Mobil versiya
Şəhidlər və qazilər Azərbaycanın qürurudur
Tarix: 01-03-2021 | Saat: 12:19
Bölmə:Parlament | çapa göndər

Şəhidlər və qazilər Azərbaycanın qürurudur

Torpaq, uğrunda ölən varsa Vətəndir. Torpaq parçası şəhidlərin canı, qanı bahasına Vətənə çevrilir, müqəddəsləşir. Şəhid Tanrının bəxş etdiyi ən gözəl neməti - canını Vətən, torpaq uğrunda qurban verən ən uca insandır. Bu üzdən də, şəhid ailələri Vətən torpağı kimi onların bizə əmanətdir.

Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət daim qayğı və diqqət göstərir. Şəhid ailələrinə, müharibə, 20 Yanvar, Çernobl əlillərinə mütəmadi olaraq mənzillərin, minik avtomobillərinin verilməsi, onlara verilən müvainətlarin artırılması bunun bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin yanvar ayında imzaladığı Sərəncamla təsdiq olunmuş Dövlət Proqramı çərçivəsində 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Bu günlərdə Ramanı qəsəbəsində 1512 mənzildən, doqquzmərtəbəli 30 binadan ibarət yaşayış kompleksi bütün zəruri sosial infrastrukturla təchiz edilib. Yaşayış kompleksinin ərazisində məktəb, uşaq bağçası, klub - icma mərkəzi də inşa olunub.

Bu münasibətlə yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edən dövlət başçısı bir daha bildirdi ki, şəhid ailələrinə, qazilərə qayğı dövlətin piroritet vəzifələrindədir və bu yöndə görülən işlər böyük sürətlə, yüksək məsuliyyətlə icra olunur. Ramanı qəsəbəsindəki şəhərcikdə olan binaların hamısı müasir səviyyədə, yüksək keyfiyyətlə tikilib. Uşaq bağçası, 1200 yerlik məktəb, yaşayış üçün bütün imkanlar var. Müharibədən cəmi üç ay yarım keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün, artıq, belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunub, təqdim edilib. Bundan sonra da ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstəriləcək.

Əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək.

Qeyd edək ki, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilir. 300-dən çox qazimiz belə protezlərlə təmin ediləcək. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər.

Dövlət şəhid ailələri, müharibə əlilləri üçün zəruri olan hər bir şeyi edir. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il onlara 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda ilin sonuna qədər mənzillər veriləcək. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.

Cənab Prezident çıxışı zamanı xüsusi olaraq vurğuladı ki, haqq-ədalət mübarizəsi aparan Azərbaycan üçün bu müharibədə qələbə qaçılmaz idi. Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ermənistan isə işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün örnək olmalıdır, gənc nəsil üçün örnək olmalıdır və olacaq.

Bu qələbənin əldə olunması üçün Azərbaycan illər ərzində böyük hazırlıq işləri görürdü. Ölkə bu illər ərzində bütün gücünü səfərbər etdi, ardıcıl siyasət aparıldı, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər görüldü. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi.

Gənclərə böyük qiymət verən cənab İlham Əliyev bildirmişdir ki, ən böyük şücaəti bu Vətən müharibəsində Azərbaycan gəncləri nümayiş etdirdi. Vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri torpaqlarımızı işğalçılardan azad etdilər. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlubiyyətə uğradıb torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi.

