Mobil versiya
Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib - YENİLƏNİB FOTO
Tarix: 24-10-2025 | Saat: 18:26
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib

Oktyabrın 24-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclası açan spiker, Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətinin oktyabrın 19-dan 21-dək İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfəri barədə məlumat verib. Qeyd edilib ki, səfərin məqsədi Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında iştirak etmək olub.

Spiker diqqətə çatdırıb ki, oktyabrın 20-də Assambleyada “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda müzakirələr aparılıb. O deyib ki, çıxışı zamanı tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan xalqı humanitar böhranın nə demək olduğunu öz təcrübəsində yaşayıb.

İştirakçılara Ermənistanın silahlı təcavüzünün faciəli nəticələri barədə məlumat verilib. Qeyd olunub ki, dövlətimiz ərazi bütövlüyünü bərpa etdikdən sonra geniş miqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirir. Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesi başlayıb. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin güclü siyasi iradəsinin və humanitar fəaliyyətə sadiqliyinin sübutudur.
Bildirilib ki, vaxtı ilə humanitar yardım alan Azərbaycan bu gün donor ölkə kimi qismində çıxış edir, BMT-ni və qlobal humanitar səyləri dəstəkləyir. COVID-19 pandemiyası zamanı Azərbaycan 80-dən çox ölkəyə yardım göstərib. Son beş ildə 140-dan çox ölkəyə 350 milyon ABŞ dollarından çox humanitar, maliyyə və texniki yardım çatdırılıb.
Spiker Sahibə Qafarova deyib ki, Assambleya çərçivəsində keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri də iştirak və çıxış ediblər.
Diqqətə çatdırılıb ki, Assambleya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı ilə Milli Məclis arasında təşkilatın 20-ci sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Milli Məclisin sədri çıxışında deyib ki, hazırda Milli Məclisin sədrlik etdiyi üç parlament təşkilatından biri də Asiya Parlament Assambleyasıdır. Digər iki təşkilat isə, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır.

Deputatların diqqətinə çatdırılıb ki, Cenevrədə Azərbaycan parlamentinin spikerinin sədrliyi ilə Asiya Parlament Assambleyasının Koordinasiya görüşü keçirilib.

Tədbirdə parlamentin spikeri çıxış edərək, Milli Məclisin təşkilata sədrlik etməyə başladığı 2024-cü ildən etibarən görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, Assambleya çərçivəsində əməkdaşlıq və dialoqun genişləndirilməsi istiqamətində Azərbaycan bir sıra prioritetlər irəli sürüb. Təşkilatın sıraları genişləndirilib, Assambleyada müşahidəçi statusu olan beynəlxalq təşkilatların sayı artırılıb. Bundan əlavə, təşkilatın büdcəsinin formalaşdırılması ilə bağlı konsensus əldə olunub, onun bürosunun fəaliyyəti daha da canlandırılıb.

Cenevrəyə səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərin də keçirildiyini deyən Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq, eləcə də Bosniya və Herseqovina  və Namibiya parlamentlərinin sədrləri ilə danışıqlarda parlamentlərarası əməkdaşlığın inkişafı yolları nəzərdən keçirilib.
Eyni zamanda bildirilib ki, möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti yüksək qiymətləndirilib, təşkilatın institusional inkişafı və beynəlxalq nüfuzunun artırılması istiqamətində görülən işlərdən danışılıb.

