Mobil versiya
Rəşad Cəbrayılov: «Xalqımız yenə də dövlətinin və Prezidentinin ətrafında sıx həmrəylik nümayiş etdirdi
Tarix: 17-07-2020 | Saat: 14:58
Bölmə:Gündəm | çapa göndər

Rəşad Cəbrayılov: «Xalqımız yenə də dövlətinin və Prezidentinin ətrafında sıx həmrəylik nümayiş etdirdi


YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov Azərbaycan Ordusunun Tovuz istiqamətindəki zəfər döyüşlərindən danışaraq «İki sahil»ə bildirib ki, bütün ölkə əhalisi kimi, ordumuzun zəfər döyüşləri salyanlıların da qürur mənbəyinə çevrilib. Vurğulayıb ki, Ermənistan silahlı qüvvələri iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti təxribat törədərək qəflətən hərbi postumuza artilleriya atəşi açıb və mövqelərimizi ələ keçirməyə cəhd göstərib. Şəhidlər versək də, ordumuz bu dəfə də düşmənin hərbi bölmələrinə sarsıdıcı zərbələr endirib, dövlət sərhədlərimizi rəşadətlə qoruyub. Müdafiə nazirliyimizin açıqladığı dəqiq informasiyalara görə, döyüşlər başlayan gündən Ermənistan silahı qüvvələrinin yüzdən çox əsgəri məhv edilib, onlarla strateji hərbi mövqeyi dağıdılıb.

Qürur duyuruq ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. Son illərdə biz bunun dəfələrlə şahidi olmuşuq. 2016-cı ilin Aprel döyüşləri, həmçinin hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrin fonunda müşahidə olunanlar bunu bir daha təsdiq edir. Bu günlərdə düşmən ölkənin mediasında, sosial şəbəkələrdə yayılan xəbərlərdən də məlum olur ki, Ermənistan Tovuz istiqamətində törətdiyi təxribatın layiqli cavabını alıb, canlı qüvvə və texnika sarıdan daha böyük itkilərə məruz qalıb.

Rəşad Cəbrayılov bildirib ki, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirib ki, görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Onlara sarsıdıcı zərbələr endirildi. Dövlət başçısının qeyd etdiyi kimi, onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. Beləliklə, şəhidlərimizin qısası alındı. Əlbəttə ki, bu döyüşlər Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bu döyüşlər işğalçılara növbəti xəbərdarlıqdır ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Erməni tərəfi başa düşməlidir ki, sülh yolu ilə, xoşluqla torpaqlarımızdan çıxmasalar ordumuz onlara öz yerini göstərəcək. Artıq ordumuzun gücünə də yaxşı bələddirlər.

Təşkilat sədri bu çətin günlərdə xalqımızın milli birlik göstərməsi faktını da yüksək dəyərləndirib. Vurğulayıb ki, taleyüklü məqamlarda öz dövlətinin və Prezidentinin ətrafında sıx həmrəylik nümayiş etdirmək Azərbaycan xalqını səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Biz Azərbaycan xalqının ümummilli məsələlərdə vahid mövqedən çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. Bu da son nəticədə dövlətimizin gücünü artıran mühüm faktordur. Xalqımızın sıx həmrəylik nümayiş etdirdiyi ümummilli məsələlərdən biri də Dağlıq Qarabağ problemidir. Dövlət və cəmiyyət bəhs olunan problemin həllində vahid mövqedən çıxış edərək prinsipial yanaşma ortaya qoyur - torpaqlarımız işğalçılardan təmizlənməli, ərazi bütövlüyümüz təmin olunmalıdır.

Azərbaycan Ordusunun Tovuz istiqamətində düşmən təxribatının qarşısını qətiyyətlə alması cəmiyyətdə yüksək əhval-ruhiyyə yaradıb. 2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiyalar cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Müharibə şəraitində yaşadığımız indiki dövrdə orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər. Eyni zamanda, bugünlər xalqımız şəhidlərimizə böyük ehtiram nümayiş etdirdilər. Lakin təəssüf doğuran haldır ki, bütün xalqımızın dövlətimizə, Prezidentimizə və ordumuza dəstək nümayiş etdirdiyi halda, iyulun 14-dən 15-ə keçən gecə, sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində təxribat, qarşıdurma yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək binaya maddi ziyan vurması, polislərə qarşı müqavimət göstərilməsi vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası,Vətən yolunda canını fəda edən şəhidlərin ruhuna hörmətsizlikdir. Ona görə də biz təxribaçıların əməllərini pisləyirik və onların cəzalandırılmasını tələb edirik.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024