Mobil versiya
Davudoğlu Bakıya mühüm mesajlarla gəlir
Tarix: 03-12-2015 | Saat: 10:36
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Davudoğlu Bakıya mühüm mesajlarla gəlir

Bu gün Əhməd Davudoğlunun Azərbaycana kritik səfəri başlayır; ziyarət mürəkkəb bir dönəmə təsadüf edir və Bakı-Moskva münasibətlərinə də təsirsiz ötüşməyə bilər; gözlər Bakıda...

Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün Bakıya gəlir. Səfər çərçivəsində o, Azərbaycanda ən yüksək səviyyədə görüşlər keçirəcək, o cümlədən prezident İlham Əliyev tərəfindən qəbul ediləcək.

Onun ölkəmizə budəfəki ziyarəti əvvəlkilərdən bir neçə özəlliyi ilə fərqlənir və təkcə 1 noyabr seçkilərindən, bu posta təzədən təsdiqlənməsindən sonra ənənəyə uyğun surətdə, Şimali Kiprin ardınca ikinci xarici səfər qismində Azərbaycanı seçməsi ilə ilgili deyil; daha diqqətçəkici məsələlər var.

Səfərin əhəmiyyətini əslində onun reallaşdığı ərəfədə bölgədə, Türkiyə-Rusiya münasibətlərində formalaşan yetərincə mürəkkəb və həssas situasiyadan, tərəflər arasında başlamaqda olan iqtisadi müharibədən və gedən informasiya savaşından aydın görmək olar. Bu xüsusda Davudoğlunun xarici işlər naziri Mövlud Çavuşoğlundan cəmi 4-5 gün sonra Bakıya təşrif buyurması təsadüfi sayıla bilməz.

Söhbət öncəliklə Rusiyanın “Su-24" bombardmançı təyyarəsinin Türkiyə tərəfindən vurulmasının ardınca Ankara-Moskva münasibətlərində sonuncunun günahı üzündən yaranan böyük çat və gərginlikdən, habelə bu gərginliyin Türkiyə və Rusiya ilə yaxın əlaqələrə malik Azərbaycanın hər iki dövlətlə münasibətlərinə inikas etməsindən gedir.
Yada salaq ki, Əhməd Davudoğlu “Su-24"ün məhv edilməsinə göstərişi şəxsən verib və gərək olarsa, yenə eyni addımın atılacağını söyləyib.

Bakı səfəri ərəfəsində isə o, prinsipial mövqeyini təkrarlayıb. Eyni zamanda ikitərəfli əlaqələrin normallaşması naminə Kremlə tövsiyə edib ki, ”Su-24" olayını düzgün dəyərləndirsin. “Yalnız o zaman hər iki tərəf üçün faydalı olar” - qeyd edib baş nazir.

Sitat: “Olduqca gərgin dönəmdəyik. Ancaq gərginliyi Türkiyə tərəfi başlamayıb. Biz öz hava məkanımızı qorumaq istədik. Həmin təyyarənin hansı ölkəyə aid olmasını əvvəlcədən bilməmişik. Əgər Türkiyə Silahlı Qüvvələri qırıcını vurmasaydı, bəzi dairələr bunun səbəbini soruşardılar. Biz hava məkanımızın pozulması ilə bağlı qarşı tərəfə dəfələrlə xəbərdarlıq etdik. Eyni zamanda Rusiyaya bildirdik ki, Bayırbucaq bölgəsində terrorçu, yoxdur orada türkmanlar var”.

***
Səfər sübhə yox ki, ən əvvəl bu məqamları ilə, hörmətli Əhməd Davudoğlunun Rusiyadan ötrü çox önəmli bir persona olması və onun iki ölkə arasında pik həddə çatmaq üzrə olan gərginlikdən dolayı Bakıda hansı bəyanatlar verməsi baxımından Rusiya və dünyanın diqqət mərkəzində olacaq. Bir şey dəqiqdir ki, baş nazir ölkəmizə Türkiyənin Rusiya önündə güclü və prinsipial mövqeyi ilə gəlir ki, bu da ziyarətin önəminə məxsusi siyasi çalar qatır.

Səfər öncəsi situasiyanın ciddiliyinə və təhlükəliliyinə dəlalət edən detallardan biri isə Rusiyanın insidentdən az sonra Ermənistan-Türkiyə sərhədinə təcili şəkildə seçmə, iri qoşun qruplaşması göndərməsi sayıla bilər. Belə bir sensasion məlumat bir sıra Rusiya nəşrlərində yer alıb.