Milli Məclisin sədri bildirib ki, oktyabrın 21-də onun Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü baş tutub. Bu, Parlamentlərarası İttifaq çərçivəsində baş tutan üçüncü görüş olub. Görüşdə Vaşinqton sammitində əldə olunmuş razılaşmaların və münasibətlərin normallaşması üçün görülən tədbirlərin böyük əhəmiyyəti vurğulanaraq, konstruktiv dialoqun davam etdirilməsinin vacibliyi qeyd edilib.
Diqqətə çatdırılıb ki, görüş barədə Milli Məclisin mətbuat üçün məlumatı da yayılıb.
Parlamentin spikeri deyib ki, Cenevrədə Parlamentlərarası İttifaqın üzvü olan ölkələrin parlamentlərinin Baş Katibləri Assosiasiyasının növbəti sessiyası da keçirilib. Sessiyada rəqəmsal texnologiyaların parlamentlərdə tətbiqi ilə bağlı məsələlər müzakirə olunub. Görüşdə Milli Məclis Aparatının rəhbəri iştirak edərək çıxış edib.
Spiker Sahibə Qafarova Cenevrəyə işgüzar səfərin uğurlu olduğunu bildirib, bununla əlaqədar nümayəndə heyətinin üzvlərinə təşəkkür edib.
Parlamentin spikeri qeyd edib ki, sabah Qubadlı şəhəri günü qeyd olunacaq. Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda döyüşlər 44 günlük Vətən müharibəsinin şanlı səhifələrindən biridir. Bu gün quruculuq dövrünü yaşayan Qubadlı Qarabağın və Şərqi Zəngəzurun yeni həyatını təcəssüm etdirir.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb, parlamentin komitə sədri Zahid Oruc, deputatlar Soltan Məmmədov, Asif Əsgərov, Azər Badamov, Rizvan Nəbiyev, Bəhruz Məhərrəmov, Sahib Alıyev, Hikmət Məmmədov, Ceyhun Məmmədov, Müşfiq Cəfərov, Elman Nəsirov çıxış ediblər.
Bildirilib ki, Vətən müharibəsindən sonra Azərbaycan regionda postmünaqişə dövrü diplomatiyası həyata keçirir. Cənubi Qafqazda söz sahibinə çevrilmiş ölkəmizin regional və beynəlxalq səviyyədə mövqeləri möhkəmləndirilir. Bölgədə sülh, əməkdaşlıq, qarşılıqlı etimad mühitinin yaradılmasında Azərbaycan önəmli rol oynayır. Dövlət başçımızın xarici səfərləri, keçirdiyi görüşlər dünyada dialoqun inkişafına, sabitliyin möhkəmlənməsinə mühüm töhfələr verir.
Çıxışlarda ölkə Prezidenti İlham Əliyevin sülhün möhkəmləndirilməsi istiqamətində müəyyənləşdirdiyi strateji xəttin yalnız imzalanmış sazişlərlə deyil, mədəniyyətlərarası dialoq, dini dözümlülük və qarşılıqlı hörmət prinsipləri ilə möhkəmləndirildiyi vurğulanıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfərinin, keçirdiyi görüşlərin mədəniyyətlərarası dialoq, multikulturalizm ideyalarının təbliği baxımından mühüm əhəmiyyəti qeyd olunub, burada Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan bərpa işləri təqdirəlayiq hesab edilib.
Regionda sülhün möhkəmləndirilməsi, bununla bağlı atılan addımlardan söhbət açan deputatlar, bu günlərdə Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşünü yüksək dəyərləndiriblər. Bununla yanaşı, İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında təşkil olunmuş dəyirmi masanın iki xalq arasında etimadın bərpası istiqamətində vacibliyini qeyd ediblər.
Deputatlar Azərbaycanın təşəbbüsü olan Zəngəzur dəhlizinin iqtisadi, milli maraqlar baxımdan, habelə regional və beynəlxalq əhəmiyyəti, bu layihənin reallaşdırılmasının ölkələr arasında əməkdaşlığın genişləndirilməsində rolundan da bəhs ediblər.
Çıxışlarda, həmçinin müasir dövrdə informasiya məkanının müxtəlif təhdidlərdən qorunması, ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyi, bir sıra digər aktual məsələlərdən danışılıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyə 17 məsələ daxil edilib və ilk 5 məsələ möhtərəm cənab Prezidentin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlıdır. Spiker bu məsələlərin müzakirəsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərovun, Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Kərəm Mansurovun və hakimliyə namizədlərin iclasda iştirak etdiyini bildirib.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, F.M.Abbasovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, R.A.Xəlilovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələlər barədə məlumat verib.
Millət vəkili məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən başlanılan yeni inkişaf mərhələsi çərçivəsində görülən işlərdən danışıb. Bildirilib ki, bu istiqamətdə Məhkəmə-Hüquq Şurası tərəfindən bir sıra tədbirlər həyata keçirilib, mövcud hakim vakansiyalarının komplektləşdirilməsi məqsədilə hakim vəzifəsinə namizədlərin seçilməsi prosesi ardıcıl davam etdirilib. Qeyd edilib ki, hazırda məhkəmə sistemində 645 hakim fəaliyyət göstərir, növbəti ilin əvvəlinə hakimlərin sayının 720-yə çatdırılması nəzərdə tutulub. Görülmüş işlər sırasında, habelə cari ilin iyun ayında Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransın keçirildiyi söylənilib. Bununla yanaşı, oktyabr ayında Bakıda 71 dövləti təmsil edən 300-ə yaxın nümayəndənin iştirak etdiyi Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının toplantısının keçirildiyini, Milli Məclis sədrinin Assambleya iştirakçıları ilə görüşdüyü diqqətə çatdırılıb.

