Mobil versiya
Sədaqət Bayramova: “Vəzifəsindən sui-istifadə edən məmurların cəzalandırılması inkişafımız üçün labüddür”
Tarix: 22-05-2020 | Saat: 23:18
Bölmə:Siyasət | çapa göndər

Sədaqət Bayramova: “Vəzifəsindən sui-istifadə edən məmurların cəzalandırılması inkişafımız üçün labüddür”


Qızıl Aypara Cəmiyyəti Qəbələ rayon bölməsinin sədri ölkədə cərəyan edən hadisələrlə bağlı suallarımızı cavablandırmışdır

- Məlum olduğu kimi, son günlər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələri həbs olunmuşlar. Sizcə vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsini zəruri edən hansı səbəblər olmuşdur?
- Bildiyimiz kimi, ölkəmiz hüquqi, demokratik dövlətdir və onun əsas prinsiplərindən birincisi qanunun aliliyi, vətəndaşların hüquqlarının müdafiə edilməsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də andiçmə mərasimində dövlətin ali məqsədi kimi insanların hüquqlarının qorunmasını göstərmiş və hər zaman buna əməl edəcəyini xüsusi qeyd etmişdir.
Amma çox təəssüf ki, Prezidentin etimad edib, vəzifə tapşırdığı bəzi məmurların ölkə rəhbərinə verdikləri vədə əməl etməyərək, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ölkənin sərvətinə, vətəndaşların əmlakına göz dikərək talançılıq etməsi vətənə xəyanət, insanların hüquqlarının pozulması, dövlətə qarşı qəsd, ölkənin imicinə zərbədir.
Hər kəs qanuna tabedir, heç kəs qanundan kənarda qalmamalıdır, etdiyi əmələ görə haqqını almalıdır. Ona görə də ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri genişləndirilməli və hər kəs bu tədirlərdən nəticə çıxarmalıdır. DTX-nin keçirdiyi bu əməliyyatları namuslu insanlar rəğbətlə qarşılayır. Xalq hesab edir ki, vəzifəsindən sui-istifadə edən məmurların cəzalandırılması gələcəyimizin inkişafı üçün labüddür.

- Bu gün biz böyük təəccüb və təəssüf hissi ilə aşkar edirik ki, bir tərəfdən erməni təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizi bir tərəfdən də öz məmurlarımız, həm də əslində bu mədəniyyətin keşiyində durmalı olan məmurlar talan etməklə məşğuldurlar. Sizcə, belələrinə qarşı qanunun ən sərt formada tətbiqini tələb edən cəmiyyətimiz nə dərəcədə haqlıdır?
- Abidələrin qorunması bu gün qarşımıza qoyulan ən aktual məsələlərdən biridir. Çünki, abidələrimiz bizim tariximizdir, xalqın qədim mədəniyyətinin göstəricisidir, keçmişdən gələcəyə körpüdür. Ulu babalarımızın bizə miras qoyduğu bu yadigarları qorumaq, gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. Bu gün tarixi irsimizə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində yüksək səviyyədə işlər görülür, bu sahədə dövlət tərəfindən müxtəlif qərar və sərəncalar qəbul edilir. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə "Daşınmaz tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" təsdiq edilib və bu proqramın icrası ilə əlaqədar xeyli işlər həyata keçirilib.
"Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nda abidələrin qorunması, bərpası ilə əlaqədar konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Azərbaycan Respublikasının Konstitusiyasında tarixi-mədəni irsin hər bir vətəndaş tərəfindən qorunmalı olduğu təsbit edilib.
YUNESKO-nun qərarı ilə 1982-ci ildən hər il aprel ayının 18-i "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" kimi qeyd edilir.
Tariximizin qorunması və təbliği sahəsində dövət tərəfindən bu və ya digər çoxlu sayda tədbirlərin həyata keçirilməsi müqabilində bütün bunları icra edəcək, bu sahəyə bilavasitə cavabdeh şəxslər tərəfindən işlərin hansı səviyyədə həyata keçirilməsi əsas məsələlərdəndir.
Yəqin hər kəs xatırlayır, YUNESKO-nun siyahısında olan “İçərişəhər Dövlət Tarix-memarlıq Qoruğunda”, Sovetski deyilən ərazidə bir müddət əvvəl tarixi yerlərdə, abidələrdə təmir adı altında bəzi məmurların bu sahəyə "əl qoyaraq həyata keçirirdi tədbirlər".
Nə yaxşı ki, Prezidentin, Birinci vitse-prezidentin müdaxiləsindən sonra özbaşınalığın qarşısı alındı. Bu günlərdə bu sahəyə dövlət tərəfindən ayrılmış vəsaitin bu işə cavabdeh yüksək vəzifəli məmurlar, şirkət rəhbərləri tərəfindən mənimsənilməsinə görə DTX tərəfindən aparılan əməliyyat nəticəsində saxlanılmasının şahidi olduq.
Onsuz da, işğal olunmuş ərazilərimizdə qalan 900-dən artıq tarixi abidələrimizin bir hissəsi işğalçılar tərəfindən dağıdılaraq məhv edilmiş, tarixi alban abidələri erməniləşdirilmişdir. Bu, qəlbində vətən sevgisi, vicdanı olan hər kəsi narahat etməli, qəlbini sızlatmalı, ərazimizdə olan abidələrimizin möhkəm qorunması üçün məsuliyyət hissini artırmalıdır.
Ancaq, nə yazıq ki, bəzi məmurlar dövlətin onlara etibar etdiyi vəzifədən sui-istifadə etmiş, büdcədən abidələrin bərpası, qorunması üçün ayrılan vəsaitlərə göz dikmiş, mənimsəmişlər. Məncə, belə məmur və iş adamlarının düşmədən heç bir fərqi yoxdur. Ona görə də, tariximizə düşmən olan belələrinə qarşı qanunun ən sərt tədbirləri görülməli və dövlətin mənimsənilən vəsaiti geri qaytarılmalıdır.
Gəlin, hər birimiz min illərlə yaşı olan tarixi irsimizi ciddi qoruyaq, ölkəmizə gələn xarici turistlərə tariximizi göstərək, qədim xalq olduğumuzu, düşmənimizin bizə məxsus olanları özününkü etdiyini sübut edək, bizə ulularımızdan qalan, gələcəyə ötürməyə borclu olduqlarımıza biganə olmaqla düşmənə arqument verməyək.

- Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildən bəri həyata keçirilən hüquqi, institusional və kadr islahatlarının əsas xətlərindən biri kimi korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi yönümündə atılan addımları, fikrinizcə, effektiv hesab etmək olarmı?
- 2018-ci il Prezident seçkilərindən sonra ölkədə bütün sahələri (sosial, iqtisadi, siyasi, kadr ) əhatə edən geniş islahatlara başlandı. Vətənini sevən, vicdanlı hər kəs bu islahatları dəstəklədi.
Məlumdur ki, hər bir islahat savadlı, dərrakəli, əqidəsi təmiz, vətənpərvər kadrlar vasitəsi ilə həyata keçirilə bilər.
Dövlət başçısı cənab İlham Əliyev dəfələrlə qeyd edib: "Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Kadr islahatları labüddür, qaçılmazdır. Yeni, savadlı, bilikli, müasir kadrlar vətənpərvər olmalıdırlar ki, vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər."
İslahatlara başlayarkən, Respublika Prezidenti bütün rəhbərlərə çağırış edərək vətəndaşların yanında olmağı, onların rifahını yüksəltməyi, yeni iş yerləri açmağı, rüşvət hallarına yol verməməyi tövsiyyə etdi.
Cənab İlham Əliyev tərəfindən müntəzəm olaraq ölkədə həyata keçirilən sistemli və səmərəli islahatlar barədə hər kəs məlumatlıdır və xalq bu siyasətə müsbət münasibət bəsləyir. Sıravi insanlar da bilir ki, ölkə rəhbəri hər zaman çıxışlarında rəhbər işçilərə xəbərdarlıq edib, onlara insanları incitməməyi, vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görməyi, qayğı göstərməyi, rüşvət hallarını aradan qaldırmağı tövsiyyə edib.
Lakin görünür bəzi məmurlar özlərindən o qədər razıdırlar ki, Prezidentin qətiyyəti, apardığı islahatlar onlara çatmamışdır. Belələri ölkə rəhbərinin kursuna və çağırışlarına əməl etməmiş, onlara göstərilən etimada xəyanət etmiş, tutduqları mövqedən sui-istifadə edərək, vəzifələrindən öz məqsədləri üçün istifadə etmişlər. Dövlətin əmlakını, xalqın malını, haqqını mənimsəyən, hətta aztəminatlı, işsiz insanlara ayrılmış sosial yardımlara göz dikən məmurlara nə ad vermək olar? Belə insanların haqqı yoxdur yığdıqları sərvətləri asan yeyərək, bu ölkədə rahat yaşasınlar. Ona görə də, belələri haqqında cinayət-hüquqi tədbirlərin görülməsi zəruridir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

31 267 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2020
{sape_links}{sape_article}