Mobil versiya
Mədəni irsimiz – milli sərvətimizdir!
Tarix: 27-08-2020 | Saat: 15:42
Bölmə:Gündəm | çapa göndər

Mədəni irsimiz – milli sərvətimizdir!




Ağdaş Regional Mədəniyyət İdarəsinin məqsədyönlü fəaliyyəti regionda milli-mədəni irsimizin qorunub saxlanmasına, müasir mədəniyyətimizin inkişafına xidmət edir

Bu gün biz hamımız xalqımızın qədim tarixi, maddi-mədəni abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edirik. Əsrlər boyunca ölkəmizdə müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçərək, son nəticədə Azərbaycan incəsənəti və mədəniyyətini formalaşdırmışdır. Müasir dövrdə Azərbaycanda mədəniyyət sahəsində dövlət siyasətini həyata keçirən Mədəniyyət Nazirliyi tərəfindən milli-mədəni irsimizin qorunub saxlanması və daha da inkişafı, bu zəngin irsin dünyaya daha geniş formada tanıdılması istiqamətində məqsədyönlü addımlar atılır. Bu baxımdan Mədəniyyət Nazirliyinin struktur bölmələrinin, o cümlədən ölkənin rayon və bölgələrində fəaliyyət göstərən Regional Mədəniyyət İdarələrinin işi də xüsusi əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, Regional Mədəniyyət İdarələrinin yaradılmasından keçən müddət ərzində mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sisteminın formalaşdırılması yolunda xeyli işlər görülmüşdür. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin struktur bölmələrinin sırasında bu sahədə özünün effektiv fəaliyyəti ilə diqqəti cəlb edən qurumlardan biri də Ağdaş Regional Mədəniyyət İdarəsidir. Qeyd etmək lazımdır ki, Ramiz Quliyevin rəhbərlik etdiyi bu idarə Ağdaş, Göyçay, Zərdab və Ucar rayonlarında mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi yönümündə kifayət qədər səmərəli fəaliyyət göstərir. Hazırda idarənin tabeliyində 7 muzey, 4 mərkəzləşdirilmiş kitabxana sistemi, 4 Heydər Əliyev Mərkəzi, 4 rayon Mədəniyyət Mərkəzi, 3 Uşaq musiqi məktəbi, Ağdaş Dövlət Rəsm Qalereyası, 2 rayon Uşaq İncəsənət məktəbi fəaliyyət göstərməkdədir.
Ümumiyyətlə Ağdaş Regional Mədəniyyət İdarəsinin fəaliyyəti həm də mütəmadi olaraq keçirilən müxtəlif tədbirlərlə çox zəngindir. Təsəvvür edin ki, təkcə hələ tamam olmamış avqust ayı ərzində idarənin əhatə etdiyi rayonlarda artıq 15-dən artıq müxtəlif mədəni tədbirlər keçirilib. Əlbəttə ki, pandemiyadan əvvəlki dövrdən fərqli olaraq bütün bu tədbirlər karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunaraq, xüsusi reqlament əsasında keçirilir. Bununla belə Ağdaş Regional Mədəniyyət İdarəsinin və onun tabeliyində fəaliyyət göstərən digər müəssisələrin əməkdaşları həm böyüklərin, həm də uşaqların asudə vaxtlarının səmərəli keçməsi üçün əllərindən gələni edirlər. Təsadüfi deyildir ki, bu mədəniyyət müəssisələrinin göstərdikləri xidmətin səviyyəsindən regionun sakinləri də xeyli məmnundurlar. Elə redaksiyamızın elektron ünvanına daxil olan məktublarda da bu məmnunluq öz ifadəsini tapmışdır. Məhz həmin məktublarda yerli sakinlər Ağdaş Regional Mədəniyyət İdarəsinin və onun tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin fəaliyyətini işıqlandırmağımızı bizdən xahiş etmişlər. Biz də bu xahişi nəzərə alaraq keçirilən tədbirlərdən bəziləri haqqında oxucularımızı məlumatlandırmaq istəyirik.



Heydər Əliyev Mərkəzlərinə virtual ekskursiyaların keçirilməsi davam edir

Respublika ərazisində elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar biri-birindən çox uzaq məsafədə yerləşən Heydər Əliyev Mərkəzlərinin əməkdaşlığının möhkəmləndirilməsi və təcrübə mübadiləsi baxımından Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə bu dəfə Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zaqatala rayon Heydər Əliyev Mərkəzinə virtual ekskursiya keçirilib. ZOOM proqramı ilə keçirilən tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova və Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov tədbir iştirakçılarını salamlayaraq Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə virtual ekskursiya iştirakşılarını tanış ediblər.

