Mobil versiya
Zelenskidən mühüm açıqlama: Rusiya ilə əsir mübadiləsi yaxın həftələrdə baş tuta bilər
Tarix: 17-11-2026 | Saat: 21:13
Bölmə:Özəl | çapa göndər

Zelenskidən mühüm açıqlama: Rusiya ilə əsir mübadiləsi yaxın həftələrdə baş tuta bilər




Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə hərbi əsirlərin mübadiləsinin yaxın həftələrdə həyata keçirilməsi üçün ABŞ-yə yeni təkliflər təqdim ediləcəyini açıqlayıb.

Zelenski bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Ukrayna liderinin sözlərinə görə, hərbi əsirlərin mübadiləsinə hazırlıq Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətlərinin Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarında əldə olunan əsas razılaşmalardan biridir.

Prezident bildirib ki, Kiyev artıq kəşfiyyat kanalları vasitəsilə müvafiq əlaqələr qurub. Onun sözlərinə görə, razılaşmanın nə vaxt həyata keçiriləcəyi Rusiya tərəfinin atacağı addımlardan və ABŞ nümayəndələrinin Moskva ilə apardığı danışıqların gedişindən asılı olacaq.

Zelenski yaxın günlərdə keçiriləcək diplomatik görüşlərin gündəliyinə də toxunub.

“Bu gün diplomatik komandamız, kəşfiyyat və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərləri, Silahlı Qüvvələrin Baş Komandanı və danışıqların iştirakçıları ilə birlikdə bu həftə Berlində Avropa və amerikalı tərəfdaşlarla, həmçinin rusiyalılarla keçiriləcək növbəti görüşlərin prioritetlərini müəyyənləşdirdik”, – deyə o qeyd edib.

Ukrayna Prezidenti Xerson və Zaporojye vilayətlərinin Rusiya nəzarətində olan ərazilərində yerləşən daha 10 yaşayış məntəqəsində humanitar əməliyyatların keçirilməsini təklif etdiklərini də açıqlayıb. Kiyev bu təşəbbüsü ABŞ vasitəçiləri ilə müzakirə etməyi planlaşdırır.

Zelenskinin sözlərinə görə, Vaşinqton üçtərəfli danışıqlar formatının genişləndirilməsi məsələsini Moskva ilə razılaşdırıb. Genişləndirilmiş formatda Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Polşa ilə yanaşı, Avropa Komissiyası, Avropa İttifaqı Şurası və NATO nümayəndələrinin də iştirakı nəzərdə tutulur.

O vurğulayıb ki, Ukrayna Avropa tərəfdaşlarının sülh danışıqlarında fəal iştirakını təmin etmək üçün diplomatik əlaqələndirməni davam etdirəcək.

Bundan əlavə, Ukrayna tərəfi müharibənin dayandırılması, təhlükəsizlik təminatlarının formalaşdırılması, davamlı sülhün əldə olunması və müharibədən sonrakı bərpa prosesinə dair əsas istiqamətlər üzrə tərəfdaşlarla fəaliyyət planını müzakirə edib.

Zelenski yaxın həftələrdə həyata keçirilməsi nəzərdə tutulan tapşırıqları təsdiqlədiyini bildirib. Onun açıqlamasına əsasən, hərbi əsirlərin mübadiləsi qarşıdakı diplomatik təmasların əsas prioritetlərindən biri olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2026