Mobil versiya
Ali Baş Komandan Böyük Qayıdışın ilk möhtəşəm addımını atdı
Tarix: 18-11-2020 | Saat: 19:48
Bölmə:Karusel | çapa göndər

Ali Baş Komandan Böyük Qayıdışın ilk möhtəşəm addımını atdı



Noyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına etdikləri tarixi səfər xalqımızın yaşadığı qələbə sevincini daha da artırmış, insanlarımızın özünəinam hissini bir qədər də yüksəltmişdir. Ali Baş Komandanımız Füzuli və Cəbrayıl şəhərlərində, Xudəfərin körpüsündə Azərbaycan bayrağını şəxsən özü qaldırmaqla bizim işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışımızın ilk addımının artıq atıldığını bütün dünyaya bəyan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də öz prinsiplərinə sadiqliyini bütün dünyaya nümayiş etdirdi. İşğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın ilk günü quruculuq işlərinə start verilməsilə əlamətdar oldu. Həmin gün Füzuli – Şuşa avtomobil yolunun çəkilişinə başlandı. Ali Baş Komandan və xanımı Mehriban Əliyeva yolun təməlqoyma mərasimində iştirak etdilər.Çox qürurverici bir haldır ki, işğaldan azad edilmiş torpaqlarımızda icrasına başlanmış ilk layihə məhz Füzuli – Şuşa yolu olacaqdır. Bu yolun əlbəttə ki, müstəsna əhəmiyyəti vardır. Möhtərəm Prezidentimizin də Füzuli rayonunda sakinlərlə görüşü zamanı etdiyi çıxışında dediyi kimi, məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi.Füzuli – Şuşa yolunun inşasına başlanması həm də Azərbaycan xalqının və Azərbaycan Prezidentinin yaradıcı ruhunun bir göstərisidir. Otuz il ərzində bu torpaqları işğal altında saxlayan ermənilər həmin ərazilərdə tək bir quruculuq işinə də imza atmamış, yalnız dağıtmaq, viran qoymaq və talan etməklə məşğul olmuşlar. Həmçinin Füzuli rayonuna gedən yolun ətrafında yerləşən kəndlərdə, bir vaxtlar həyat qaynayan bu ərazilərdə də öz dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə yeksan edilib. Onlar daşı daş üstündə qoymayıblar. Budur erməni xislətinin mahiyyəti. Lakin Azərbaycan xalqına bu xüsusiyyətlər yaddır. Azərbaycan xalqı yalnız quruculuq, sülh və əmin-amanlıq tərəfdarıdır. Budur, Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından cəmi 6 gün keçəndən sonra artıq cənab Ali Baş Komandanın ayaq basdığı yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Möhtərəm dövlət başçımızın da qeyd etdiyi kimi, bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək.
Lakin bizim sülsevərliyimiz hər hansı bir aqressora aman verəcəyimiz anlamına gəlmir. Millətimizə, torpağımıza xor baxan düşmənlər hər zaman Şanlı Azərbaycan Ordusunun qəzəbini görəcəklər. Necə ki, indi bunu erməni işğalçıları gördülər. Ali Baş Komandan işğaldan azad edilmiş Füzuli şəhərində sakinlərlə görüşü zamanı etdiyi çıxışında da bu məqamı xüsusilə vurğulayaraq demişdir: “Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz.”
Həqiqətən də Azərbaycanın öz torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı Vətən müharibəsində əldə etdiyi bu tarixi qələbə ölkəmizdə mövcud olan sarsılmaz iqtidar-xalq birliyinin ən möhtəşəm təcəssümü oldu.
Eşq olsun Şanlı Azərbaycan Ordusuna! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Yaşasın Azərbaycan!


Məşhur Məmmədov
Millət vəkili,
Milli Məclisin İntizam Komissiyasının üzvü

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024