Nizami Səfərov bildirib ki, dövlət başçısının müvafiq təqdimatlarına əsasən, 11 hakim barəsində məsələlərin müzakirə nəzərdə tutulub. Belə ki, hakim korpusunu təmsil edən 2 nəfərin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri, 5 nəfərin Bakı Apellyasiya Məhkəməsinin hakimləri, 2 nəfərin Gəncə Apellyasiya Məhkəməsinin hakimləri, 1 nəfərin Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, 1 nəfərin isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif olunur.
Komitə sədri Siyavuş Novruzov, deputat Aydın Mirzəzadə öz fikirlərini səsləndirdikdən sonra, təqdim olunan 5 məsələ üzrə Milli Məclisin qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
İclasda çıxış edən Ali Məhkəmənin sədr müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov Şura tərəfindən aparılan islahatlar nəticəsində hakimlərin seçilməsi prosesinin sürətləndirildiyini, Şura nəzdində fəaliyyət göstərən Hakimlərin Qiymətləndirilməsi Komitəsinin müvafiq qaydalara uyğun olaraq hakimlərin peşəkarlıq səviyyəsinin müəyyən etdiyini söyləyib.

Parlamentin spikeri gündəliyin növbəti məsələsinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin olduğunu və layihənin bir oxunuşda baxılaraq qəbul ediləcəyini bildirib.
 
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev həmin qanun layihəsinin mahiyyətindən danışıb. O, sənəddə təklif olunan dəyişikliyin dəqiqləşdirmə xarakteri daşıdığını deyib. Bildirilib ki, adıçəkilən qanunun yeni redaksiyada təqdim edilmiş 19.2-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunur.
Məsələ ilə bağlı müzakirələrdə deputatlar Rəşad Mahmudov, Pərvanə Vəliyeva öz fikirlərini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova növbəti iki məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.
İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihənin ikinci oxunuşda müzakirəsindən sonra komitəyə hər hansı irad və təkliflərin daxil olmadığını söyləyib, sənədin dəstəklənməsini xahiş edib.
Layihədə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə göstərilən tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsinə dair dəyişikliklər nəzərdə tutulub.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Komitə sədri bildirib ki, sənəddə sənaye parkının rezidentlərinə verilən güzəştlərin müddətinin uzadılması nəzərdə tutulur. O, bu müddətin 2030-cu ilədək davam edəcəyini qeyd edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova gündəliyin növbəti beş məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının qanun layihəsi (ikinci oxunuş) barədə məlumatı təqdim edib. Millət vəkili qanun layihəsinə dair birinci oxunuş zamanı ətraflı məlumat verildiyini, geniş müzakirələrin aparıldığı deyib və sənəddə hər hansı dəyişikliyin edilmədiyi üçün onun olduğu kimi səsə qoyulmasını xahiş edib.

