Mobil versiya
30 il gözlədiyimiz gün
Tarix: 08-11-2026 | Saat: 11:26
Bölmə:Siyasət | çapa göndər

30 il gözlədiyimiz gün
​
Düz 30 il idi ki, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşamağa, doğma yurdunun həsrətini çəkməyə məcbur olmuşdu. Biz illərlə o torpaqların dərdi ilə böyüdük, yaşadıq. Amma içimizdəki inam heç vaxt qırılmadı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çox gözəl bir fikri var: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.” Həqiqətən də, hər kəs öz sahəsində çalışaraq bu günü gözləyirdi.
​
Bu böyük qələbə bir günün içində, öz-özünə yaranmadı. Bunun arxasında uzun illərin gərgin əməyi, düşünülmüş siyasət dayanırdı. Ölkədə hərbi sənaye kompleksinin inkişaf strategiyası quruldu, ordu gücləndirildi. Cənab Prezidentin sözləri əslində bu illərin ən dəqiq xülasəsidir: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.” Çünki qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçsə də, əsas vəzifə güclü Silahlı Qüvvələrin yaradılması idi və dövlətimiz bunu bacardı.
​
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatları artıq səbir kasamızı daşırdı. Başlanan Vətən müharibəsində, Ali Baş Komandanın dediyi kimi, düz 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Biz elə bir mübarizə apardıq ki, bu gün Azərbaycanın XXI əsrə uyğun döyüş təcrübəsi və taktikası dünyanın ən inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Nəticə isə hamımıza məlumdur: düşmən ordusu darmadağın edildi, rəsmi İrəvan kapitulyasiyaya və üçtərəfli bəyanata imza atmağa məcbur oldu.
​
Bu müharibənin bizə verdiyi ən böyük dəyərlərdən biri də ölkəmizdə milli həmrəyliyin, birliyin daha da güclənməsi oldu. Biz bir yumruq kimi birləşdik. Prezidentimizin də vurğuladığı kimi, milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi və dünyada oynadığı rol günü-gündən artır. Məhz bu gücün, bu birliyin nəticəsi idi ki, sonradan keçirilən və bir gündən az davam edən antiterror əməliyyatı ilə separatçıların kökü kəsildi. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, həm beynəlxalq hüquq zəfər çaldı, həm də ölkəmiz öz gücünü bir daha bütün dünyaya göstərdi.
​Bütün bu gücə rəğmən, dövlətimizin mövqeyi həmişə aydın olub. Cənab İlham Əliyev hər zaman bildirir: “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır.” İndi Azərbaycanın tarixində tamamilə yeni bir mərhələ – quruculuq missiyası başlayıb. Azad edilmiş torpaqlara sürətlə həyat qayıdır və bundan sonra ölkəmiz yalnız inkişaf edəcək.
​
Biz bu firavan və qürurlu günləri bizə bəxş edənləri – şəhidlərimizi, qazilərimizi heç vaxt unutmarıq. Onların rəşadəti paytaxtımızda yaradılan Zəfər parkı və muzeyində əbədi yaşayacaq. Cənab Prezidentin də qeyd etdiyi kimi, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri və sağlamlığını itirmiş qazilərimiz dövlət tərəfindən daim yüksək qayğı ilə əhatə olunur və biz bunu bu gün əyani şəkildə görürük. Ali Baş Komandanımızın dediyi kimi, bu şanlı tarix bizimlə əbədi olacaq və gələcək nəsillər bu Qələbə ilə haqlı olaraq həmişə fəxr edəcəklər.

Tutu Kamal qızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə