Mobil versiya
“Taleyimiz Madriddə də həll oluna bilər, Romada da” – Qara Qarayev
Tarix: 18-11-2017 | Saat: 14:46
Bölmə:İdman | çapa göndər

“Taleyimiz Madriddə də həll oluna bilər, Romada da” – Qara Qarayev


"Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Topaz Premyer Liqanın 12-ci turunun "Sumqayıt”la oyunundan (2:0) sonra jurnalistlərə müsahibə verib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- İlk dəqiqələrdən qalib gəlmək istəyirdik. "Sumqayıt”ın son vaxtlar yaxşı çıxış etdiyini görürdük. Ancaq başlanğıcda göstərilən qırmızı vərəqə axarı dəyişdi. Buna baxmayaraq, ruhdan düşmədik. 10 nəfərlə qalsaq da, qələbə qazandıq.

- Son dəqiqələrdə "Sumqayıt” təzyiqi artırmışdı. Hesab 2:1 olsaydı, yəqin ki, oyun sizin üçün çətin olacaqdı...
- Əlbəttə, çətinləşəcəkdi. "Sumqayıt” daha motivasiyalı oynayacaqdı. Biz azlıqda qaldıqdan sonra rəqibin təzyiqi normal idi. Top daha çox onlarda olurdu. Ancaq biz fərqi sona qədər qoruya bildik.

- Çempionatın səviyyəsinin yüksəldiyi deyilir. Amma bu gün avrokuboklar uğrunda mübarizə aparan "Sumqayıt” 10 nəfərlə qalan "Qarabağ”la bacarmır. Demək olarmı ki, çempionatda sizin üçün rəqabət və ya rəqib yoxdur?
- Bir-birimizi aldatmamalıyıq. Bugünkü çempionat əvvəlki deyil. İştirakçı komandaların sayının 8-ə endirilməsi səviyyənin aşağı düşməsi deməkdir. Ümid edirik ki, tezliklə problemlər aradan qaldırılacaq. Biz rəqabətli, gərgin çempionat arzusundayıq. İndi də belədir. Amma daha çox komanda olsun, bizim üçün də maraqlı olsun. Çempionat maraqsız deyil, sadəcə, daha gərgin, daha baxımlı olmasını istərdik.

- Son oyunlarda legionerləriniz qırmızı vərəqə alır. Bu, təsadüfdür?
- Planlaşdırılmış addım olduğunu düşünmürəm. Amma bunu aradan qaldırmalıyıq. Hər oyunda qırmızı almağımız oyun planımızı pozur.

- Qarşıda "Çelsi” ilə vacib oyununuz var. Bu görüşlə bağlı nə deyə bilərsən?
- Təhlükəli rəqibdir. Oyunun gərginliyini başa düşürük və qələbəyə köklənmək bir xəyal olardı. Yaxşı oynamağa çalışacağıq və "Çelsi” kimi komandanın çətinliklə üzləşməsinə nail olacağıq. Bunu etməyi hədəfləyirik. Yaxşı nəticə qazansaq, əla, olmasa, can sağlığı. Bütün niyyətimiz, məqsədimiz bu oyuna köklənib.

- Pedronun oynamayacağı təsirini göstərəcəkmi?
- Onun yoxluğu ciddi itkidir. İki oyunluq cəzalanacağını gözləyirdik. Oynamaması problem yaradacaq, amma yerini dolduracaq futbolçularımız var. Onların ümidləri doğruldacağına inanıram.

- Nəzəri cəhətdən olsa belə, üçüncü yeri tutmaq şansınız davam edir. Bunu nə dərəcədə real sayırsan?
- "Atletiko” ilə oyunun nəticəsi də həlledici rol oynayacaq. Hər şey son turdan asılı olacaq. Taleyimiz Madriddə də həll oluna bilər, Romada da.

- "Qarabağ”ın ingilis klublarından çəkindiyini demək olarmı?
- Təxminən elədir. Almanlar heç vaxt dayanmır, tempi salmırlar. İngilislər də belədir, mümkün qədər çox qol vurmaq istəyirlər. İspanlar isə müəyyən sayda qol vurduqdan sonra dayanırlar. İnanıram ki, burdakı son oyunumuzda xalqımızı sevindirəcəyik.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024