Mobil versiya
Könül Nurullayeva: “Niderlandlı deputatlar anti-Azərbaycan mövqe sərgiləməklə əslində öz ölkələrinin nüfuzuna xələl gətirirlər”
Tarix: 09-12-2020 | Saat: 20:51
Bölmə:Manşet / Parlament | çapa göndər

Könül Nurullayeva: “Niderlandlı deputatlar anti-Azərbaycan mövqe sərgiləməklə əslində öz ölkələrinin nüfuzuna xələl gətirirlər”


"Ermənistanın faktiki kapitulyasiyası kimi qiymətləndirilən 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanat erməni lobbisinin təsiri altında olan Niderland Parlamentində də radikal qüvvələrin hədəfinə çevrilib. Əslində Niderland Hökuməti parlamentdəki təxribatçı təşəbbüsləri müəyyən mənada neytrallaşdırmağa və sənəd layihələrini balanslaşdırmağa çalışır. Lakin hökumətin beynəlxalq hüquqa söykənən birmənalı mövqe nümayiş etdirməməsi parlamentdə radikal qüvvələrin fəallaşmasına səbəb olur. Müharibənin başa çatmasından sonrakı ilk günlərdə parlamentin Nümayəndələr Palatasında Azərbaycana və qardaş Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması, qondarma rejimin tanınması kimi absurd çağırışlar edən layihə müəllifləri ermənipərəst qüvvələrin əlaltılarıdır. Reallıqla heç cür barışmaq istəməyən bu ultra-millətçi qüvvələr parlamentdə mütəmadi olaraq mövzunu qaldıraraq, hökumətə müxtəlif təxribat xarakterli suallar ünvanlayırlar. Bu qərəzli yanaşma ilə niderlandlı deputatlar əslində öz ölkələrinin nüfuzuna xələl gətirirlər".

Musavat.com xəbər verir ki, bunu deputat Könül Nurllayeva deyib: "Digər tərəfdən, iqtisadi baxımdan Azərbaycan kimi əlverişli və etibarlı tərəfdaşla münasibətlərə kölgə salmaqdan kimin zərər görəcəyi aydındır. Üstəlik, ərazilərinin işğaldan azad olunması ilə Azərbaycanda yeni inkişaf mərhələsi başlayıb və biz öz tərəfdaşlarımızla, etibarlı tərəfdaşlıq prinsipinə sadiq qalan dostlarımızla əməkdaşlığı daha da dərinləşdiririk. Yəni, faktiki Azərbaycanın qələbəsi sayəsində həm də xarici investorlar üçün bölgədə yeni imkanlar yaranıb. Təbii ki, bu imkandan yararlananlar yalnız Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlər olacaq. AntiAzərbaycan mövqe sərgiləyənlər isə təbii ki, bu əməkdaşlıq platformasında yer almayacaqlar.

Ümumiyyətlə, Niderlandlı parlamentarilərin timsalında bu cür təxribatçı qərarlar ölkələrimiz arasında gələcək münasibətlərdə soyuqluğun yaranmasına səbəb olur ki, Prezident İlham Əliyev bu ölkənin Bakıya yeni təyin olunmuş səfiri ilə görüşdə artıq bu barədə xəbərdarlıq edib.

Ən təzadlı məqam isə budur ki, özünü Avropanın aparıcı ölkəsi hesab edən Niderlandın dövlət siyasətini faktiki ekstremist siyasətçilər müəyyən edir. Bu ölkənin cəmiyyətində ultra-sağ, ultra-xristian və radikal-şovinist meyllər günbəgün artmaqdadır. Türkiyə və digər müsəlman əsilli vətəndaşlara qarşı təhqir və hücumlar, ölkə mediasında açıq İslamofob təzahürlər, hətta Avropa İttifaqı daxilində sonradan birliyə qoşulmuş ölkələrə qarşı ayrı-seçkilik Niderlandın dövlət siyasətinin bir hissəsinə çevrilib. Bu məqamda Niderlandın müstəmləkəçi keçmişinə nəzər salmaq zərurəti yaranır. Bu gün separatçı rejimin əsassız müdafiəsinə qalxan Niderland ötən əsrin 70-ci illərinə qədər müstəmləkəçi ölkə kimi Amerika, Asiya və Afrika qitələrində onlarla xalqı siyasi və iqtisadi əsarətdə saxlayıb. Eyni zamanda dünyada ən çox sayda müsəlman əhalisi olan İndoneziya kimi nəhəng ölkə əsrlər boyu holland müstəmləkəçiliyinə qarşı mübarizə aparıb.

Serebrenitsa soyqırımını da xatırlamağa zərurət yaranır. 1995-ci ildə 8300-dən çox insanın soyqırıma məruz qalmasının əsas səbəbi məhz BMT-nin Niderland sülhməramlı kontingentinin fəaliyyətsizliyi nəticəsində baş verməsi idi.

Bir sözlə, Niderlandlı parlamentarilərin qərəzli davranışları bu ölkənin müstəmləkəçi keçmişinə sadiqliyi kimi də izah oluna bilər.

Musavat.com



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2024