Mobil versiya
Keçmiş nazir həbs olunmaq təhlükəsi ilə üzləşib - Məhkəmə
Tarix: 28-08-2020 | Saat: 17:25
Bölmə:Gündəm | çapa göndər

Keçmiş nazir həbs olunmaq təhlükəsi ilə üzləşib -



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maliyyə fırıldağında təqsirləndirlən keçmiş əməkdaşları - Nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, həmin departamentin baş mühasibi İlqar Hacıyev və departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

aia.az “BakuPost”a istinadla xəbər verir ki, keçirilən prosesdə təqsirləndirilən şəxs İlqar Hacıyev vəkillərin suallarını cavablandırıb.

O bildirib ki, ştatdan kənar olan 63 işçinin kartına pul köçürülməsindən xəbərdar olub:

“Həmin kartlardan pulu Əkbər Həsənovun sürücüsü çıxarıb. Nazirliyin digər qurumlarında qazanc, gəlir yeri olurdu. 2-3 ağacın yerini oyan-buyan edib pul qazanırdılar. Bizim departament isə gəlirsiz yer idi. Havanı pulla satmayacaqdıq ki. Məcbur olub bu işi görmüşük”.

İlqar Hacıyev deyib ki, itkin düşən alpinistlərin axtarışı üçün 12 min manat, kombi sisteminin quraşdırılması üçün 20 min manat, telekommunikasiya xətlərinin yenilənməsi üçün 7 min manat, hava proqnozları ilə bağlı bukletlərin hazırlanması üçün 20 min manat, departamentin balansında olan binanın şüşə üzlüyünün yuyulması üçün 25 min manata yaxın vəsait xərclənib.

Təqsirləndirilən şəxs çıxışı zamanı sabiq nazir Hüseynqulu Bağırovun da küllü miqdarda rüşvət tələb etdiyini dilə gətirib: “Sabiq nazir Hüseynqulu Bağırov Əkbər Həsənovdan 265 min manat istəyərkən həmin məbləği Vüqar adlı şəxsdən alıblar”.

Sonra çıxış edən vəkilin sözlərindən məlum olub ki, təqsirləndirilən şəxslər barəsində cinayət işi açılanda onlar bu işdə Hüseynqulu Bağırovu günahkar bilərək onun barəsində müraciət hazırlayaraq mətbuat vasitəsi ilə ictimailəşdirmək istəyiblər. Lakin sonradan Hüseynqulu Bağırova yaxın şəxslər məsələni həll edəcəkləri vədi ilə müraciətin mətbuata çıxmasının qarşısını alıblar.

İlqar Hacıyev bunu təsdiqləyib və deyib ki, həmin müraciət onda hələ də qalır.

Əkbər Həsənov bunu da təkzib edib və İlqar Hacıyevin düz danışmadığını deyib.

Əkbər Həsənov məhkəməyə bildirib ki, bu işdə Hüseynqulu Bağırovun adının hallandırılması doğru deyil. Onun sözlərinə görə, sabiq nazir bu məsələlərdən xəbərsiz olub. Həsənov əlavə edib ki, onun sürücüsü heç vaxt kartlardan pul çıxarmayıb:

“İstintaqda bizə də göstərdilər. Pul çıxaranların hamısı bankomatların kamerasına düşüb. Amma mənim sürücüm yoxdur”.

Məhkəmə prosesinin davamında təqsirləndirilən şəxslərdən ev dustaqlığında olan Orxan Qasımov ifadə verib. O özünü təqsirli bilməyib.

Orxan Qasımov istintaqda fərqli ifadə verməsini, dövlətə vurulmuş ziyanın bir hissəsini ödəyəcəyi ilə bağlı söz verməsini belə izah edib:

“İstəmirdim ki, İlqar müəllim üçün daha da çox problem yaransın. Buna görə də belə ifadə verdim ki, ona kömək edim. Yəni, kartlardan dördü məndə olmayıb. Mən, sadəcə, işçilərin maaşını hesablamışam. Həmin kartlardan pulu çıxaranda İlqar müəllimə vermişəm”.

İlqar Hacıyev Orxan Qasımovun ifadəsinin bu hissəsini təsdiqləyib və bildirib ki, Orxanın ona verdiyi pulları da Əkbər Həsənova çatdırıb.

Orxan Qasımov suallara cavabında bildirib ki, müqaviləsiz işçilərdən xəbəri olmayıb: “Mən, sadəcə, şəxsiyyət vəsiqələri əsasında sənədləri banka göndərib kart açılmasını həyata keçirirdim”.

O. Qasımovun istintaqda vəkilinin olmadığını, vəkilsiz dindirildiyini deyib.

Məhkəmədə Orxan Qasımovun ifadəsi elan edilib.

İfadəsində o etiraf edir ki, departamentə aidiyyəti olmayan şəxslərin adına kartlar açaraq pulları oraya köçürərək mənimsəyiblər.

İstintaqdakı ifadəsində O. Qasımov deyib ki, İlqar Hacıyev və Əkbər Hacıyevin rəhbərliyi altında 451 min manat vəsait mənimsənilib. Orxan həmin ifadəsində göstərib ki, kartlardan çıxarılan pullar İlqar Hacıyevə verilib. Pullar Əkbər Həsənov və İlqar Hacıyevin arasında bölünüb və şəxsi məqsədləri üçün istifadə edilib.

Suallara cavab zamanı Orxan Qasımovun dedikləri ilə istintaqdakı ifadəsində xeyli ziddiyyətlər yaranıb. O, istintaqda boş vərəqə imza atdığını deyib və yazılan ifadədən xəbərsiz olduğunu söyləyib.

Ə. Həsənov isə bildirib ki, O. Qasımov İ. Hacıyevin əlavə kartlar açmasından xəbərdar olub, amma bunları dilə gətirmir.

Əkbər Həsənov Orxanın istintaqdakı ifadəsi ilə razı olduğunu deyib. Lakin sonradan sözünə düzəliş edib və bildirib ki, həmin ifadədə də yanlışlıq var: “Mənə aid olan hissələr düzgün deyil. Mən ona heç bir göstəriş verməmişəm”.

İlqar Hacıyev isə çıxışında deyib: “Hər kəs bilir ki, direktorun razılığı olmadan bu işlər görülə bilməz. Hüseynqulu Bağırovun da xəbəri olub. Amma necə olur ki, bir mən burada otururam?”

Hakim deyib ki, hazırda burada cinayət işində adı çəkilən şəxslərin işinə baxılır: “Hüseynqulu Bağırovdan şikayətiniz varsa müvafiq qurumlara müraciət edə bilərsiz”.

Məhkəmə prosesi gələn həftə davam etdiriləcək.

Xatırladaq ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb.

İttihama görə, 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə - direktor və direktor müavini işləyən Ə. Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər Nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əməkhaqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər.

Zərərçəkən 27 nəfər də əmək müqaviləsi imzalanmayan, maaşları karta köçürülərək mənimsənilən şəxslərdir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024