həyata keçirilən məqsədyönlü siyasət əksər iri beynəlxalq şirkətlərin, xarici investorların diqqətini ölkəmizə yönəltdi. Ulu öndərin gərgin əməyinin və möhkəm iradəsinin bəhrəsi olan “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın bir müstəqil dövlət kimi beynəlxalq arenadakı mövqeyini möhkəmləndirdi. “Əsrin müqaviləsi”nin imzalanması gələcəyə hesablanmış uzaqgörən siyasətin nəticəsi oldu. Beləliklə, dünyanın müxtəlif ölkələri ilə qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri quran Azərbaycan iqtisadiyyatı sürətlə dünya iqtisadiyyatına inteqrasiya olmağa başladı. Ulu öndərin imzaladığı çoxsaylı fərman və sərəncamlarla ölkə daxilində fundamental iqtisadi islahatlar həyata keçirildi. Məhz bu dövrdə reallaşdırılan geniş iqtisadi layihələr, qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində iqtisadi tənəzzülün qarşısı alındı, qısa müddətdən sonra isə inkişaf göstəriciləri qeydə alındı. Azad bazar iqtisadiyyatına uğurlu keçid sayəsində ölkədə orta və kiçik sahibkarlıq sürətlə inkişaf etməyə başladı. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyası Azərbaycanın bir dövlət kimi öz ayaqları üzərində sərbəst inkişafını təmin etdi və artıq bir müddət sonra Azərbaycan regionun lider dövlətinə çevrildi.


Kənd təsərrüfatının inkişafı xüsusi diqqət mərkəzində olub

Adətən ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan bəhs edilərkən daha çox sənaye sahəsinin inkişafı ilə bağlı fikirlər söylənilir. Halbuki, ulu öndər Heydər Əliyev Azərbaycanda aqrar sahənin inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlayıb. 1993-cü ildə Azərbaycanda yaranmış çox ağır ictimai-siyasi və iqtisadi şəraitdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev keçirdiyi görüşlərdə və müşavirələrdə dəfələrlə qeyd edirdi ki, ölkəmizdə həyata keçiriləcək aqrar islahatlar Azərbaycan xalqının milli mənafeyinə xidmət etməlidir. “Müstəqil inkişaf yoluna qədəm qoymuş respublikada artıq köhnə sosialist sistemindən imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı, iqtisadi siyasət gücləndirilməlidir, yəni bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparılmalıdır, təsərrüfat sahəsində iqtisadi islahatlar yeganə yolumuzdur” – deyən ulu öndər 1991-ci ildən iqtisadiyyatda, o cümlədən də aqrar sahədə islahatlar haqqında gedən uzun-uzadı mübahisələrə və müzakirələrə son qoydu, sözdən işə keçməyin yolunu müəyyən etdi və eyni zamanda, islahatların keçirilməsi yolları, üsulları və müddəti barədə proqram hazırlanmasının labüdlüyünü əsaslandırdı. Bununla da Heydər Əliyev respublikada aqrar islahatların hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsi kimi çox mühüm iqtisadi tədbirin həm banisi, həm də təşkilatçısı oldu. Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə hazırlanan “Aqrar islahatın əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” qanun layihələri 1995-ci ildə, “Torpaq islahatı haqqında” qanun layihəsi isə 1996-cı ildə qəbul edildi. Bununla da 1996-cı ildən başlayaraq ölkədə MDB məkanında analoqu olmayan aqrar islahatları başlandı. Uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində sovxoz və kolxozların torpaqları və əmlakı kənd əhalisinə verildi. Lakin ümummilli lider Heydər Əliyev çox yaxşı bilirdi ki, yalnız torpaqları və əmlakı xüsusi mülkiyyətə verməklə kənd təsərrüfatında lazımi nəticələr əldə etmək mümkün deyil. Odur ki, ulu öndər Heydər Əliyev 22 mart 1999-cu il tarixdə “Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında” Fərman imzaladı. Kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının satılması barədə qərar qəbul etdi. Kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi barədə qanun qəbul etdi.


Ulu Öndərin aqrar siyasəti Azərbaycanda uğurla dava etdirilir

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının prioritet sahələrindəndir və bu sektorun inkişafına ölkəmizdə böyük dəstək göstərilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev əsası ümuimmilli liderimiz tərəfindən qoyulmuş aqrar siyasəti müasir dövrün tələblərinə uyğun şəkildə uğurla inkişaf etdirir. Gövlət başçımızın imzaladığı Regionların inkişafına, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, yoxsulluğun azaldılmasına və digər məsələlərə dair Dövlət Proqramlarının icrasının nəticəsidir ki, ölkəmizin bütün bölgələrinin siması kökündən yaxşılaşmış, regionlarda yaşayış məntəqələrinin infrastruktur və kommunal xidmətlərlə təminatı səviyyəsi yüksəlmişdir. Dövlətimizin başçısı aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmiş və ölkənin aqrar siyasətinin əsas məqsədinin ölkənin ərzaq tələbatının tamamilə yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsi olduğunu önə çəkmişdir. Qeyd etmək lazımdır ki, son illər ərzində bir çox xarici ölkələrdə Azərbaycan Respublikasının Ticarət evlərinin açılması Azərbaycanın brend məhsullarının xarici ölkələrdə tanıdılması üçün çox böyük əhəmiyyət kəsb edir və respublikamız özünün rəqabət qabiliyyətli aqrar məhsulları ilə xarici ticarəti genişləndirməkdədir.

Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin aqrar sahədə formalaşdırdığı siyasət sayəsində ölkəmiz dövlətin yerli istehsal hesabına ərzaq təhlükəsizliyinin təmin edilməsi və xarici ölkələrə ixracın səviyyəsinin artırılması yönümündə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirir.

Sədafər Hüseynov,
Saatlı rayon Ağsaqqallar Şurasının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025