Mobil versiya
FÜZULİ – QƏHRƏMANLIQ, ZƏFƏR VƏ YENİDƏN DİRÇƏLİŞİN RƏMZİ
Tarix: 17-10-2025 | Saat: 17:02
Bölmə:Ölkə | çapa göndər

FÜZULİ – QƏHRƏMANLIQ, ZƏFƏR VƏ YENİDƏN DİRÇƏLİŞİN RƏMZİ

17 oktyabr Azərbaycan tarixində mühüm və qürurverici bir gündür. Bu gün Füzuli şəhərinin işğaldan azad olunduğu gündür və Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən “Füzuli şəhəri günü” kimi qeyd olunur. Bu tarix təkcə bir şəhərin azadlığı deyil, xalqımızın iradəsinin, birliyinin və qəhrəman Ordumuzun şücaətinin təntənəsidir. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan maili düzənlik və alçaq sahələri əhatə edir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Ərazidən axan Quruçay, Köndələnçay və Çərəkən çayları Araz hövzəsinə aiddir, ümumi sahəsi isə 1386 km²-dir.
Füzuli şəhərinin əsası 1827-ci ildə qoyulmuşdur. Əvvəllər Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə Qaryagin rayonu yaradılmış, 1959-cu ildə isə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illiyi münasibətilə rayona onun adı verilmişdir. Füzuli tarixi və mədəni abidələrlə zəngin bir diyardır. Burada Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəlli kəndindəki XIV əsrə aid Mirəli türbəsi, Əhmədalılar kəndindəki orta əsr qəbiristanlığı və Cəlil türbəsi kimi abidələr xalqımızın qədim tarixinin canlı şahidləridir.
1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, yüzlərlə insan şəhid olmuş, minlərlə sakin doğma torpaqlarından didərgin salınmışdır. 1994-cü ilin yanvarında Azərbaycan Ordusu rayonun 22 yaşayış məntəqəsini azad etmişdi. 2020-ci il 17 oktyabr tarixi isə Füzulinin tam azadlığı ilə nəticələndi. Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərinin özü Müzəffər Azərbaycan Ordusu tərəfindən azad olundu. Ümumilikdə, Vətən müharibəsi zamanı rayonun 62 yaşayış məntəqəsi düşməndən təmizləndi.
Füzuli uğrunda döyüşlər müharibənin ən ağır və strateji əhəmiyyətli əməliyyatlarından idi. Düşmən 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətlərini itirərək geri çəkilməyə məcbur qaldı. Azərbaycan əsgərinin iradəsi və Ordumuzun döyüş qabiliyyəti bütün dünyada heyranlıq doğurdu. Bu döyüşlərdə göstərdikləri igidliyə görə 25 mindən çox hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu.
İşğaldan azad olunduqdan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzulidə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” təsdiqlənib, “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal İdarəetmə Mərkəzi və Köndələnçay su anbarları istifadəyə verilib. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları tikilib, həmçinin Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanı açılıb. Bu infrastruktur layihələri şəhərin gələcəyini formalaşdırır və onun iqtisadi inkişafını təmin edir.
2023-cü ilin avqustundan etibarən Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin Füzuliyə qayıdışı başlanıb. Artıq 824 ailə, yəni 3141 nəfər doğma yurduna dönüb. 2026-cı ilin sonunadək 22 min insanın Füzulidə yaşaması nəzərdə tutulur. Bu, təkcə bərpa yox, həm də xalqın torpağa bağlılığının, səbir və inamının təcəssümüdür.
Füzulinin yenidən qurulmasında qardaş ölkələrin də dəstəyi mühümdür. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə şəhərdə Mirzə Uluqbəy adına müasir məktəb tikilib, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəstəyi ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi istifadəyə verilib. Bu layihələr türk dünyasının dostluq və qardaşlıq bağlarının möhkəmliyini nümayiş etdirir.
Füzuli bu gün azad, yenidən qurulan, həyatla dolu bir şəhərdir. Onun hər daşında xalqın iztirabı, mübarizəsi və qüruru var. 17 oktyabr – Füzuli şəhəri günü azadlığın, qəhrəmanlığın və yenidən dirçəlişin rəmzidir. Füzuli yaşayır, inkişaf edir və zəfərin simvolu kimi tarixdə əbədi yerini alır.

Şəhla Zeynalova,
Bakı Qızlar Universiteti tələbəsi,
Nəsimi rayon gənci



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-10-2025