Mobil versiya
İslahatlar bu il də davam edəcək
Tarix: 15-04-2020 | Saat: 13:25
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər

İslahatlar bu il də davam edəcək




Vəsaitlərin xərclənməsinə ciddi nəzarət mexanizminin tətbiq olunması iqtisadi böhranın təsirinin azaldılmasında böyük rol oynayacaq

Dünən, aprelin 14-də möhtərəm Prezidentimiz İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Hər zaman olduğu kimi, dövlət başçımız bu müşavirədə etdiyi çıxışında da ölkəmizdə və dünyada gedən siyasi və iqtisadi proseslərin, o cümlədən koronavirus pandemiyasının yayılması ilə əlaqədar yaranmış vəziyyətin dərin təhlilini təqdim edib, baş verən hadisələri obyektiv qiymətləndirərək, bütün istiqamətlərdə görulmüş və görüləcək işlər barəsində Azərbaycan xalqını ətraflı məlumatlandırdı.
İlk növbədə möhtərəm Prezidentimiz ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən görülən qabaqlayıcı tədbirlər haqqında danışaraq, bu sahədə mövcud vəziyyəti və gözlənilən riskləri son dərəcə obyektiv şəkildə qiymətləndirmiş və hökumətin, eləcə də cəmiyyətin bundan sonra atmalı olacağı addımların əsas istiqamətlərini dəqiq müəyyən etmişdir. Həqiqətən də bu gün qlobal pandemiyaya qarşı mübarizə tədbirlərinin effektivliyinə görə Azərbaycan xüsusilə seçilən mövqelərdədir. Məhz bu tədbirlər nəticəsində ölkəmizdə koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı bir çox başqa, hətta səhiyyəsi bizdən də artıq inkişaf etmiş ölkələrdə olduğundan dəfələrlə azdır. Dövlət başçımızın da qeyd etdiyi kimi, bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır.

Təbii ki, pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsiri qaçılmazdır və möhtərəm Prezidentimiz öz çıxışında bu məsələ barədə də ətraflı danışdı. Qeyd olundu ki, artıq aparıcı beynəlxalq maliyyə qurumları bu pandemiya səbəbilə yaranmaqda olan böhranın 2008-2009-cu ilin böhranından daha ağır olacağını bəyan ediblər. Lakin bu məqamla da bağlı Azərbaycanda vəziyyət əksər digər ölkələrdə olduğundan daha qənaətbəxşdir. Məsələn, artıq dünya ölkələrinin mütləq əksəriyyəti yardım üçün Beynəlxalq maliyyə qurumlarına müraciət etdikləri halda, Azərbaycanın adı bu siyahıda yoxdur. Bunun səbəbi isə ölkəmizdə artıq uzun müddətdən bəri müşahidə olunan dinamik iqtisadi inkişaf və əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında davamlı olaraq həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlardır. Eyni zamanda da dövlət başçımızın ölkədə iqtisadi vəziyyətə pandemiyanın təsirinin azaldılması məqsədilə atılması zəruri olan addımlar barədə söylədiyi fikirlər xüsusilə böyük əhəmiyyət kəsb edir. O cümlədən, aidiyyatı olan nazirliklərə dövlət xərclərinə yenidən baxılması və prioritet təşkil etməyən xərclərin ixtisar edilməsi, vəsaitlərin xərclənməsinə çox ciddi nəzarət mexanizminin tətbiq olunması barədə verilmiş tapşırıq iqtisadi böhranın təsirinin azaldılmasında böyük rol oynayacaq. Həmçinin dövlət başçımızın öz çıxışında iqtisadi mövzuda toxunduğu daha bir vacib məsələ bəzi hallarda cari xərclərin şişirdilməsi ilə bağlı oldu. Prezident xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərclərinin şişirdilməsi hallarının qarşısının daha qətiyyətlə alınması və bu sahədə şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılmasının zəruriliyini bir daha vurğuladı.

Həmçinin demək lazımdır ki, möhtərəm Ölkə Prezidentimizin çıxışında Azərbaycanın müstəqil bir dövlət olaraq yüksək və gündən-günə daha da artan beynəlxalq nüfuza sahib olmasına dair faktlar da öz əksini tam dolğunluğu ilə tapmışdır. Dövlət başçımızın Davos Forumunda və Münxen Konfransında iştirakı, həqiqətən də çox müsbət nəticələr verib. Dünyanın nəhəng şirkətləri Azərbaycana sərmayə qoyur, ölkəmizlə daha fəal əməkdaşlıq etmək istəyirlər. Təbii ki, bu da möhtərəm Prezidentimizin yürütdüyü uğurlu xarici siyasətin, göstərdiyi fəaliyyətin nəticəsidir. Həm də bu fəaliyyət eyni zamanda ölkəmizə həm iqtisadi, həm də siyasi müstəvilərdə böyük dividendlər qazandırmaqdadır. Bu baxımdan Münxen Təhlükəsizlik Konfransının gedişində baş tutmuş Azərbaycan və Ermənistan rəhbərlərinin canlı efirdə debatları xüsusilə böyük əhəmiyyət kəsb edir. Məhz bu debatın gedişində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətlər, həm də münaqişə ilə bağlı həqiqətlər geniş auditoriyaya çatdırıldı. Dövlət başçımız milyonlarla izləyici qarşısında bir daha sübut etdi ki, erməni təbliğatı saxtakarlıq, yalan, mifologiya üzərində qurulub.

2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə etdiyi çıxışında möhtərəm Prezidentimiz Azərbaycanın uğurlarını nə daxildə, nə də xaricdə olan düşmənlərimizin heç bir halda əngəlləyə bilməyəcəklərini bir daha açıq-aşkar vurğuladı. Dövlət başçımız tamamilə haqlı olaraq qeyd etdi ki, Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu: “Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir. Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, bir daha göstərdi və mən bunu demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.”

Sonda mən möhtərən Ölkə Prezidentimiz cənab İlham Əliyevin çıxışında yer almış daha bir məqamı xüsusilə diqqət mərkəzinə çəkmək istəyirəm. Bu məqam, dövlət başçımızın da qeyd etdiyi kimi, son 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəməyən Avropa Şurası Parlament Assambleyasının Qarabağda keçirilmiş qondarma seçkilərə hələ də münasibət bildirməməsilə bağlıdır. Həqiqətən də bu vəziyyət bir daha sübut edir ki, AŞPA-da yer almış anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Lakin bütün bunlarln müqabilində dövlət başçımızın öz çıxışında bu qurumun mövqeyinə dair bildirdiyi münasibət həqiqətən də hər bir Azərbaycan vətəndaşını qürurlandırmış olmalıdır: “Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb.”

Bəli, bu sözləri yalnız həqiqətən müstəqil olan, güclü və nüfuzlu bir dövlətin başçısı, öz xalqını, öz ölkəsini fədakarcasına sevən bir lider deyə bilər və biz, bir xalq olaraq, öz liderimizlə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə fəxr etməkdə tam haqlıyıq!

Aqiyə Naxçıvanlı,
millət vəkili, professor.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024