Mobil versiya
Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi şəhid Yaşar Babayevin övladını himayəyə götürüb
Tarix: 05-09-2020 | Saat: 21:14
Bölmə:Gündəm | çapa göndər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi şəhid Yaşar Babayevin övladını himayəyə götürüb

Bu il Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu ilə sərhəddə törətdikləri təxribat nəticəsində baş vermiş İyul döyüşləri zamanı şəhid olan gizir Yaşar Babayevin övladı Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri (NRYTİ) Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən himayəyə götürülüb. Sentyabrın 1-dən etibarən şəhidin ailəsinə hər ay 150 manat maddi yardım veriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin qərarına əsasən, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin İyul döyüşləri zamanı Vətən uğrunda şəhid olmuş hərbçilərin 18 yaşına qədər olan övladları həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb. Bu qərara əsasən, 23 şəhidin 41 övladı himayəyə götürülmək üçün qeydə alınıb. Onlardan biri İyul döyüşləri zamanı şəhid olan gizir Yaşar Babayevin övladıdır. Yaşar Babayevin ölümündən sonra doğulan övladı – 2020-ci il təvəllüdlü Narin Babayeva 18 yaşınadək Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən himayəyə götürülüb.

Sentyabrın 4-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rəşad Səfərov Ağstafanın Köçəsgər kəndində şəhid Yaşar Babayevin ailəsi ilə görüşüb.

Görüş zamanı Rəşad Səfərov Azərbaycan xalqının Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsini hər zaman uca tutduğunu bildirib. O qeyd edib ki, Yaşar Babayev də öz qanı bahasına torpaqlarımızın azad olunması uğrunda şəhidlik zirvəsinə ucalıb. Vətən, torpaq yolunda canını qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq.

R.Səfərov Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, onların üzləşdikləri problemlərin həlli istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin təşəbbüsü ilə həyata keçirilən layihəyə əsasən, şəhid Yaşar Babayevin yeganə övladı NRYTİ Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən himayəyə götürülüb.

Şəhidin valideynləri – Vasif Babayev və Firəngiz Babayeva şəhid ailələrinə göstərilən dövlət qayğısından danışaraq minnətdarlıqlarını bildiriblər. Şəhidin atası fəxr hissi ilə deyib ki, Yaşar Babayev öz istəyi ilə Vətənin keşiyində durmağı qarşısına məqsəd qoymuşdu. O, İyul döyüşləri zamanı Tovuzun Ağdam kəndi yaxınlığındakı Qaraqaya ətrafında gedən döyüşlərdə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid oldu.

Vasif Babayev bu xeyirxah təşəbbüsə görə minnətdarlığını ifadə edib.

Şəhid ailəsinə yardım paketləri təqdim olunub.

Sonra NRYTİ Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri və şəhidin ailə üzvləri Yaşar Babayevin xatirəsini anıblar.

Qeyd edək ki, şəhid Yaşar Babayev 1987-ci ildə Ukraynanın Xerson şəhərində anadan olub. Orta məktəbi Ağstafanın Köçəsgər kəndində bitirdikdən sonra 2005-ci ildə hərbi hissəyə yollanıb. Daha sonra mülki sahədə işləməyə başlayan Yaşar Babayev 2016-cı ildə müddətdən artıq hərbi xidmətə yollanıb. 2020-ci il iyulun 14-də Tovuz sərhədi istiqamətində düşmən təxribatının qarşısını alarkən gedən şiddətli döyüşlər zamanı şəhid olub.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024