Mobil versiya
QHT Azərbaycan mahnılarının oğurlanması problemini Türkiyədə qaldırdı
Tarix: 12-07-2017 | Saat: 13:35
Bölmə:Gündəm | çapa göndər

QHT Azərbaycan mahnılarının oğurlanması problemini Türkiyədə qaldırdı


"Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi "Xarici musiqi yarışmalarında, elektron KİV-lərdə "anonim müəllif” adı ilə təqdim olunan Azərbaycan musiqilərinin siyahıya alınması, milli musiqimizin oğurlanması, özgələşdirilməsinə qarşı elektron mübarizə” adlı layihənin icrasını davam etdirir.


Bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində növbəti tədbir Türkiyədə keçirilib.
İstanbulda keçirilən tədbirdə Türkiyənin tanınmış elm xadimləri, musiqişünasları, siyasətçiləri, media mənsubları iştirak ediblər.

muz

"Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Poladovanın saytımıza verdiyi məlumata görə, tədbirdə ermənilərin Füzuli rayonunun Alxanlı kəndində azyaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirmələrinə də münasibət bildirilib. Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edənlər bu vandalizmi qətiyyətlə pisləyərək, dünya ictimaiyyətini qatillərə "dur” deməyə çağırıb.

ISTAD basqani Sefer Karakoyunlu Zəhranın qətlə yetirilməsinə münasibət bildirərək, tarixi də vərəqləyib. O, ermənilərin türklərə qarşı törətdiyi amansız qətliamlardan danışıb, 20-ci əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı barədə məlumat verib. Sefer bəy gənclərimizi ayıq-sayıq olmağa, düşmənlərimizi tanımağa çağırıb.

"Reng Medya” şirkətinin başqanı Hamit Tuncel Azərbaycan musiqiləri ilə bağlı Türkiyədə apardığı araşdırmalar barədə məlumat verib. Hamit bəy Azərbaycan mahnılarının "anonim musiqi” adı altında verilməsinə münasibət bildirərək, bunun yolverilməz olduğunu qeyd edbi. O, belə halların Türkiyənin mədəniyyət və incəsənət xadimləri tərəfindən də pis qarşılandığını vurğulayıb. Hamit bəy həm Azərbaycan, həm də Türkiyə musiqiçilərinin əsərlərinin ermənilər tərəfindən kütləvi şəklidə oğurlandığını deyərək, belə hallara qarşı mübarizə aparmaq üçün ilk növbədə, özümüzün öz musiqimizi qorumağa daha ciddi yanaşmalı olduğumuzu bildirib.

Ədəbiyyatşünas Metin Özer də Azərbaycan musiqilərinin anonim ad altında verilməsindən danışaraq, bunu biganəlik adlandırıb. Metin bəy bildirib ki, türklərin bir çox bəlaları məhz belə biganəliklərdən qaynaqlanır. O, düşmənlərin bu biganəlikdən yararlanaraq, musiqimizi, mədəniyyətimizi, mətbəximizi mənimsəməyə cəhd göstərdiklərini deyib. Ədəbiyyatşünas elm adamlarının, musiqişünasların bu kimi məsələlərdə çox həssas olmalı olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən iş adamı İlhan İşbaşı, sənətçi Səmimə Səlimova da bu məsələnin daim gündəmdə saxlanılmasının, maarifləndirmə işlərinin aparılmasının vacib olduqlarını qeyd ediblər.

"Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Poladova çıxışında bildirib ki, indiyə qədər Rusiya, Türkiyə elektron KİV-ində, mahnı müsabiqələrində "anonim müəllif” adı ilə təqdim olunan Azərbaycan musiqilərinin siyahısı tutularaq, ilkin versiyası ilə saxtalaşdırılmış versiya arasında müqayisəli video təhlili aparılıb. Bu video kliplər sosial şəbəkələrdə, "youtube” video kanalından "before- after” texnikası ilə paylaşılıb. QHT sədri Türkiyə mətbuatını da bu məsələdə fəal olmağa səsləyib: "Uzun müddətdir ki, ermənilər Azərbaycan xalqının musiqi incilərindən, folklorundan və klassik bəstəkarların əsərlərindən plagiatlıq edərək, öz adlarına çıxırlar. Azərbaycan xalqının mədəni sərvəti hesab edilən «Vağzalı», «Yallı», «Üzundərə», «Mirzeyi», «Qazağı», «Tərəkəmə» kimi oyun havalarını, «Sarı gəlin» «Xan bacı», «Dəli Ceyran» kimi Azərbaycan xalq mahnılarını erməni musiqisi kimi öz adlarına çıxarmağa, «Əsli və Kərəm», «Məlikməmməd» və digər dastan və nağıllarımızı, dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun «Arşın mal alan», «O olmasın, bu olsun» operettalarının, «Koroğlu» operasının müəyyən hissələrini erməni nümunələri kimi təqdim etməyə çalışıblar. Həmçinin Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayev internet səhifələrində erməni bəstəkarı kimi təqdim olunur.

Çox təəssüf ki, Azərbaycan musiqi nümunələrinin ermənilər tərəfindən oğurlanması digər qonşu xalqlar, habelə qardaş Türkiyə musiqiçiləri tərəfindən də təkrarlanıb. Bu ölkədə keçirilən bir çox musiqi yarışmalarında, habelə elektron KİV-də yayımlanan musiqi verilişlərində Azərbaycan musiqiləri "anonim müəllif” adı ilə təqdim olunub. Hətta Türkiyədə Azərbaycan musiqisinin erməni musiqisi kimi təqdim edilməsinə də rast gəlinir. Müvafiq qanun pozuntuları ilə bağlı dəfələrlə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət edilsə də, nəticə ürəkaçan deyil.

Bu səbəbdən, oğurlanmış və ya adı dəyişdirilərək başqa formada təqdim olunan Azərbaycan musiqi nümunələrini siyahıya aldıq, onların ilk səslənmə video və ya audio yazısı ilə dəyişdirilmiş formasının müqayisəli video təhlilini verdik. Fürsətdən istifadə edib, Türkiyə KİV-inə müraciət edərək, onları problemin həllinə qoşulmağa çağırıram”.

Tədbirdə Azərbaycan musiqilərinin oğurlanması və ya "anonim musiqi” adı altında verilməsini faktlarla əks etdirən video-çarx da nümayiş etdirilib.

Tədbir iştirakçılarına problemi özünə əks etdirən disklər paylanılıb. Bundan əlavə, iştirakçılara Xocalı soyqırımı ilə bağlı da broşurlar, ermənilərin qətlə yetirdikləri 2 yaşlı Zəhranın şəkilləri verilib.

Tədbirdən sonra iştirakçılar Zəhranın qatillərinin cəzalandırılması tələbi ilə İstanbul küçələrində yürüş keçiriblər.

Tədbirin təşkilinə "Reng Medya” şirkəti böyük dəstək vermişdir.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024