Mobil versiya
Üçrəngli bayraq – tariximizin, qürurumuzun və azadlığımızın ifadəsidir
Tarix: 08-11-2026 | Saat: 11:57
Bölmə:Siyasət | çapa göndər

Üçrəngli bayraq – tariximizin, qürurumuzun və azadlığımızın ifadəsidir

Azərbaycanın Dövlət Bayrağı xalqımızın azadlıq uğrunda apardığı mübarizənin, milli qətiyyətinin və müstəqil dövlət yaratmaq istəyinin ən parlaq ifadəsidir. Onun hər dalğalanması tariximizin dərin izlərini, əvvəlki nəsillərin arzularını və Vətənə olan sarsılmaz bağlılığımızı özündə yaşadır. Üçrəngli bayrağımız bir vaxtlar Azərbaycanın müstəqilliyi naminə mübarizə aparan insanların gələcək nəsillərə miras qoyduğu müqəddəs dəyər, bu gün isə suverenliyini tam bərpa etmiş dövlətimizin fəxr mənbəyidir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü milli tariximizin davamlılığını, xalqımızın həmrəyliyini və dövlətçilik prinsiplərinə bağlılığını nümayiş etdirir.

Azərbaycan bayrağının tarixində 1918-ci il noyabrın 9-u mühüm və əlamətdar hadisə kimi yadda qalıb. Məhz həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi haqqında qərar çıxardı. Xalqımızın yaratdığı ilk parlamentli respublikanın əsas rəmzinə çevrilən bu bayraq azadlıq ideyalarının, milli özünüdərkin və müstəqil dövlət kimi yaşamaq istəyinin təcəssümü idi. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasına baxmayaraq, üçrəngli bayraq xalqımızın yaddaşından silinmədi. Müstəqilliyimizin itirilməsi onun daşıdığı milli idealları və mənəvi dəyərləri məhv edə bilmədi. Əksinə, bu bayraq sonrakı nəsillərin düşüncəsində müstəqil dövlətçiliyimizin yenidən qurulması arzusunu yaşadan əsas simvollardan biri oldu.

Üçrəngli bayrağımızın müasir tariximizdə yenidən dövlətçilik rəmzi kimi meydana çıxması Ümummilli Lider Heydər Əliyevin qətiyyətli siyasi mövqeyi və tarixi təşəbbüsü ilə bilavasitə əlaqədardır. 1990-cı il noyabrın 17-də onun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın dövlət bayrağı statusunu aldı. Həmin sessiyada Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” ifadələrinin çıxarılması ilə bağlı da qərar qəbul edildi. Sovet hakimiyyətinin mövcud olduğu bir dövrdə atılan bu addımlar milli dövlətçilik tariximizə qayıdışın, müstəqillik düşüncəsinin yenidən canlanmasının və milli iradənin nümayişi baxımından böyük əhəmiyyət daşıyırdı.

Bayrağımızın rəngləri xalqımızın milli və mənəvi dünyasını əks etdirən dərin ideoloji məna ilə zəngindir. Əli bəy Hüseynzadənin irəli sürdüyü türkləşmək, islamlaşmaq və müasirləşmək prinsipləri milli kimliyimizi, dini-mənəvi dəyərlərimizi və inkişaf istiqamətimizi vahid ideya ətrafında birləşdirir. Bu prinsiplər Azərbaycanın öz tarixi keçmişinə və milli köklərinə sadiq qalmaqla yanaşı, müasir dünyanın inkişaf proseslərinə uyğunlaşmaq niyyətini də ifadə edir. Məhz buna görə Dövlət Bayrağımız yalnız milli mənsubiyyətimizin göstəricisi deyil, eyni zamanda keçmişimizlə gələcəyimiz arasında mənəvi körpü yaradan, milli dəyərlərimizi bəşəri prinsiplərlə uzlaşdıran müqəddəs dövlət rəmzidir.

Dövlət müstəqilliyimizin möhkəmlənməsi ilə üçrəngli bayrağımızın cəmiyyətdəki yeri və hüquqi statusu da daha da gücləndirildi. Cənab Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncama əsasən, noyabrın 9-u Dövlət Bayrağı Günü kimi təsis edildi. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsində dövlət rəmzlərinə hörmət hər bir vətəndaşın vəzifəsi kimi təsbit olunub. 2004-cü il iyunun 8-də qəbul edilmiş qanunla Dövlət Bayrağından istifadə qaydaları müəyyənləşdirilərək onun hüquqi qorunması və statusu daha da möhkəmləndirildi. Beləliklə, Azərbaycan bayrağına hörmət göstərilməsi təkcə milli-mənəvi dəyərlərimizdən irəli gələn məsuliyyət deyil, həm də hər bir vətəndaşın qanun qarşısında daşıdığı öhdəlikdir.

Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbə üçrəngli bayrağımızın daşıdığı tarixi və mənəvi mənanı daha da dərinləşdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı Azərbaycan bayrağını yüksəltməsi torpaqlarımız üzərində suverenliyimizin bərpasını nümayiş etdirən unudulmaz tarixi anlara çevrildi. Bu gün azad edilmiş ərazilərimizdə qürurla dalğalanan bayrağımız şəhidlərimizin müqəddəs xatirəsini, xalqımızın mübarizə əzmini və dövlətimizin sarsılmaz gücünü özündə əks etdirir. Xankəndidə və digər azad edilmiş torpaqlarımızda ucaldılan üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və gələcək inkişaf yolunun dönməzliyini təsdiqləyən mühüm rəmzdir.

Dövlət Bayrağı Günü hər birimizə bir daha xatırladır ki, bayrağın əsl ucalığı xalqın həmrəyliyindən, dövlətin gücündən və milli dəyərlərə göstərilən sədaqətdən qaynaqlanır. Üçrəngli bayrağımız Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından başlayaraq müasir müstəqil dövlətimizin formalaşmasına qədər uzanan şərəfli tarixi yolumuzun canlı şahididir. Bu gün müstəqil Azərbaycanın səmasında sərbəst şəkildə dalğalanan Dövlət Bayrağımız bütün dünyaya xalqımızın öz taleyini müstəqil müəyyənləşdirdiyini, milli iradəsinin sarsılmazlığını və dövlət suverenliyinin əbədi xarakter daşıdığını nümayiş etdirir.

Rəşad Əsgərov,
SOCAR “Kompleks qazma işləri” trestinin müdiri, YAP Nərimanov, ƏPT nin sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-11-2026