Məlumatlara əsasən, prezident Putin ötən bazar günü - noyabrın 29-da səhər Şimali Qafqaz hərbi dairəsində dislokasiya olunmuş 58-ci orduya Türkiyə-Ermənistan sərhədində dərhal radioelektron mübarizə qüvvələrinin seçmə polklarını və briqadalarını, zenit sistemlərini, reaktiv yaylım atəşi sistemlərini, tank əleyhinə kompleksləri, motoatıcı və artilleriya qoşunlarını cəmləşdirmək haqda təcili əmr verib.

Söhbət üst-üstə 7 minlik qoşun qruplaşmasından gedir. Məlumatın mənbəyi kimi Rusiya Müdafiə Nazirliyinin məruzəsi göstərilir. Belədirsə, bu, artıq Türkiyə ilə yanaşı, Azərbaycana münasibətdə də şimal qonşumuzun xoş olmayan məramına, yeni təhlükəli planları və hədələrinə dəlalət edir, çünki ölkəmiz Qarabağa görə on illərdir işğalçı Ermənistanla müharibə vəziyyətindədir. Əhməd Davudoğlunun Bakı səfiri həmçinin bu təhlükəli gəlişmə fonunda reallaşması ilə önəm kəsb edəcək.

***
Bu mənada qardaş ölkənin hökumət başçısının Bakıdan verəcəyi açıqlama və mesajlar ikiqat siyasi dəyər daşıyır. Həmin mesajların əsasən Rusiyaya, Ermənistana ünvanlı olmaqla Azərbaycanın təhlükəsizliyi məsələsini də özündə ehtiva edəcəyi şəksizdir. Zatən, Davudoğlu səfər ərəfəsi də Dağlıq Qarabağ kontekstində Azərbaycanın xeyrinə bəyanatlar səsləndirib, hətta Bakının xahişi ilə Ankaranın işğal altındakı ərazilərdə antiterror əməliyyatı keçirməyə hazır olması barədə Rusiya KİV-də sensasion məlumatlar yayılıb və Türkiyə tərəfdən təkzib edilməyib. Qarabağ məsələsində oxşar mövqenin məhz Baklıda ortaya qoyulması heç vaxt olmadığı qədər effekt yaradardı.

Sözsüz ki, baş nazirin ziyarəti hər şey qırağa, iki qardaş ölkə arasında strateji əməkdaşlığın, sarsılmaz ittifaqın yeni və növbəti fiksəsi, nümayişi olacaq - hansı ittifaq ki, Ermənistanı haqlı olaraq daim narahat edib, indi də Rusiya bəlli səbəbdən bu ittifaqa qarşı xeyli qıcıqlı görünür. Hər halda, bundan sonra Türkiyənin istənilən müttəfiqinin Rusiyanın gözündə rəqib kimi görünəcəyi ehtimalı artıb ki, azalmayıb.

Rəsmi Ankara Kremlin bu kimi həssaslığının, həmçinin də onun Azərbaycana real təsir imkanlarının fərqindədir və əlbəttə ki, onları ciddiyə alır. O üzdən Bakı görüşləri zamanı Türkiyə baş naziri Azərbaycan rəhbərliyindən güman ki, açıq dəstək bəyanatı istəməyəcək - yenə məhz Azərbaycanın milli və təhlükəsizlik maraqları ziyan görməsin deyə.

Ancaq bağlı qapılar arxasında yəqin ki, Bakı Türkiyənin yanında olduğuna dair mövqe sərgiləyəcək, iki qardaş ölkə arasında əlaqələrin bütün strateji sahələr üzrə dərinləşdirilməsinin vacibliyi xüsusi vurğulanacaq, perspektivlərdən danışılacaq. Bundan əlavə, Rusiyanın iqtisadi embarqolarından dolayı Azərbaycanın qardaş ölkəyə edə biləcəyi köməyin dairəsi də böyük ehtimalla, müzakirə mövzusu olacaq. Bura Rusiyada yasaqlanan türk mal və xidmətləri üçün Azərbaycanda və ya Azərbaycan vasitəsilə qonşu ölkələrdə yeni bazarların tapılması, ən önəmlisi, Türkiyənin qaz təchizatının ölkəmiz hesabına gücləndirilməsi məsələləri də daxildir.

Bütün hallarda bu gün Bakı kifayət qədər dünyanın nəzər-diqqətinə olacaq. Buna əsaslar da yetərlidir. İstisna deyil ki, Davudoğlunun kritik səfərindən sonra Rusiya-Türkiyə münasibətlərinin inkişaf vektorları daha da dəqiqləşsin - özü ilə bərabər Bakı-Moskva münasibətlərinə də bəzi korrektələr eləməklə. (musavat.com)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə