Mobil versiya
"Qələbə xəbəri itirdiyim ayağımın acısını unutdurdu" - ADAU məzunu olan Qazimiz...
Tarix: 14-12-2020 | Saat: 20:21
Bölmə:Manşet / Parlament | çapa göndər

"Qələbə xəbəri itirdiyim ayağımın acısını unutdurdu" - ADAU məzunu olan Qazimiz...

İkinci Qarabağ müharibəsində taleyinə qazilik yazılan baş leytenant Xəyal Qurbanov itirdiyi ayağının acısını qələbə xəbəri ilə unutdu.

Xəyal Qurbanovun 37 yaşı hələ tamam deyil. Ali təhsillidir. Azərbaycan Dövlət Aqrar Universitetinin aqrar iqtisadiyyat və menecment ixtisasını bitirib. 2014-cü ildən ordu sıralarında xidmət edir. Baş leytenantdır. Olduqca sadə və səmimi bir gəncdir. Zəhmətkeş bir ailədə dünyaya göz açıb. Atası Tanrıverdi Qurbanovun və anası Rita xanımın halal çörəyi, öyüd nəsihətləri ilə böyüyüb. Genindən gələn halallıq və vətənpərvərlik illər keçdikcə daha güclü hisslərə çevrilib. Günlərin birində də onu ordu sıralarına gətirib. Çevikliyi və cəsurluğu ilə elə ilk günlərdən fərqlənib, komandirlərinin diqqətini cəlb edib. Təlim mərkəzində imtahandan uğurla keçib, zabit rütbəsi alıb və tağım komandiri təyin edilib. İllər ötdükcə Xəyalın hərbi peşəkarlığı da artıb. Tapşırıqları dəqiqliklə yerinə yetirib, hərbin sirrlərinə incəliklərinə kimi yiyələnib. O ötən illəri yaddaşında təzələyib bir-bir mənə danışır. Deyir ki, başqa zabit yoldaşlarım kimi mən də müharibənin qaçılmaz olduğuna inanırdım. Yaxşı başa düşürdüm ki, ikili oyunlar quran dünya birliyi həmişə erməniləri müdafiə edib və dəyişmək kimi fikirləri də yoxdur. Elə o üzdən də Vətən torpaqlarını erməni işğalçılarından təmizləmək üçün hərbi bilik və təcrübəyə daha qətiyyətlə sahiblənməyə çalışdım. İstəyimə də nail oldum. Mühəndis xidməti rəisinin köməkçisi, sonralar xidmət rəisi kimi də hər zaman etimadı doğrultdum, hədəfə doğru inamla irəlilədim.

Dəfələrlə fəxri fərmanlara və medallara layiq görülən Xəyal və onun bölüyünün əsgərləri həm də bir növ döyüşən ordunun mayağı olub. Ermənilərin minaladığı ərazilərdə partladıcı qurğuları zərərsizləşdirib və ordunun təklükəsiz irəliləməsini təmin ediblər. Eyni zamanda işğaldan azad edilən ərazilərə yenidən düşmən hücumu olmasın deyə ehtiyat tədbirlər görüblər. Bu cür əməliyyatların birində isə qəfil mina partlaması nəticəsində ayağının birini itirib. Xəyal onu da deyir ki, minaaxtaran iki dəfə səhf edir. “Bir bu peşəni seçəndə, bir də qəfildən mina üzərinə çıxanda”. Onu da əlavə edir ki, nə bu peşəni seçməyindən, nə də ayağını itirməyindən peşiman deyil. “Bu canım Vətənə fəda olsun, təki Vətənin ərazi bütövlüyü pozulmasın” deyir.

Söhbət zamanı Xəyal ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qurduğu güclü ordudan, xalqı yumruq kimi ətrafında birləşdirməyindən və informasiya məkanında ən cəsur fikir sahibi olmağından da danışdı. Bütün bunlarla qürur duyduğunu dedi.
Atası Tanrıverdi kişi, anası Rita xanım iki bacının bir qardaşı olan oğlunun acısını onunla birlikdə çəkir. Ürəkləri göynəyir, könülləri qübar edir. Amma bu qədər acının içində bir qürur da yaşayırlar. Oğulları təsadüfi bir qəzada yox, Vətən müharibəsində ayağının birini itirib.
İndi Xəyalı tanıyan hər kəs onunla qürur duyur. Vətən torpaqlarının bütövlüyü uğurunda ayağnı itirən, ADAU məzunu olan bu qazi zabiti minnətdarlıqla anır, haqqında ürək dolu danışırlar.
Xəyal Qurbanovun qızı Mədinə, oğlu Çingiz də ataları haqqında fəxrlə danışır. Bu balalar həm də atanın yeriyən ayaqları olduğunu deyir. Xəyal Qurbanova güc verən ən böyük varlıq kimi atalarının yanından ayrılmırlar.
Xəyalın ən böyük arzusu isə onların bütövlüyünü təmin etdiyi Vətən torpaqlarının gələcək nəsillər tərəfindən də göz bəbəyi kimi qorunmasıdır.

Qalib Rəhimli







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-10-2024