Mobil versiya
Futbol biliciləri proqnoz vermədilər: “Rusiyanın oyunu pulla alması iddiaları isə çayxana söhbətidir”
Tarix: 02-07-2018 | Saat: 14:36
Bölmə:İdman | çapa göndər

Futbol biliciləri proqnoz vermədilər: “Rusiyanın oyunu pulla alması iddiaları isə çayxana söhbətidir”


Hazırda Rusiyada keçirilən futbol üzrə 2018-ci ilin Dünya Çempionatı bir sıra sensasiyalı nəticələrlə yadda qalır. Məsələn, ötən gün Rusiya milli komandasının İspaniya yığması üzərində qələbə qazanması bu qəbildəndir. İspaniyanın uduzması o qədər gözlənilməz olub ki, hətta bəziləri bu oyunun danışılmış olduğuni iddia etməyə başlayıblar.


Dünya Çempionatının gedişini Modern.az-a şərh edən Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib ki, turnirdə yaxşı oyunlar gedir.


“Mən deyərdim ki, bu Dünya Çempionatında futbolun inkişafına təkanlar var. Qruplarda yaxşı oyunlar olub. Dünən keçirilən Danimarka-Xorvatiya oyunu xüsusilə xoşuma gəldi”.

İspaniya-Rusiya oyununun pulla alınması ilə bağlı fikirlərə toxunan A.Mircavadov, bunun çayxana söhbəti olduğunu deyib.


“İspaniya və Rusiya arasında çox yaxşı mübarizə getdi. Burda oyunun pulla alınmasından söz gedə bilməz”.


A.Mircavadov bildirib ki, indidən çempionun kim olacağı ilə bağlı proqnoz vermək doğru olmaz:


“Hazırda hansı komandanın çempion olacağını proqnozlaşdırmaq çətindi. Çünki oyunlarda gözləmədiyimiz komandalar qələbə çalır və ya məğlub olur. Ona görə də proqnoz vermək çox çox çətindir”.


"Qızıl top" mükafatının Azərbaycan nümayəndəsi Rasim Mövsümov deyib ki, heç kim dünya çempionu Almaniyanın iki oyunu uduzaraq, qrupda sonuncu yeri tutacağını və tarixində ilk dəfə qrup mərhələsini adlaya bilməyəcəyini düşünə bilməzdi.


“Bəs ötən mövsümün ulduzu Məhəmməd Salahın vurduğu 2 qolun heç bir işə yaramayacağı və Misirin xal qazana bilməyəcəyi kimin ağlına gələrdi? 16 qolla seçmə mərhələnin bombardiri olan Robert Levandovskinin Rusiya mundialında fərqlənə bilməyəcəyini, Polşanın da qrupda sonuncu yeri tutacağını ehtimal etmək olardımı? Oyunu ilə azrkeşlərin rəğbətini qazanan Seneqalın yalnız sarı vərəqələrinin çoxluğuna görə 1/8 finala çıxa bilməyəcəyini güman etmək mümkün idimi? Əvvəlki illərdə olduğu kimi, bu mundial da sürprizlərlə doludur. Rusiya və Yaponiya kimi komandalar artıq 1/8 finala yüksəlməklə əsas vəzifələrinin öhdəsində gəliblər. İsveçrə, Meksika və Kolumbiya isə 1/4 finala çıxmağa çalışmaqla ən yüksək nailiyyətlərini təkrarlamaq istəyəcəklə. DÇ-1958-in finalçısı olmuş İsveç üçün də 1/4 final uğur sayılacaq”.



R.Mövsümov bildirib ki, çempionluğa əsas namizədlərə gəlincə, Braziliya bu il keçirdiyi 7 oyundan 6-da qələbə qazansa da, İsveçrə bu komandaya uduzmamağın mümkünlüyünü sübut edib və onlara hətta qol da vurub - 1:1.


