Mobil versiya
Bakının “lift parkı” yenilənir
Tarix: 09-07-2019 | Saat: 12:41
Bölmə:Manşet / Gündəm | çapa göndər

Bakının “lift parkı” yenilənir





“Çalışırıq ki, müasir texnologiyalarla ayaqlaşa bilək” – “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov

Məlum olduğu kimi, sovt dönəminin son illərindən başlayaraq paytaxt sakinlərini narahat edən sosial-məişət problemlərindən biri də çoxmərtəbəli binalarda quraşdırılmış liftlərin istismarı ilə bağlı olub. Təbii ki, ölkəmizin öz müstəqilliyini qazandığı ilk illərdə gündəmdə öz həllini gözləyən daha vacib məsələlər var idi. Lakin zaman keçdikcə Azərbaycan stabil və dinamik inkişaf edən bir ölkəyə çevrildi. Nəhayət liftlərlə bağlı problem də diqqət mərkəzində yer aldı.




Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin balansında 5289 lift var. Bunların böyük əksəriyyəti sovet dövründə inşa olunmuş 9 mərtəbəli binalarda 1975-1985-ci illərdə quraşdırılmış mexanizmlərdir. Təbii ki, onların yenilənməsi artıq bir zərurətdir və artıq 2012-ci ildə prezident İlham Əliyevin göstərişinə əsasən, dövlət büdcəsindən ayrılan vəsait hesabına Bakı şəhərində 1230 lift yenisi ilə əvəzlənmişdi. Cari ildə daha 1200 liftin dəyişdirilməsi nəzərdə tutulub. Qeyd edək ki, bu məlumatları “Lifttəmir” İstehsalat Birliyinin rəisi Xalid Ələkbərov mətbuata verdiyi müsahibələrindən birində təqdim edib. Birlik rəhbərinin sözlərinə görə, pilot layihənin keçiriləcəyi ərazi kimi seçilmiş Nizami rayonunda 177 liftin hamısı dəyişdiriləcək və dispetçer xidməti yaradılacaq.




Ümumiyyətlə bu ilin sonuna qədər Bakı şəhəri üzrə lift təsərrüfatına aid olan bütün strukturlarda bir sıra yeniliklər gözlənilir. Bu isə ötən ilin sonlarında “Lifttəmir” İstehsalat Birliyinin rəhbərliyində olmuş dəyişikliklə birbaşa əlaqəlidir. Məlum olduğu kimi 2018-ci ilin noyabr ayından “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə Xalid Ələkbərov təyin edilib. Etiraf etmək lazımdır ki, elə həmin vaxtdan etibarən bu qurumun işində tamamilə yeni bir dinamika, bir canlanma müşahidə olunmağa başlanıb. Heç şübhəsiz “Lifttəmir” İstehsalat Birliyində həyata keçirilmiş bu dəyişiklik BŞİH-nin başçısı cənab Eldar Əzizov tərəfindən vaxtında və düşünülmüş şəkildə atılmış bir addım idi. Aradan keçən müddət ərzində isə, bu addımın məqsədəuyğunluğu da özünü aşkar şəkildə büruzə vermiş oldu.

Belə ki, artıq ölkə başçısının paytaxtın lift təsərrüfatının yenilənməsi istiqamətində verdiyi tapşırıqlarının icrası ilə bağlı yeni layihə hazırlanıb, maliyyə vəsaiti ayrılıb və tədbirlərin cari il ərzində reallaşacağı gözlənilir. Həyata keçiriləcək tədbirlərin maksimal effektivliyini təmin etmək üçün də “Lifttəmir” İstehsalat Birliyinin səmərəli fəaliyyəti vacib şərtlərdən biridir. Xalid Ələkbərov isə bu səmərəliliyi təmin etmək üçün özünün və rəhbərlik etdiyi kollektivin bütün potensialını səfərbər edə bilib. Kollektivin potensialı isə həqiqətən də çox yüksəkdir. Elə ötən ilin sonlarında funikulyorun qısa müddət ərzində yüksək keyfiyyətlə təmir olunub istifadəyə verilməsi də bunu bir daha sübut edir.



Həmçinin qeyd olunmalıdır ki, Xalid Ələkbərov hazırda rəhbərlik etdiyi qurumun fəaliyyətində bütün istiqamətlərdə yeniliklər tətbiq etməkdədir. İlk növbədə “Lifttəmir” İstehsalat Birliyinin sıravi əməkdaşlarına qarşı diqqət və qayğı əvvəllər olmayan bir səviyyəyə qaldırılıb. Artıq işçilərin əmək şəraiti də xeyli yaxşılaşıb və bu istiqamətdə işlər davam edir.



Eyni zamanda da qurumun fəaliyyət spesifikasından irəli gələrək yüksək texnologiyaların mənimsənilməsi və tətbiqinə xüsusi diqqət verilir. Bu barədə öz fikirlərini bölüşən İB rəhbəri verdiyi müsahibələrin birində demişdi: “Biz çalışırıq ki, bugünkü texnologiya ilə ayaqlaşa bilək. Bu səbəbdən də gənc kadrları işə dəvət edirik. Əlaqələrin yaradılması, elektron sistemlərdən istifadə və s. kimi məsələlərdə gənc kadrlardan məsləhətlər alırıq. Əvvəllər texnologiya mexanika üzərində qurulmuşdu, indi isə hər şey elektronlaşdırılıb. Biz də çalışırıq ki, müasirliklə ayaqlaşaq. Yeni texnologiyaların özəlliyi çoxdur, təhlükəsizlik, xidmət baxımından daha üstündür. Ancaq bu istiqamətdə kadrlar hazırlanmır. Ona görə Təhsil Nazirliyinə müraciət etməyi düşünürük ki, texniki peşə məktəblərində kadrlar varsa, bizə yönləndirsinlər. Və yaxud əməkdaşlarımız kurs keçib işə başlasınlar.”




Göründüyü kimi, paytaxt sakinlərinin ən qısa zaman ərzində şəhərin liftlər təsərrüfatında əsil inqilabi yeniliklərin şahidi olacaqlarını gözləməyə bütün əsasları var. Şübhə etmirik ki, Xalid Ələkbərovun rəhbərliyi altında “Lifttəmir” İstehsalat Birliyinin kollektivi bundan sonra da vətəndaşların xidmətində şərəf və ləyaqətlə duracaq.

aia.az

Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024