Mobil versiya
Aşıq Ələsgər böyük söz ustadıdır
Tarix: 17-03-2021 | Saat: 11:30
Bölmə:Seçki 2024 | çapa göndər

Aşıq Ələsgər böyük söz ustadıdır


Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilən-liklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı.

Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 fevral 2021-ci il tarixli Sərəncam imzalamışdır.

Azərbaycan şifahi xalq ədəbiyyatının görkəmli simalarından biri olan Aşıq Ələsgər Alməmməd oğlu təqribən 1821-ci ildə Göyçə mahalında dünyaya gəlmişdir. Ustadı Aşıq Alıdan saz sənətinin dərinliklərini, aşıq poeziyasının əvəzedilməz örnəklərini mənimsəyən Aşıq Ələsgər ömrü boyu el məclislərində çalıb-çağırmış, xeyirxahlığı, ağsaqqallığı, alicənablığı ilə dillər əzbəri olmuşdur. Aşıq Ələsgər Azərbaycan aşıq sənətinin zirvəsində dayanan el sənətkarı olub, aşıq şeirinin inkişafında onun yeri mürəkkəb formalarının formalaşmasında böyük xidmətləri olan ustad aşıqdır. Təbii ki, Aşıq Ələsgərin yaradıcılığı ideya və məzmun baxımından zəngin, eyni zamanda rəngarəndir. Bu böyük sənətkar hər şeydən əvvəl gözəllik nəğməkarıdır. Təbii ki, böyük aşığın yaradıcılığında həm bəndə və Allah arasındakı eşq, həm də məcazi eşq-ümumbəşəri sevgi və məhəbbət duyğularını əks etdirən poetik örnəklər az deyil.

Bir çox görkəmli sənətkarlarımız kimi, Dədə Ələsgərin yaradıcılığı da ideya və məzmun baxımından zəngin, rəngarəng və hərtərəflidir. Bu poeziya nümunələrində həm xalqımızın əvəzedilməz mənəvi-əxlaqi xüsusiyyətləri, həm Azərbaycan təbiətinin gözoxşayan bədii təsvirləri, həm də ictimai zülmə, haqsızlığıa qarşı etiraz motivləri ilə qarşılaşırıq. Aşıq Ələsgər hər şeydən öncə, eşq və gözəllik nəğməkardır. Onun yaradıcılığında həm həqiqi eşqi-bəndə və Allah arasında olan saf bağlılığı, həm də məcazi eşqi-ümumbəşəri sevgi və məhəbbət duyğularını tərənnüm edən şeirlər çoxdur.

Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və şeirin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında böyük iz buraxmışdır.

Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri Aşıq Ələsgər yaradıcılığında özünü bəlkə də ən gözəl şəkildə biruzə verməkdədir. Görkəmli Azərbaycan şairi Səməd Vurğun öz çıxışlarının birində belə demişdir:

“Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram altında Dədə Ələsgərdən bir nişanə görürəm”. Dövrünün savadlı şəxslərindən biri olan Aşıq Ələsgər bir çox dünya elmləri ilə yanaşı İslamı da dərindən bilən birisi kimi ad qoymuş və bu sahəyə öz yaradıcılığında geniş yer vermişdir. Aşığı görənlərin dediyinə görə, o, zəhməti sevən, ömrünün axırına qədər əlini işdən çəkməyən bir adam imiş. Yaz-yay aylarında əkinçiliklə, qışda isə aşıqlıqla məşğul olarmış. Lap qoca yaşlarında əkin əkər, yer şumlayar, taxıl və ot biçininə gedər, xırman işləri görərmiş. Onun əlindən dülgərlik, araba bağlamaq, dəyirman sazlamaq, ev tikmək işləri də gəlirmiş. Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar kimi tanınmışdır. XIX-cu əsrin 50-ci illərindən başlayaraq çiynində saz müxtəlif mahalları gəzib-dolaşan aşıq xalqın şad günündə, toy-düyünündə çalıb-çağırmış, onun ağır vəziyyətini gördükdə baisi yamanlamış, ona lənətlər yağdırmışdır. Böyük söz ustadı 1926-cı ildə 105 yaşında doğma vətənində vəfat etmişdir.

Azərbaycan folklorçuları qüdrətli söz ustadının əsərlərini toplayıb yazıya almış və nəşr etmişlər. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunmuş, bu münasibətlə Azərbaycan Elmlər Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanmış və çap olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.


Kənan İslamov
YAP Saatlı rayon təşkilatının məsul işçisi
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024