“Avropa çempionu adını daşıyan Portuqaliya, şübhəsiz, imkan daxilində daha çox irəliləməyə çalışmalıydı. Həm də unutmayaq ki, futbolda, demək olar, bütün mümkün titulları qazanan Kriştianu Ronaldo dünya çempionluğunun arzusundaydı. Eyni sözləri Lionel Messi haqqında da demək olardı.

Amma Argentina və Portuqaliya 1/8 finalda uduzmaqla çoxlarını təəccübləndirdilər.

Debüt etdikləri 1998 mundialında 3-cü yeri tutandan sonra qatıldıqları üç dünya çempionatında qrupda qalan xorvatlar artıq bu uğursuz tilsimi qırıblar. Mundialın gizli favoriti hesab olunan Belçika və ən gənc komandalardan biri İngiltərə qrupda nisbətən zəif rəqiblərlə qarşılaşdıqlarından (şəxsi görüşlərində isə ikinci heyətləri oynayıb) onların əsl gücü 1/8 finalda bilinəcək. Eyni sözü mundialın qapısından top buraxmayan yeganə komandası Uruqvay barədə də demək olar. 2012-ci ildə Avropa çempionu olduqdan sonra böyük yarışlarda uğursuzluqla üzləşən İspaniya millisi yenə topa sahibolmada və dəqiq ötürmələrin faizində lider olsa da, müdafiə xəttinin zəifliyilə seçilirdi: komanda öz qapısından 5 top buraxması ilə 1/8 finalçılar arasında ən aşağı göstəriciyə malikdir (Argentina ilə birlikdə).

Fransaya gəlincə, yoldaşlıq görüşləri də nəzərə alınmaqla, son 7 matçında məğlub olmayan komanda onlardan 5-də qələbə qazansa da, bu mundialda oyunu ilə müsbət mənada fərqlənmir”.



Ötən gün keçirilən Rusiya-İspaniya oyununa toxunan R.Mövsömov Rusiyanın oyunu pulla alması haqda iddiaların inandırıcı olmadığını deyib.



“Belə söhbətlər həmişə olur, amma heç kim ortaya sübut-filan qoymur. Hətta Rusiyanın mundiala ev sahibliyi etməyi də pulla alması barədə iddialar vardı, yüksək səviyyədə araşdırma da apardılar, amma heç kim heç nəyi sübut edə bilmədi.

FİFA seçimini 2010-cu il dekabrın 2-də etmiş və o zaman Rusiya səsvermədə İspaniya-Portuqaliya, Hollandiya-Belçika və İngiltərə kimi rəqiblərə qalib gəlmişdi. Elə bundan sonra şimal qonşularımız bir neçə dəfə mundialı itirmək qorxusu ilə üzləşsələr də, “sudan quru çıxamağı” bacarmışdılar... Xüsusilə ingilislərin seçim zamanı korrupsiya faktının olduğunu iddia etmələri və bununla bağlı araşdırmanın aparılması, həmçinin 2014-cü ildə Krıma görə Ukrayna ilə münaqişənin yaşanması, FIFA prezidenti vəzifəsindəki dəyişiklik - Josef Blatterin 2015-ci ildə gedişi, Gianni Infantinonun 2016-cı ildə gəlişi zamanı da mundialın Rusiyadan alınacağı məsələsi gündəmə gəlmişdi... Elə 2018-ci ildə də dopinq qalmaqalı səbəbindən Rusiyanın fevralda Qış Olimpiadasına buraxılmamasından, martda Böyük Britaniyada məlum Sergey və Yuliya Skripal qalmaqalından sonra da futbol mundialının başı üzərini “qara buludlar” aldı, hətta Britaniya, Polşa və İslandiya kimi ölkələrin siyasi dairələri DÇ-2018-i boykot etdilər. İş o yerə çatdı ki, Böyük Britaniyanın xarici işlər naziri Boris Conson parlament dinləmələri zamanı Rusiya mundialını 1936-cı ildə nasist Almaniyasında keçirilən olimpiada ilə müqayisə etdi...”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024