Mobil versiya
İdmansevərlik dövlət siyasətinin bir təzahürüdür
Tarix: 19-09-2019 | Saat: 15:15
Bölmə:Manşet / İdman | çapa göndər

İdmansevərlik dövlət siyasətinin bir təzahürüdür




Salyan rayon Gənclər və İdman İdarəsi idmanın kütləviləşdirilməsi, eləcə də uşaq və gənclərin milli-vətənpərvər ruhda formalaşmaları baxımından məqsədyönlü və səmərəli fəaliyyət göstərməkdədir

Bir həqiqətdir ki, Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən illər ərzində ölkəmizdə bütün digər istiqamətlərdə olduğu kimi, idman sahəsində də böyük uğurlar əldə olunub. Bu gün artıq Azərbaycan ən müxtəlif idman növləri üzrə mötəbər yarışlara ev sahibliyi edir, idmançılarımız beynəlxalq yarışlarda mühüm uğurlar qazanaraq dövlət bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Əminliklə demək olar ki, Azərbaycan artıq dünyanın əsas idman mərkəzlərindən biri kimi çıxış edir.

Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda gənclər və idman sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi istiqamətində ölkənin Gənclər və İdman Nazirliyi ilə yanaşı, bu qurumun rayon və bölgələrimizdə fəaliyyət göstərən struktur bölmələri səmərəli fəaliyyət göstərməkdədirlər. O cümlədən nazirliyin tabeliyində fəaliyyət göstərən şəhər və rayon gənclər və idman idarələrinin də işini heç bir halda diqqətdən kənarda qoymaq olmaz. Unutmaq lazım deyil ki, ölkədə idmanın inkişafı təkcə peşəkar idmançıların böyük uğurları ilə müəyyən edilmir. Əksinə, idmanın maksimum kütləviləşdirilməsi, bu sahəyə ümumxalq marağının daha da artırılması, uşaq, gənc və yeniyetmələr arasında, orta məktəblərdə və digər təhsil müəssisələrində müxtəlif yarışların mütəmadi təşkil olunması gələcək qələbələrin əsasını qoyan zəruri tədbirlər kimi qeyd olunmalıdır. Məhz bu baxımdan da həm bölgələrimizdə, həm də paytaxt Bakıda fəaliyyət göstərən gənclər və idman idarələrinin işi xüsusi diqqətə layiqdir. Bu gün biz belə qurumlardan birinin, Araz Hüseynovun rəhbərlik etdiyi Salyan rayon Gənclər və İdman İdarəsinin işindən bəzi maraqlı məqamları işıqlandırmağa çalışacağıq.




1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan dili Günü maraqlı tədbirlə qeyd olundu

Salyan rayon Gənclər və İdman İdarəsi “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü” münasibətilə iyul ayının 31-də məktəbəqədər yaşlı uşaqlarla görüş keçirilib. Tədbirdə rəsmi şəxslər də iştirak etmişlər. Balacalar tədbir iştirakçılarını öz çıxışları, şeir və musiqi kompozisiyaları ilə təbrik ediblər.
Öz növbəsində görüşün təşkilatçısı olaraq, Salyan rayon Gənclər və İdman İdarəsi də balacaları müxtəlif hədiyyələrlə sevindirib.

El pəhləvanının əziz xatirəsi belə yad edildi

Artıq ardıcıl olaraq altıncı ildir ki, Salyanda rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə sərbəst güləş üzrə idman ustası, daşqaldırma üzrə SSRİ idman ustası, məşhur pəhləvan Yaşar Cavadovun xatirəsinə həsr olunmuş ümumrespublika turniri keçirilir. Bu il də sentyabr ayının 14-15-i tarixlərində Salyan rayon Olimpiya İdman Kompleksində azyaşlı və yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə VI ümumrespublika turniri keçirilib. Turnirin açılış mərasimində Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, zorxana güləşi üzrə dünya çempionu, zorxana güləşi üzrə 4 qat avropa çempionu məşhur pəhləvan Vüsal Cavadov, Azərbaycan Güləş Federasiyasının 4 saylı nümayəndəliyinin koordinatoru, beynəlxalq dərəcəli hakim Fərəqət Cəlalov, Azərbaycan Güləş Federasiyasının 4 saylı nümayəndəliyinin baş məşqçisi, əməkdar məşqçi İlham Məmmədov və respublikanın müxtəlif bölgələrindən olan tanınmış pəhləvanlar iştirak edirdilər. Turnirin açılış mərasimində çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov idmançıları salamlayaraq ölkədə və rayonda uğurla həyata keçirilən idman siyasətindən söz bəhs etdi.




Turnirdə ümumilikdə 150 nəfər olmaqla Bakı Təhsil, Bakı Rabitə, Olim Sport Bakı, Şirvan, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Füzuli, Beyləqan, Saatlı, Quba və Salyan komandalarından olan idmançılar iştirak etmişlər.
Qaliblər Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və hədiyyələrlə təltif ediliblər.

Gənc nəslin vətənpərvər ruhda formalaşması prioritet məsələdir

16-17 sentyabr 2019-cu il tarixlərində Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən “15 sentyabr Bilik günü” münasibətilə “Azərbaycan Respublikasının dövlət rəmzləri, onların mahiyyəti və tərbiyəvi əhəmiyyəti” mövzusunda mühazirələr keçirilib. Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov 15 sentyabr Bilik günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, müstəqilliyin real mahiyyəti və məzmunu dövlət rəmzlərində əksini tapır. Dövlət rəmzlərimiz xalqın müstəqillik, suverenlik, milli azadlıq ideallarının simvoludur. Dövlət rəmzləri xalqımızın dilini, dinini, milliyyətini, mədəniyyətini, tarixini, milli-mənəvi dəyərlərini və s. amilləri özündə ehtiva edən çalarlardır. Məktəblərimizdə vətənə məhəbbət, dövlətçilik, azərbaycançılıq hissləri dövlət rəmzlərinin mahiyyətinin və əhəmiyyətinin geniş şəkildə təbliği, Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi Azərbaycanın gələcəyi olan yeniyetmə şagirdlərin əsl vətəndaş kimi tərbiyə olunmasında, vətənpərvər gəncliyimizin yetişməsində olduqca əhəmiyyətli və zəruridir.

Tədbirin sonunda fəallığı ilə seçilən şagirdlər Salyan rayon Gənclər və İdman İdarəsinin həvəsləndirici diplomları ilə təltif ediliblər.




Göründüyü kimi, Salyan rayonunda uşaq və gənclərimizin sağlam, vətənpərvər ruhda formalaşmaları yönümündə Gənclər və İdman İdarəsi trəfindən kifayət qədər tədbirlər görülür. Eyni zamanda da rayonda gənclər son dərəcə dolğun bir idman həyatı yaşamaqdadırlar. Rayonun Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov isə bu barədə verdiyi açıqlamalarında bildirir ki, bu gün Salyan rayonunda müşahidə olunan idmansevərlik mühiti ilk növbədə ölkəmizdə bu sahəyə göstərilən yüksək dövlət qayğısının bir təzahürüdür. Aydındır ki, Azərbaycanda gənclər və idman sahəsinə dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğı idmançılarımız üçün ən yüksək uğur və nailiyyətlərə imza atmaq imkanları yaratdığı kimi, bu sahədə çalışan insaların da qarşısına konkret vəzifələrin icrasına dair müəyyən tələblər qoyur. Məhz yerlərdə həmin vəzifələrin uğurlu icrası da ölkəmizdə idmanın ümumi inkişafında yüksək dinamikanı təmin edir.

aia.az
Anar Muradov
Orxan Həsənov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024