Mobil versiya
Məqsəd Qubadlını daha da gözəl, müasir və abad bir şəhərə çevirməkdir - DEPUTAT
Tarix: 24-10-2025 | Saat: 19:08
Bölmə:Siyasət | çapa göndər

Məqsəd Qubadlını daha da gözəl, müasir və abad bir şəhərə çevirməkdir

25 oktyabr tarixi Azərbaycan tarixində xüsusi bir yer tutur. Bu gün qəhrəmanlıq, qürur və qələbə rəmzi, Qubadlının işğaldan azad olunduğu gündür.

1988-ci ildən başlayaraq Qubadlı rayonuna Ermənistan tərəfindən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. Qubadlı rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, nəticədə minlərlə sakin öz doğma yurd-yuvasından didərgin düşmüşdür.

İşğal nəticəsində rayondan minlərlə məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşmışdır. Yüzlərlə yaşayış məntəqəsi, fərdi yaşayış evləri, inzibati binalar, sosial və mədəniyyət obyektləri, məscidlər, körpülər erməni işğalçıları tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Bundan başqa kənd təsərrüfatı obyeklərinin, avtomobil yollarının, su anbarları və magistral su xətlərinin, eləcə də elektrik xətləri və magistral qaz boru xətlərinin tamamilə dağıdılması ermənilərin təcavüzkar və vandal xarakterli olduğunu bir daha nümayiş etdirmişdir.

Bütün bunlara baxmayaraq, 27 il ərzində Qubadlı sakinləri doğma torpaqlarına qayıtmaq ümidini heç vaxt itirmədilər. Nəhayət, 2020-ci ilin Vətən müharibəsi zamanı bu arzu reallığa çevrildi.

2020-ci ilin 25 oktyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağda parlaq zəfərlər silsiləsini davam etdirərək, Qubadlı şəhərini erməni işğalından azad etmişdir.

Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərərək, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürmüş, ətrafda yerləşən kəndləri, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri və strateji yüksəkliklər ələ keçirmişdir. Oktyabrın 25-də Azərbaycan Ordusu şəhəri düşməndən tam təmizlədi.

Qubadlının azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm addımlardan biri idi. Qəhrəman əsgərlərimizin igidliyi, xalqımızın birliyi və dövlətimizin gücü sayəsində Qubadlıda üçrəngli bayrağımız qürurla dalğalanmağa başladı.

Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Həmçinin, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməklə, sözügedən Sərəncama əsasən 25 oktyabr - Qubadlı şəhəri günü kimi müəyyən edilmişdir.

Bu gün Qubadlıda yenidənqurma və bərpa işləri geniş vüsət alıb. Yeni infrastruktur layihələr, yollar, məktəblər, xəstəxanalar və müasir yaşayış məhəllələri inşa olunur. Məqsəd doğma Qubadlını daha da gözəl, müasir və abad bir şəhərə çevirməkdir.

2040-cı ilə qədər şəhərin və rayondaxili infrastrukturun dirçəldilməsi və inkişafı planlanır. Rayonun meliorasiya və su-idarəetmə kompleksinin yenidən bərpası da prioritetdir. Rayondakı bütün yaşayış məntəqələri üçün suvarma sistemləri və yeni su mənbələri tədqiq edilir.

Qəsəbələrdən biri olan Zilanli kəndi 80 hektar sahəni əhatə edir və burada yerli materiallardan istifadə edilərək modern memarlıqla yerləşmə nəzərdə tutulmuşdur. Bundan başqa, mədəni obyektlər, inzibati binalar, məktəblər, qəsəbə meydanları üçün layihələr hazırlanır, həmçinin “Rayon Mədəniyyət Mərkəzi” və müzey kompleksinin layihəsi mövcuddur. 2025-ci ildə rayonda «Rebuild Karabakh – 2025» sərgisi çərçivəsində bərpa layihələri təqdim edilmiş, ictimai dəstək və ianə mexanizmləri genişləndirilmişdir.

Perspektivdə rayonda ekoturizm, kənd təsərrüfatı, azaldılmış su itkisi ilə yeni suvarma texnologiyaları kimi sahələrin inkişaf etdirilməsi planlanır. Əhalinin geri qayıdışı, mənzil mövcudluğu, sosial infrastrukturun işə salınması kimi sahələrdə isə zaman tələb olunur.

Bir sözlə, Qubadli rayonu işğaldan azad edildikdən sonra yenidənqurma, inkişaf və gələcək üçün transformasiya mərhələsindədir. İnfrastrukturdan tutmuş şəhərsalma planına, suvarma sistemlərindən mədəni obyektlərin bərpasına qədər çoxşaxəli işlər aparılır. Yeni inkişaf modeli “dayanıqlı, yaşanılabilir, təbiətlə uzlaşan” prinsipləri üzərində qurulur.

Bu gün xalqımız qürurla 25 oktyabr tarixini Qubadlı şəhəri günü kimi qeyd edir və bu gün təkcə bir şəhərin azad olunmasının deyil, həm də xalqımızın iradəsinin, vətən sevgisinin və qəhrəmanlığının təntənəsidir.

Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-10-2025