5 fəsil və 20 maddədən ibarət qanun layihəsi dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyir. Sənəddə dövlət xidmətlərinin göstərilməsinin əsas prinsipləri, xidmət istifadəçilərinin və xidmət təminatçılarının hüquq və vəzifələri müəyyən edilir. Habelə dövlət xidmətlərinin formalaşdırılması, təşkili və təkmilləşdirilməsinə dair müddəalar öz əksini tapıb. Bununla yanaşı, Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması, xidmət istifadəçilərinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi ilə bağlı tələblər, dövlət xidmətlərinin formaları, onların qiymətləndirilməsi və keyfiyyətinə nəzarətlə bağlı məsələlər təsbit olunur.
Müzakirələr zamanı Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, deputat Qüdrət Həsənquliyev öz fikir və qeydlərini açıqlayıblar. Komitə sədri Əli Hüseynli səsləndirilən fikirlərə münasibət bildirib.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Deputat birinci oxunuşda layihə barədə ətraflı məlumat verildiyini, əlavə təkliflərin olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması sahəsində qanunvericiliyin təkmilləşirilməsi məqsədilə hazırlanıb və  bununla bağlı vahid səlahiyyətli qurumun müəyyən edilməsini nəzərdə tutur. Digər dəyişiklikdə beynəlxalq avtomobil yük daşımaları yerinə yetirilərkən beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi ilə yanaşı elektron əmtəə-nəqliyyat qaiməsinin də tərtib olunması təklif edilir.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə  (ikinci oxunuş) qanun layihəsini təqdim edib.
Millət vəkili müzakirəyə çıxarılan layihənin Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edildiyini, Vəkillər Kollegiyasının fəaliyyətinin əsaslarını təkmilləşdirmək məqsədilə hazırlandığını nəzərə çatdırıb. O, sənədlə bağlı komitəyə əlavə təkliflərin daxil olmadığını deyib və onun dəstəklənməsini xahiş edib.
Müzakirələrdə deputatlar Azay Quliyev və Qüdrət Həsənquliyev məsələ barədə öz qeydlərini açıqlayıblar. Bəhruz Məhərrəmov səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O, layihə ilə bağlı birinci oxunuşda geniş məlumat verildiyini, hər hansı qeyd və təklifin olmadığını deyib, sənədin dəstəklənməsini xahiş edib.

Layihə ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Sənəddə ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunur. İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeydə alınacaq.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Millət vəkili diqqətə çatdırıb ki, qanun layihəsi Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar hazırlanıb. O, dəyişikliklər barədə birinci oxunuş zamanı ətraflı məlumat verildiyini deyib və komitəyə əlavə təklifin daxil olmadığından layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Sənəddə Cinayət Məcəlləsinin "İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma" maddəsinin həm adına, həm də dispozisiyasına yeni qaydalara uyğun olaraq müvafiq dəyişikliklər təklif edilir. Bu maddədə məsuliyyətin qanunla yol verilən hallar istisna olmaqla, rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, bu cür uyğunlaşdırılmış hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə yaranacağı qeyd olunur.
Layihə ətrafında müzakirələrdə deputatlar Vüqar Bayramov, Erkin Qədirli öz fikirlərini açıqlayıblar. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, deputat Əminə Ağazadə qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Fasilədən sonra iclas öz işini davam etdirib.
Parlamentin spikeri Sahibə Qafarova gündəliyin qalan 4 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib. O, növbəti iki məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil edildiyini və mahiyyətcə bir-birinə bağlı olduğunu söyləyib. Qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Elmin Məmmədov iclasda iştirak edir.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib.

O, bildirib ki, qanun layihəsi Azərbaycan Respublikasının ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının, habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin onlar arasında yaranan münasibətləri tənzimləyir. Layihədə müvafiq anlayışlar, sahə üzrə dövlət tənzimlənməsi çərçivəsində görüləcək tədbirlər, ekspeditora qarşı pretenziya və iddia verilməsi qaydaları, sahəvi ictimai birliklərin yaradılması ilə bağlı məsələlər əks olunur.

Komitə sədri qeyd edib ki, qanun layihəsinin tərtibi "Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrası ilə əlaqədardır. Strategiyanın Tədbirlər Planında tranzit daşıma və logistika işinin səmərəli təşkili üçün nəqliyyat-ekspedisiya fəaliyyətini reqlamentləşdirən normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, bu layihə nəqliyyat-logistika göstəricisi üzrə ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına xidmət edir. Belə ki, nəqliyyat-ekspedisiya fəaliyyəti iqtisadi indikator kimi sahibkarlıq subyektlərinin geniş dairəsini əhatə edir.
Nəzərə çatdırlıb ki, yükdaşımalarının təşkili yük göndərən, daşıyıcı, yük alan münasibətlərinə əsaslanır. Müasir dövrdə isə bu fəaliyyət ekspeditor xidmətlərindən istifadə etməklə həyata keçirilir. Daşımalar zamanı marşrutun optimal seçilməsi, daşıyıcının müəyyənləşdirilməsi, yükün daşınmaya hazırlanması, nəqliyyat-ekspedisiya sənədlərinin rəsmiləşdirilməsi, o cümlədən gömrük, sığorta və digər prosedurların icrası, daşımanın izlənilməsi, yüklərin təhlükəsizliyinin və vaxtında çatdırılmasının təmin olunması və digər vəzifələrin yerinə yetirilməsi ekspeditorun üzərinə düşür. Bu baxımdan ekspeditor xidməti xüsusi, bilik, bacarıq və peşəkarlıq tələb edir.
Qeyd olunub ki, bir sıra beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi, ölkəmizdə beynəlxalq standartlara uyğun logistika mərkəzlərinin və nəqliyyat infrastrukturunun yaradılması, bu səbəbdən yüklərin ölkə ərazisindən tranzit olaraq daşınması həcminin artması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işləri nəqliyyat-ekspedisiya fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradır.

Komitə sədri deyib ki, qanun layihəsinin qəbul edilməsi ilə ölkəmizin tranzit imkanlarından daha səmərəli istifadə edilməsi, logistika xidmətlərinin keyfiyyətinin artması, daşıma xərclərinin azaldılması, vaxtın səmərəli idarə olunması təmin ediləcək, yerli ekspeditorların beynəlxalq bazarda rəqabət qabiliyyəti yüksələcək.

Sonra Azər Əmiraslanov Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verərək, bu sənədin “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsindən irəli gələrək hazırlandığını söyləyib.

Belə ki, bu layihədə "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsində nəqliyyat-ekspertiza fəaliyyəti sahəsində pretenziya və iddia məsələləri tənzimləndiyindən, daşıyıcıya və ekspeditora yeni məzmunda anlayışlar verildiyindən, habelə qanun layihəsinin bir sıra normalarının tələblərindən irəli gələrək müvafiq dəyişikliklər təklif olunur. Habelə, dəyişiklik təklif olunan hər bir qanunda nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunların dairəsi əks etdirilir.

Parlamentin komitə sədri Tahir Rzayev məsələ barədə öz fikirlərini söylədikdən sonra, hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gündəliyin on altıncı məsələsi olan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirəyə təqdim edən Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, layihədə qanunun 27-ci maddəsinə 27.4-cü bəndin əlavə olunması təklif edilib. Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir. Sənəddə sözügedən müsabiqədə iştirakın ödənişli olması təklif edilib. Təqdim olunan dəyişikliklərə əsasən, bu ödəniş ilk dəfə müsabiqədə iştirak edənlərə, əlilliyi olan şəxslərə, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, şəhid ailəsinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Komitə sədri vurğulayıb ki, dəyişikliklər müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılmasına, dövlət büdcəsi vəsaitlərinin səmərəli istifadəsinə xidmət edir.
Müzakirədə Milli Məclis sədrinin müavini Musa Qasımlı, komitə sədri Fazil Mustafa, deputatlar Vüqar Bayramov, Ceyhun Məmmədov, Aydın Hüseynov, Qüdrət Həsənquliyev, Gülşən Paşayeva çıxış edərək təklif olunan dəyişiklik və təhsil sahəsinin bəzi aktual məsələləri ilə bağlı qeydlərini, suallarını səsləndiriblər.
Elm və təhsil nazirinin müavini İdris İsayev qaldırılan məsələlərə aydınlıq gətirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib. Bildirilib ki, qanun layihəsində “valideynlərini itirmiş” və “valideyn himayəsindən məhrum olmuş” uşaq anlayışları "valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid bir termin kimi təsbit olunub. Bundan başqa Mənzil Məcəlləsində "ailə tipli uşaq evləri" ifadəsinin "ailə tipli kiçik qrup evləri" ifadəsi ilə əvəzlənməsi təklif edilib. Komitə sədri deyib ki, qanun layihəsi uşaq hüquqlarının daha da təkmilləşdirilməsinə xidmət edəcək.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov və Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sənədlə bağlı rəhbərlik etdikləri komitələrin müsbət rəylərini diqqətə çatdırandan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-10-2025