Mobil versiya
Milli təəsübkeşliyin zirvəsində
Tarix: 13-06-2020 | Saat: 14:17
Bölmə:Manşet | çapa göndər

Milli təəsübkeşliyin zirvəsində




1993-cü il 15 iyun tarixi xalqımızın qurtuluşunun təməl nöqtəsi olub. Milli Qurtuluş Günü özünü ölkədəki sabitlikdə təzahür edib. Həmin ilin 4 iyununda baş verən hadisələr ölkəni dünya xəritəsindən silməyə hesablanmışdı. Burada dünya gücləri, ölkədəki AXC-Müsavat cütülüyü, o cümlədən separatçılar rol alırdı. Həmin müddətdə hakimiyyətdə olan bəzilərinin diletant, xəyanətkar mövqe tutması, şəxsi ambisiyalarını irəli çəkməsi ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Sanki, tarix təkrar olurdu, XX əsrin əvvəllərində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti ətrafında baş verənləri xatırlayırsınız. İlk dövlət qurulmuşdu, bayraq qaldırılmışdı, bir sıra işlər həyata keçirilmişdi. Cümhuriyyət 23 ay ərzində dövlət quruculuğu istiqamətində bir sıra uğurlu addımlar atmışdı. Amma dövlət çox yaşamadı. 1991-ci ildə də yenidən müstəqil olan Azərbaycan yox olmaq təhlükəsi ilə üzləşmişdi. Xalqın ən çətin günündə ulu öndər Heydər Əliyev Bakıya gəldi. Bu, xalqın təkidli tələbi idi. Onun Bakıya qayıdışı Azərbaycanı xilas etdi. Ulu öndər Bakıya dönərkən dedi ki, “vəziyyət düşündüyüm də təhlükəli imiş, nə gücüm, qüvvəm varsa, xalq üçün çalışacağam”. Bilirsiniz ki, ulu öndər Heydər Əliyevin üzərində bir Azərbaycançılıq missiyası var idi, Azərbaycançılıq onun döyünən ürəyi idi. Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə prioritetləri müəyyən etdi. Təbii ki, ölkədə problemlər çox idi: qaçqın və məcburi köçkünlərin olması, ərazilərimizin işğalı, özbaşınalığın, xaosun olması, dövlət büdcəsində vəsaitin olmaması, bir sözlə minlərlə problemlər vardı. Ulu öndər dövlət quruculuğu istiqamətində bir sıra addımlar atdı, atəşkəsə nail oldu. Bundan sonra neft sazişləri imzalandı, ölkədə maliyyə vəsaiti daxil oldu. Bunlar hamısı Heydər Əliyev şəxsiyyətinin xarizmasının hesabına baş verdi.
Heydər Əliyev bütün həyatı boyunca, o cümlədən Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən, Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışarkən bütün varlığı ilə Azərbaycan xalqını düşünüb, fəaliyyəti dövründə bir sıra izlər qoymuşdu. Təbii ki, həmin vaxt bilmək olmazdı ki, ölkə müstəqil olacaq. Baxmayaraq ki, Heydər Əliyev də nəhəng imperiyanın rəhbərliyində təmsil olunurdu, amma Azərbaycanın gələcəyinə inanırdı. Onun həmin dövrdə kənd təsərrüfatı, infrastruktur, neft sənayesi sahəsində gördüyü işlərdən müstəqil dövründə də istifadə olundu. 15 iyun xalqımızın nicat günüdür. Biz bunu bayram kimi qeyd edirik. Tarixə nəzər salsaq görərik ki, nə qədər çətin yol keçmişik. İndi hiss edirik ki, ulu öndər necə böyük işlər görüb. O, 70 yaşında, yaşının ixtiyar çağında Bakıya döndü. İnsanın nə qədər gücü, qüvvəsi olmalıdır ki, belə ağır yükün altına girə və bacara. Bu gücü ona Azərbaycan sevgisi verirdi. Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçildiyi gündən vəfat edənə qədər bir dəqiqə, saat, gün belə istirahət etmədən, yorulmadan çalışıb. Çünki vaxt çox az idi. Azərbaycanda bütün sahələr inkişaf etdirildi, sabitlik bərqərar edildi, ordumuz gücləndi. Ulu öndər Azərbaycanın inkişaf konsepsiyasını işləyib hazırladı.
2003-cü ildən isə Heydər Əliyevin dövlət quruculuğu modelini möhtərəm Prezidentimiz cənab İlham Əliyev  uğurla davam etdirir. Etiraf olunmalıdır ki, ötən illər ərzində dövlət başçımız tərəfindən insanların sosial-rifah yüksəlişi, dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb.
Bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla, inamlı şəkildə həyata keçirilir. Dövlət başçımız dünya xəritəsində zərrə qədər görünən Azərbaycanı məhz Ulu Öndər Heydər Əliyevin ideyaları və konsepsiyaları əsasında dünyanın özü qədər böyütdü. Bu gün Azərbaycan dünyada söz sahibidir, regionun ən nüfuzlu və qüdrətli dövlətidir. Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etmək qüdrətindədir. Azərbaycan inkişaf yolunu inamla davam etdirir və bu yol Heydər Əliyev yoludur. İnanırıq ki, Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu yolla daha da inkişaf etdirəcək, işıqlı gələcəyə aparacaq.

Məmmədəli Yusifov,
Bozdağ Qış Otlaqları Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin rəisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024