Mobil versiya
Milli Şura ilə Hacı Talehi nə birləşdirir?
Tarix: 30-11-2015 | Saat: 17:40
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər


Bir medalın iki üzü

Müxalifətin Milli Şura adlı radikal qanadı Nardaranda baş verən hadisələrlə əlaqədar özünəməxsus şəkildə bəyanat yayıb. Bəyanatda Milli Şura açıq-aşkar dini ekstermist qruplaşmaya dəstək nümayiş etdirib.

“Milli Şura hər zaman dinc, sivil mübarizənin tərəfdarı kimi çıxış edən Taleh Bağırzadəyə və tərəfdarlarına qarşı səsləndirilən ittihamları əsassız, saxta və uydurma hesab edir, bütövlükdə hadisəni hakimiyyətin inanclı vətəndaşlarımıza qarşı təxribatı hesab edir”,-deyə məlum bəyanatda qeyd edilib.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bəyanata münasibət bildirərək qeyd edib ki, Milli Şura və Taleh Bağırzadə bir medalın iki üzüdür: “Hər ikisi anti-Azərbaycan mövqedə dayanan və xaricdən istiqamətləndirilən, proqramlaşdırılan, maliyyələşdirilən subyektlərdir. Taleh Bağırov anti-Azərbaycan mövqedə dayanır, anti-konstitusion çağırışlar edib.

Rəsmi məlumata görə, Taleh Bağırzadə terror hadisələrinə ciddi şəkildə hazırlaşıb, tərəfdarlarını Azərbaycan dövlətçiliyinə qarşı yönəldib, və çıxışlarında şəriət rejiminin qurulmasını təbliğ edib. Bu kimi hallara görə, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ona qarşı cinayət işi açılıb, istintaq gedir. Belə bir şəraitdə Milli Şuranın mövqeyinin bu şəkildə ortaya çıxması və Taleh Bağırzadəni müdafiə etməsi artıq onların bütün eybəcərliklərini, anti-Azərbaycan mövqedə durduqlarını tam çılpaqlığı ilə nümayiş etdirməkdədir”.

F.Ağamalı Milli Şuradakılara xitabən deyib: “İnsanda abır-həya yaxşı şeydir. İnsan özünün ləyaqətinə hörmət etməlidir. Müxalifətçilik, fikirayrılığı, plüralizm, demokratik yolla hakimiyyətə gəlmək uğrunda mübarizə başa düşüləndir. Ancaq, bu yolla hazırkı iqtidara deyil, nəticə etibarı ilə Azərbaycanın tutmuş olduğu yola, hədəflərinə qarşı çıxmış olurlar. Bu isə Taleh Bağırov kimi olmaqdır”.

Partiya sədri hesab edir ki, Milli Şuradakılar da istintaqa cəlb olunmalıdır: “Cəmiyyətdə mənəvi terrorla məşğul olduqlarına görə onlara qarşı da belə addım atılmalıdır. Milli Şura təpədən-dırnağa qədər anti-Azərbaycan mövqedə durur. Bunların da fəaliyyəti araşdırılmalıdır və cəmiyyətə təqdim edilməlidir. Hüquq mühafizə orqanları atmış olduqları sərt addımları davam etdirməlidirlər”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli isə qeyd edib ki, Milli Şura adlanan anti-milli qurumun radikal ekstremistləri müdafiə etməsi yeni hadisə deyil: “Bu qurum yeni fəaliyyətə başladığı dövrlərdə radikal ekstremistlərin müdafiəsinə cəhd edirdi. Eyni zamanda İranın da mövqelərinin müdafiə olunması ilə bağlı müxtəlif formalı bəyanatlar verilmişdi. Xüsusilə bu fikirlər Əli Kərimli tərəfindən tez-tez səsləndirilirdi. Əli Kərimli bir neçə müddət öncə çağırışlarında təxribatçı Taleh Bağırzadəyə öz fəaliyyətini dünyəvi ənənələrə uyğun qurmağı tövsiyyə etmişdi. Amma, onun çağırışlarına diqqət yetirilmədi. Yəni, bu adamın çağırışlarına, hətta varlığına belə təxribatçılar önəm vermədi”.

Sədr müavinin sözlərinə görə, Milli Şuranın Azərbaycan dövlətinə qarşı çıxan, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı heç kimdə şübhə doğurmayan, eyni zamanda milli maraqlarımıza, dövlətimizin konstitusion quruluşuna zədə vurmağa çalışan insanların müdafiəsinə qalxmasını təsadüfi deyil: “Bu Əli Kərimlinin, Milli Şurada təmsil olunanların mahiyyətindən, düşüncəsindən irəli gələn bir faktordur. Onlar dövlətimizə qarşı kim yönəlibsə, həmin dairələrin yanında yer alırlar. Bunlar özlərini müxtəlif qütblərə təslim etməyə, onların sifarişi ilə fəaliyyət göstərməyə çalışan insanlardır. İndiki məqamda da Taleh Bağırzadə və bu radikal ekstremist qrupa daxil olan digər şəxsləri idarə edən xarici qüvvənin himayəsinə sığınmaq niyyətindədirlər. Bu addımları ilə onlara öz xidmətlərini təklif etmiş olurlar”, - deyə E. Mirzəbəyli vurğulayıb. (azvision.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə