Mobil versiya
Heydər Əliyev – Azərbaycanın xilaskar oğlu
Tarix: 12-06-2020 | Saat: 15:12
Bölmə:Manşet | çapa göndər

Heydər Əliyev – Azərbaycanın xilaskar oğlu




Sovetlər birliyi süqut etdikdən sonra xalqımız, digər MDB ölkələrinin xalqları kimi, öz milli müqəddəratlarını sərbəst təyin etmək, milli dövlət quruculuğunu yaradıb inkişaf etdirmək imkanı əldə etdi. Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra naşı adamların yüksək vəzifələrə təyin olunmaları, 1969-1982-ci illərdə Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbər etdiyi dövrdə ictimai-siyasi həyatımızın bütün sahələrində əldə edilmiş nailiyyətlərin qorunub saxlanması əvəzinə dağıdılması, düzgün olmayan qərarların qəbul edilməsi, dövlətin idarə olunmasında səriştəsizliyə yol verilməsi, qanunsuz silahlı dəstə və birləşmələrin özbaşınalıqları ölkəni idarəolunmaz bir vəziyyətə, başlıcası isə ölkəni vətəndaş müharibəsi həddinə çatdırdı.

Müqəddəs torpaqlarımızın bütövlüyünü qorumaq üçün mübarizə Bakıda hakimiyyət uğrunda mübarizə ilə əvəz edildi. Qoşun hissələri döyüş bölgələrindən çıxarılıb Bakıya istiqamət aldı. Nəticədə torpaqlarımız düşmən tapdağı altında qaldı, bir milyondan artıq soydaşımız öz doğma el-obasından didərgin düşərək məcburi köçkün və qaçqına çevrildi. 1993-cü ilin iyun ayında isə ölkə vətəndaş müharibəsi həddinə çatdı, respublikanın parçalanmaq, müstəqilliyini birdəfəlik itirmək təhlükəsi yarandı. Daxili didişmələr, anarxiya, ümummilli mənafeyin şəxsi ambisiyalara tabe edilməsi dövlət quruculuğuna böyük zərbə vurdu. Ölkədəki bu vəziyyəti kənardan yaxşı izləyən və bundan bacarıqla istifadə edən düşmənlərimiz və onların havadarları, bəzi xarici dövlətlər ayrı-ayrı hərbi və təxribatçı dəstələrin köməyi ilə böhranı daha da dərinləşdirir, müstəqilliyimizi ciddi təhlükə altında qoyurdular. İctimai fəlakətlə üz-üzə dayanmış xalqımız, respublika ictimaiyyəti yaxşı dərk edirdi ki, Vətəni bu təhlükədən yalnız Heydər Əliyev dühası, onun dövlətin idarə olunmasındakı zəngin təcrübəsi, dərin ağlı və zəkası, möhkəm iradəsi, mübarizliyi, millətin mənafeyinə sədaqəti, xalq işinə dərin məhəbbəti, torpağa bağlılığı qurtara bilər. Belə bir ağır vəziyyətdə xalq son ümid yeri kimi öz böyük oğluna – Heydər Əliyevə müraciət etdi. Xalqın çağırışlarını, o zamankı iqtidarın dəfələrlə etdiyi xahişlərini nəzərə alaraq ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkə daxilində sabitliyin əsası qoyuldu, on dörd ildən artıq davam edən atəşkəsə nail olundu, “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəmərinin faktiki tikintisinə başlandı və hazırda bu neft kəməri artıq istifadəyə verilmişdir. Məhz xalqın böyük oğlu Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda illərlə davam edən anarxiyaya, başıpozuqluğa, siyasi hakimiyyətsizliyə, etnik separatçılığa, iddialı siyasətbazların naşı eksperimentlərinə, hərbiləşmiş cinayətkar dəstələrin qətl və qarətlərinə, özbaşınalıqlarına son qoyuldu. Böyük şəxsiyyətin siyasi müdrikliyi, uzaqgörən siyasəti sayəsində artıq əldən getməkdə olan müstəqilliyimiz, milli azadlığımız qorunub saxlanıldı və daha da möhkəmləndirildi. Xalqın birliyinə, dəstəyinə arxalanan ümummilli lider Heydər Əliyev Konstitusiya səlahiyyətlərindən istifadə etməklə, nəinki dövlət çevrilişinə cəhd cinayətlərinin qarşısını aldı, həm də silahlı yolla hakimiyyəti ələ keçirmək cəhdlərinə birdəfəlik son qoydu.

Yalnız bunlardan sonra Heydər Əliyevin sədrliyi ilə yaradılmış komissiyanın hazırladığı Konstitusiya layihəsinin 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi isə müstəqillik yoluna qədəm qoymuş respublikamızın tarixində ən parlaq səhifələrindən biridir. Azərbaycan Respublikası Konstitusiyanın təhlili göstərir ki, konstitusiya hüquqi demokratik dövlət quruculuğu prinsipinin mahiyyətindən irəli gəlməklə, cəmiyyətdə qanunun aliliyinə xidmət edir. Konstitusiyanın maddələrinin üçdə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmiş, Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilmişdir. Hüquqi dövlət quruculuğu şəraitində dövlət və vətəndaş paritet əsaslarla çıxış edir, vətəndaş dövlət qarşısında, dövlət də vətəndaş qarşısında məsuliyyət daşıyır. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, hüquqi dövlətdə xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yoluna qədəm qoymuş respublikamızda ölkə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi, sosial həyatının bütün sahələrində köklü islahatlar aparılmış və hazırda bu islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşının borcu möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək onun qarşıya qoyduğu mühüm vəzifələrin yerinə yetirilməsində daha fəal iştirak etməkdən ibarətdir. Yalnız bu yolla biz ölkəmizin hərtərəfli inkişafına və daha da güclənməsinə nail olacağıq.

Eldar Yunusov,
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024