Mobil versiya
Azər Kərimli: “Ağdamın dirçəlişi Zəfərimizin ən gözəl davamıdır”
Tarix: 17-11-2026 | Saat: 17:34
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Kərimli: “Ağdamın dirçəlişi Zəfərimizin ən gözəl davamıdır”

“Ağdamın işğaldan azad olunması Azərbaycan tarixində hərbi-siyasi qələbə olmaqla yanaşı, dağıdılmış bir şəhərin yenidən həyata qaytarılması üçün geniş imkanlar açdı. Bu hadisənin tarixi əhəmiyyətini yaşatmaq, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan hərbçilərimizin xidmətlərini dövlət səviyyəsində qiymətləndirmək məqsədilə mühüm addımlar atıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçısının sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusu bu medalla təltif olundu. Bu təltif yalnız hərbi xidmətin qiymətləndirilməsi deyil, Ağdamın azadlığı naminə göstərilən fədakarlığın, qəhrəmanlığın və Vətənə sədaqətin dövlət yaddaşında əbədiləşdirilməsidir. Ağdamın taleyi göstərdi ki, torpaq xalqımız üçün coğrafi məkanla yanaşı, milli kimliyin və tarixi yaddaşın ayrılmaz hissəsidir. İşğal bu bağlılığı qıra bilmədi; azadlıq inamı nəsillər boyu yaşadı və Zəfərlə gerçəkləşdi.”

Bunları aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili qeyd edib ki, Uzun illər xarabalığa çevrilmiş Ağdamın xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılması şəhərin hansı miqyasda dağıdıldığını, onun tarixi-mədəni irsinə qarşı necə amansız davranıldığını təsvir edirdi: “İşğalçı Ermənistan qüvvələri şəhərin yaşayış binalarını, ictimai obyektlərini, dini və mədəni abidələrini məhv etmiş, onu yaşanmaz vəziyyətə salmışdı. Lakin Ağdamın gələcəyi dağıntılarla məhdudlaşmadı. Azərbaycan dövləti azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa strategiyasını həyata keçirməklə şəhərin yeni inkişaf modelini formalaşdırmağa başladı. Ağdamda quruculuq işləri keçmişin izlərini aradan qaldırmaqla yanaşı, müasir şəhər mühitinin yaradılmasına xidmət edir. Baş plan əsasında yaşayış məhəllələri, sosial obyektlər və infrastruktur qurulur. Kəngərli, Xıdırlı və Sarıcalıda aparılan işlər rayonun mərhələli bərpasının tərkib hissəsidir. 2025-ci ilin oktyabr ayınadək Ağdam rayonuna yüzlərlə ailənin köçürülməsi Böyük Qayıdışın real nəticələrini göstərir. Yeni evlərin və gündəlik həyat üçün zəruri şəraitin yaradılması əsas vəzifələrdəndir. Ağdamın məskunlaşdırılması şəhərin sosial həyatını dirçəldir, gələcək inkişafına zəmin yaradır. Ağdamın dirçəlişi yalnız yaşayış binalarının və yolların inşası ilə ölçülmür; şəhərin mədəni həyatının bərpası da bu prosesin mühüm istiqamətidir. Keçən il istifadəyə verilən Ağdam Muğam Mərkəzi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qarabağın zəngin muğam ənənələri nəzərə alınarsa, belə bir mərkəzin Ağdamda fəaliyyətə başlaması rəmzi məna daşıyır. Burada yetişəcək gənclər milli musiqi irsimizin davamlılığına töhfə verəcəklər. Eyni tarixdə açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi isə şəhərin nəqliyyat imkanlarını genişləndirərək onun ölkənin ümumi infrastruktur şəbəkəsinə inteqrasiyasını gücləndirir. Təxminən 8 hektar ərazidə yaradılmış kompleksdə dəmir yolu vağzalı, avtovağzal, gözləmə zalları, xidmət və istirahət məkanları bir araya gətirilib. Azərbaycanda ilk qapalı dəmir yolu platformasının məhz burada inşa edilməsi layihənin yenilikçi xüsusiyyətlərindəndir. Kompleks gündəlik minlərlə sərnişinə xidmət göstərəcək. Beləliklə, mədəniyyət və nəqliyyat infrastrukturu paralel yenilənir, Ağdam Qarabağın mühüm mədəni və iqtisadi mərkəzlərindən birinə çevrilmək istiqamətində irəliləyir. Ağdamın bugünkü inkişafı Zəfərin yalnız keçmişə aid hadisə olmadığını, onun gələcəyə yönəlmiş böyük quruculuq missiyası daşıdığını təsdiqləyir” – deyə Azər Kərimli fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2026