Eyni zamanda Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova virtual ekskursiya zamanı bildirilib ki, Zərdab rayon Heydər Əliyev Mərkəzində 195 eksponat, 525 adda 575 kitab mühafizə olunur. Həmin eksponatlar Ümummilli Liderin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gələcək nəslə çatdırılmasında böyük rol oynayır. Azərbaycanın müasir dövlətçilik tarixinin və Ümummilli Liderin siyasi irsinin öyrənmək üçün dəyərli faktlar əldə etmək olar. Virtual ekskursiya zamanı Zaqatala və Zərdab rayon Heydər Əliyev Mərkəzlərinin ekspozisiyada nümayiş olunan eksponatlar haqqında geniş məlumat verilib.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə virtual ekskursiyalar silsilə olaraq regionlarda fəaliyyət göstərən daha bir neçə Heydər Əliyev Mərkəzləri ilə keçiriləcəyi nəzərdə tutulub.

Nağıllar aləminə səyahət

Avqustun 21-də Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı Dəli Quşçu kənd kitabxana filialının əməkdaşları evdə körpə fidanlara “Nağıl saatı” təşkil etmişlər. Kitabxana filialının müdiri Mariya Soltanova və kitabxananın əməkdaşı Şəmsiyyə Mehdiyeva uşaqlara Gülzar İbrahimovanın “Sehrli televizor” və “Su pərisi və balıqçı” nağıllarını oxuyublar. Nağıllar uşaqlarda xoş təəsuratlar yaradıb. Qeyd edək ki, uşaqların nağıllar aləminə səyahəti İdarənin tabeliyində olan digər kitabxanaların əməkdaşları tərəfindən də mütəmadi olaraq təşkil edilir. Belə ki, avqustun 8-də Ağdaş rayon MKS-nin 68 saylı şəhər kitabxanasının əməkdaşı kiçik fəal oxucular üçün nağıl saatı təşkil ediblər. Tədbirdə mütaliə edilən nağıllardan “Uzuncorab Peppi”, “Kapitan Qrantın uşaqları”, “Maşa və ayı” uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Səyyar kitabxana xidmətinizdədir

Təbii ki, pandemiya dövrünün tələblərindən irəli gələrək insanların sərbəst hərəkət imkanlarının qismən məhdudlaşdırıldığı bir vaxtda səyyar kitabxanalara olan tələbat da bir qədər yüksəlmişdir. Bunu nəzərə alaraq Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mərkəzləşdirilmiş kitabxana sistemlərinə aid kitabxanalar da öz fəaliyyətlərini məhz bu istiqamətə yönləndirirlər. Avqustun 11-də Zərdab rayon MKS-nin 20 saylı Gəndəbil kənd kitabxana filialının əməkdaşları Gəndəbil kənd Tibb məntəqəsinin işçilərinə səyyar kitabxana xidməti göstərmişlər. Gəndəbil Tibb məntəqəsinin müdiri Lalə Məmmədova və tibb bacısı Qəmər Ömərova göstərilən səyyar kitabxana xidmətindən çox razı qalıblar. Onlar kitabxana əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər. Avqustun 7-də isə Ağdaş rayon MKS-nin 68 saylı şəhər kitabxanasının əməkdaşları Dostməmmədovlar və Zikriyayevlər ailəsi üçün səyyar kitabxana xidməti təşkil ediblər. Oxucuların istəklərinə uyğun Çingiz Abdullayevin və “Kapitan Qrantın uşaqları” kitabları onlara təqdim olunub.



Əlbəttə ki, yuxarıda qeyd edilən bu tədbir və görüşlər Ramiz Quliyevin rəhbərlik etdiyi Ağdaş Regional Mədəniyyət İdarəsinin son bir ay ərzində göstərdiyi fəaliyyətinin az bir hissəsini əks etdirən epizodlardır. Bununla belə, artıq bu epizodlar da İdarə tərəfindən regionda milli-mədəni irsimizin qorunub saxlanması, müasir mədəniyyətimizin daha da inkişafı yönümündə kifayət qədər səmərəli işlər görüldüyünü deməyə əsas verir. Öz növbəmizdə biz də Ağdaş Regional Mədəniyyət İdarəsinin bütün kollektivinə və ilk növbədə idarənin rəisi Ramiz Quliyevə onların bu çətin, lakin maraqlı işlərində yeni-yeni nailiyyətlər diləyirik.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024