Mobil versiya
Lerik – təhsilin inkişafında yüksək dinamika müşahidə olunur
Tarix: 27-08-2019 | Saat: 16:21
Bölmə:Manşet / Təhsil | çapa göndər

Lerik – təhsilin inkişafında yüksək dinamika müşahidə olunur



Rayonun təhsil müəssisələrinə şagird qəbulu və işə qəbul məsələləri tam olaraq Təhsil Nazirliyinin müvafiq əmr və təlimatlarına uyğun qurulmuşdur

Məlum olduğu kimi təhsil sahəsinin inkişafı dövlətimizin prioritet olaraq müəyyənləşdirdiyi əsas istiqamətlərdən biridir. Bu gün Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ölkənin təhsil sisteminin də inkişaf etdirilərək ən yüksək dünya standartları səviyyəsinə çıxarılması üçün geniş imkanlar yaratmışdır. Qeyd olunmalıdır ki, ölkə təhsilinin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası hazırda rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Bu gün təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi bölgələrimizdən biri də Lerik rayonudur.

Dövlət qayğısı inkişafı təmin edir




Hazırda rayonunda 107 ümumtəhsil məktəbi vardır. Onlardan 37-si tam orta, 48-i ümumi orta, 22-si ibtidai məktəbdir. Rayon üzrə 7500 nəfərdən artıq şagirdin təlim-tərbiyəsi ilə təxminən 1270 müəllim məşğul olur ki, onlardan da 760-ı ali təhsilli, qalanları isə orta ixtisas təhsillidir. Ölkənin bütün digər bölgələrində olduğu kimi, son illər Lerik rayonunda da yeni məktəb binalarının tikintisi, köhnə binaların əsaslı təmiri istiqamətində işlər geni vüsət almışdır. Belə ki, son on beş il ərzində rayonda 6384 şagird yerlik 49 məktəb, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 870 şagird yerlik 4 məktəb binası inşa edilmişdir. 1128 şagird yerlik 6, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 180 şagird yerlik 1 məktəb binası əsaslı təmir edilmişdir. Hər biri 35 yerlik olmaqla 3 məktəbəqədər müəssisə üçün bina inşa edilmişdir. Məktəb binalarının tikintisi indi də davam edir. 2018-ci ilin may ayında Prezident İlham Əliyev Lerik rayonunun Orand kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalamışdı. Sərəncamda qeyd edilirdi ki, Lerik rayonunun Orand kəndində 180 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılsın.




Rayon Təhsil Şöbəsinin fəaliyyəti müasir dövrün tələblərinə uyğun qurulub

Məlumdur ki, dövlətimizin yürütdüyü təhsil siyasətinin yerlərdə təbliği və həyata keçirilməsi, qurum və müəssisələrin fəaliyyətlərinin təhsil strategiyasına uyğun şəkildə qurulması birbaşa Rayon Təhsil Şöbələrinin fəaliyyət funksiyalarına aiddir. Həm də bu fəaliyyətin nə dərəcədə effektiv olmasından həmin rayonda təhsilin mövcud durumu asılı olur. Bu baxımdan Lerik RTŞ-nin fəaliyyəti də yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Rayondan aldığımız məlumatlarda vurğulanır ki, bu gün Lerik təhsilində inkişafın təmin olunmasında 2017-ci ilin oktyabr ayından Lerik Rayon Təhsil Şöbəsinə rəhbərlik edən Zöhrab Salayevin də böyük əməyi, danılmaz xidmətləri vardır. Belə ki, RTŞ müdiri dövlətimizin Təhsil strategiyasının uğurla həyata keçirilməsi baxımından rəhbərlik etdiyi qurumun fəaliyyətini tamamilə düzgün istiqamətə yönəldə bilib. Şöbəyə rəhbərlik etdiyi iki il ərzində Zöhrab müəllim bu qurumun işində önəmli irəliləyişə nail ola bilib. Aldığımız məlumatlarda da vurğulanır ki, Zöhrab Salayevin bu vəzifəyə təyinatından sonra Lerik rayon Təhsil Şöbəsinin işində bir canlanma, əvvəllər bir o qədər də hiss olunmayan dinamiklik və işgüzarlıq aşkar müşahidə olunmaqdadır.



Mütəmadi olaraq keçirilən toplantı və müşavirələrdə isə, rayonun təhsil müəssisələrinin ümumi fəaliyyət konsepsiyası və konkret dövrü proqramlar işlənib hazırlanır. Yeni imtahan modelləri ilə buraxış sinif şagirdlərinin tanışlığının təmin edilməsi, bu istiqamətdə müəllimlərin və məktəb rəhbərlərinin qarşısında duran vəzifələr, yeni tədris ilində məktəblərdə təşkil olunacaq tədbirlər və sairə müzakirə olunur. Həmçinin aldığımız məlumatlarda son dərəcə vacib bir məqam kimi qeyd olunur ki, Zöhrab Salayevin səyləri nəticəsində hazırda RTŞ-nin fəaliyyətində şəffaflıq və obyektivlik prinsipləri tam təmin edilmişdir. Xüsusilə də təhsil müəssisələrinə şagird qəbulu və işə qəbul məsələləri tam olaraq Təhsil Nazirliyinin müvafiq əmr və təlimatlarına uyğun qurulmuşdur. Bu isə öz növbəsində təhsil müəssisələrində tədris prosesinin tam şəffaflıq əsasında və yeni metodikaların tətbiqi ilə qurulmasına şərait yaradır.




Əminliklə demək olar ki, yeni tədris ilində də Zöhrab Salayevin rəhbərliyi altında Lerik RTŞ-nin fəaliyyətində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yenilikçi ideyaların tətbiqinə geniş yer veriləcək.



aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024