Hər birimiz bilirik ki, ölkə başçısı bütün çıxışlarında, xüsusən də xarici görüşlərdə, bynəlxalq tədbirlərdə söylədiyi nitqlərdə Azərbaycanın həmişə sülh tərəfdarı olmasını önə çəkərək, Azərbaycan-Ermənistan Qarabağ məsələsinin diplomatik vasitələrlə, sülh yolu ilə həll olunmasının vacibliyini, bu baş tutmayacağı halda problemin güc yolu ilə həllinin qaçılmaz olduğunu bəyan edirdi. Bunun üçün də Azərbaycanın kifayət qədər gücü və ordusu var. Amma ölkəmizə ikili standart siyasəti yürüdən dairələr hər zaman məsələnin güc yolu ilə həllinin mümkünsüzlüyünü önə çəkirdilər. Buna arxayın olan Ermənistan isə bildiyi kimi hərəkət edirdi. Baş nazir Nikol Paşinyan hər yerdə özünün təxribatçı çıxışları ilə mövcud durumu daha da gərginləşdirirdi. Nəhayət, rəsmi İrəvanın yürütdüyü siyasət münaqişənin sülh yolu ilə həll olunmasını mümkünsüz etdi. Bu təxribat xarakterli çıxışlar, artıq, Minsk Qrupunu da kritik duruma saldı. Azərbaycanın səbr kasası isə çoxdan daşmışdı. Amma biz, görürdük ki, münaqişənin sülh yolu ilə həlli yoxdur. Əks təqdirdə 30 il ərzində bu məsələ həll olunardı. Deməli, buna maraq yoxdur, yaxud da ki, belə, nə hərb, nə sülh vəziyyəti kimisə qane edirdi. Kimisə qane edirdi ki, Azərbaycan xalqı 30 il ərzində belə vəziyyətdə yaşasın.

Heç kimə sirr deyil ki, Ermənistan davamlı olaraq təxribatçı qüvvələr tərəfindən silahlandırılırdı. Həm də bu silahlar 30 il ərzində pulsuz verilmişdir. Onları məqsədyönlü şəkildə bizə qarşı silahlandırırdılar. İyul toqquşmasından dərhal sonra, iyulun 17-dən başlayaraq müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə ilə pulsuz silah gətirilirdi. Nəhayət Qarabağda 44 günlük müharibə ilə haqq-ədalət bərpa olundu. Münaqişəyə son qoyuldu. Azərbaycanın müzəffər Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarpaqlarımızı işğaldan azad etdi və üçrəngli bayrağımız artıq Qarabağ torpaqlarında dalğalanır.

Görüşdə cənab İlham Əliyev onu da bildirmişdir ki, Azərbaycan Ordusu bundan sonra da gücləndiriləcək, inkişaf edəcək, ən müasir silahlarla təchiz ediləcək.

Cənab Prezident Birinci Qarabağ müharibəsi zamanı həmin dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyndən də söz açdı. Məhz bu səriştəsizlik və iradəsizlik torpaqların işğalını labüd edib. Xüsusilə AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi və faktiki olaraq müharibənin sonrakı gedişatını şərtləndirdi. Belə vəziyyət Azərbaycanın digər torpaqlarının da işğalına səbəb oldu.

Son müharibə bir daha Azərbaycanın gücünü göstərdi. Əslində Ordumuzun gücü 2016-cı ilin 4 günlük Aprel görüşlərində göstərilmiş və bu barədə dünyaya mesaj verilmişdi. Lakin Ermənistan bundan nəticə çıxarmamışdı. 44 günlük müharibə ilə Müzəffər Azərbaycan Ordusu isə erməniləri torpağımızdan qovub sərhəddə qədər gəldi. Lakin, sərhədin o tərəfinə keçmədi. Əslində bizi buna təhrik etmək istəyirdilər. Əgər ordumuz Ermənistan ərazisinə keçsəydi vəziyyət başqa cür ola bilərdi. Ermənistandan atılan raketlər Gəncə, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli kimi rayonlarımızın dağılmasına gətirib çıxarmışdır. Onların atdığı raketlərin biri Xızıya gəlib çatmışdır. Ona görə, bu təxribat planları var idi və düzgün an, düzgün məqam seçildi və düzgün addımlar atıldı. Bu da Azərbaycanın məsuliyyətli bir ölkə olduğunu sübut edir.

Müharibə bitən gündən, Ermənistan rəhbərliyi kapitulyasiyaya imza atdığı zamandan bu ölkədə başlayan gərginlik bu gün də davam edir və artıq böhran vəziyyətindədir və getdikcə dərinləşir. Bu böhran isə ağır sosial-iqtisadi tənəzzülə səbəb olacaq və daha ciddi fəsadlara yol açacaq.

Pənah İmanov
Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024