Mobil versiya
"Azərbaycanda belə məktəblərə və mərkəzlərə çox ehtiyac var"
Tarix: 16-08-2017 | Saat: 08:33
Bölmə:Gündəm / Karusel | çapa göndər

"Azərbaycanda belə məktəblərə və mərkəzlərə çox ehtiyac var"






"Azərbaycana maraq təkcə ərəb dövlətlərindən yox, Avropada və başqa yerlərdə də ilbəil artır. Bizdə xidmətin səviyyəsinə gəlincə, deyə bilmərəm ki, ötən illərə nisbətən bu il səviyyə bir balaca artıb. Lakin Azərbaycanda turizm sektorunda hələ də dünya standartlarına cavab verən xidmət yoxdur. Ölkəyə gələn turistlərin sayı artıb, amma təəssüflər ki, otel, restoran və digər turizm obyektləri qısa müddətdə turistlərdən yalnız daha çox pul qazanmağa çalışırlar. Göstərdikləri xidmətin səviyyəsi isə heç də tələb etdikləri pula uyğun deyil".



Bu barədə Milli.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (ATA) İdarə Heyətinin sədri, turizm sektoru üzrə ekspert Nahid Bağırov deyib.



ATA-nın sədri hesab edir ki, Azərbaycanda restoran və otel biznesində çalışan peşəkar işçilərə və onların hazırlanması üçün məktəblərə, mərkəzlərə çox ehtiyac var: "Dünya təcrübəsində bu məsələ necə çözülürsə, onlara baxıb nümunə götürməliyik. Məsələn, Türkiyədə mehmanxana və ya restoran tipli obyekt açılırsa, oranın işçilərinin əksəriyyəti məcburi qaydada dövlət tərəfindən müəyyən olunmuş mərkəzlərdə treninq keçməli və sertifikat almalıdır. Təəssüf ki, bizdə qanunvericilikdə bu məsələlər nəzərə alınmayıb".



N.Bağırovun fikrincə, xidmətlərin, əyləncələrin sayına, çeşidlərinin fərqliliyi və bolluğuna da nail olunmalıdır: "Çünki turistlərin sayı ilbəil artır. Ölkəyə gələn hər bir turist də yenilik axtarışında olur. Bunu nəzərə alan turizm şirkətləri yeni təkliflərlə çıxış etməyə məcbur olurlar. Yeni turlara gəlincə, onlar turizm şirkətləri tərəfindən təşkil olunur. Amma mehmanxanalar tərəfindən ciddi bir yenilik edildiyini hələ görməmişəm. Təbii ki, yaxın 2-3 illə müqayisə eləsək, artıq böyük fərq var, lakin bu, yenə də bizi qane edə bilməz. Axı Azərbaycana gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Yay mövsümündə otellərin hamısı, demək olar ki, doludur. Bu, özü onu göstərir ki, Azərbaycan turizm məkanı kimi tanınır. Elə dövlətlər var ki, ordan ən böyük axın məhz Azərbaycanadır. Ona görə də bir turizm məkanı kimi yeniliklər etməli, xidmətin növlərini və səviyyəsini artırmalıyıq".



Onun sözlərinə görə, bir müddətdən sonra Azərbaycana gələn turistlərin sayı azalacaq: "Dünyada əsas turizm mövsümü yay ayları qəbul edilib. Təbii ki, başqa aylarda turistlərin sayı azalacaq. Düzdür, bu gün Azərbaycana ən çox gələn ərəb turistlərdir. Ərəb dövlətlərinin hər birinin özünün müxtəlif bayramları var. Lakin payızda yenə də bu qədər turistin olacağı gözlənilmir.



Ekspertin fikrincə, getdikcə ölkəyə daha keyfiyyətli turistlərin cəlb edilməsinə nail olunmalıdır: "Turistlərin bolluğuna 100 faiz nail olunub, yəni belə demək mümkündürsə, planı artıq doldurmuşuq. Bundan artığı hələlik mümkün deyil. Hələ ki, ölkəmizə bundan çox turist gələ bilməz. Çünki Azərbaycandakı bütün otellər, demək olar ki, dolur. Yəni otellərdə yataq yerlərinin sayı bundan artığına imkan vermir. Məqsəd qoyulmuşdu ki, gələn turistlərin sayının artmasına nail olunsun və plan yerinə yetirilib. İndi çalışmalıyıq ki, yay mövsümündən başqa digər mövsümlərdə də turistlərin bolluğu olsun və daha keyfiyyətli turistlər gəlsin. Söhbət 4 və 5 ulduz səviyyəli turistlərin gəlməsinə nail olmaqdan gedir.




"Problem təkcə ərəb turistlərdə deyil, həm də..."
Məsələn, BƏƏ-də 7 əmirlik var. Çalışmalıyıq ki, onlardan Dubay, Şarja, Abu-Dabidən gəlsin. Eyni zamanda, gərək elə edək ki, bura Avropadan, Amerikadan və Şərqi Asiya ölkələrindən də turistlər gəlsin. Amma, təbii ki, bunu etmək çətin olacaq. Çünki bizim güclü rəqiblərimiz çoxdur. Avropa turistlərinin çoxu çalışır ki, Avropa hüdudlarında istirahət eləsin. Biz, hələ ki, İspaniya, İtaliya, Yunanıstan və Türkiyə kimi ölkələrlə rəqabət apara bilmərik və bu mümkün də deyil. Bu ölkələr artıq uzun illərdir turizm sahəsində ixtisaslaşıblar, dünyada tanınırlar, onların imici çoxdan müəyyənləşib. Amma Azərbaycan yeni turist istiqaməti olduğu üçün bizim üçün çox çətin olacaq. Ona görə də bizim üçün prioritet ölkələr Rusiya, Qazaxıstan, İran kimi qonşu dövlətlər və ərəb ölkələridir. Amma ümid edirəm ki, yaxın illərdə bu coğrafiya daha da genişlənəcək. Niyə də yox?!"

İlkin İzzət



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024