Mobil versiya
Hərbi xidmətə çağırışla bağlı 8 cinayət işi başlanıb – 8 nəfər məhkəməyə göndərilib
Tarix: 12-10-2026 | Saat: 11:32
Bölmə:Gündəm | çapa göndər

Hərbi xidmətə çağırışla bağlı 8 cinayət işi başlanıb –

Azərbaycanda hərbi xidmətə çağırış sahəsində qanun pozuntuları ilə bağlı 2026-cı ilin əvvəlindən 8 cinayət işi üzrə ibtidai istintaq aparılıb. Onlardan 5-i üzrə 8 nəfər barəsində istintaq tamamlanaraq işlər məhkəməyə göndərilib. Araşdırmalar zamanı tibbi müayinələrdə nöqsanlar və yanlış diaqnozlar da aşkarlanıb.

aia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun açıqlamasında bildirilib.

Qeyd olunub ki, hərbi xidmətə çağırış sahəsində qanun pozuntularının aşkarlanması, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması məqsədilə Baş Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və digər aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər həyata keçirir.

2026-cı ilin yanvar ayından indiyədək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə SHXÇDX tərəfindən təqdim olunan rəsmi məlumatlar və vətəndaş müraciətləri əsasında 124 vəzifəli şəxsin, eləcə də qanunazidd əməllərdə iştirakı ehtimal olunan 121 şəxsin barəsində hərtərəfli araşdırmalar aparılıb.

Hesabat dövründə hərbi xidmətə çağırış sahəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 4 əməliyyat-axtarış tədbiri keçirilib. Nəticədə cinayət işləri başlanaraq İstintaq idarəsinə göndərilib.

Ümumilikdə, 8 cinayət işi üzrə ibtidai istintaq aparılıb. Həmin işlərdən 5-i üzrə 8 nəfər – 7 vəzifəli şəxs və 1 vətəndaş barəsində istintaq tamamlanaraq işlər aidiyyəti məhkəmələrə göndərilib.

Məhkəməyə göndərilən işlər üzrə 6 təqsirləndirilən şəxs barəsində həbs, əlavə qətimkan tədbiri kimi vəzifədən kənarlaşdırma, 2 şəxs barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Hazırda daha 3 cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Bu işlərdən biri üzrə 2 şəxs barəsində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri tətbiq olunub.

İbtidai istintaq zamanı 3 cinayət işi üzrə 9 çağırışçı barəsində komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib. Ekspertizanın nəticələrinə əsasən, 1 nəfər hərbi xidmətə yararlı hesab olunub, 2 nəfərə xidmətdən möhlət hüququ verilib. Digər 6 nəfərlə bağlı ekspertiza davam edir.

Araşdırmalar zamanı tibbi müayinələrin tam aparılmaması və yanlış diaqnozlar səbəbindən səhhətində problemlər olan çağırışçıların hərbi xidmətə göndərilməsi, sonradan isə vaxtından əvvəl tərxis olunması halları müəyyən edilib. Həmçinin SHXÇDX-nin yerli qurumlarında daxili yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb.

Aşkar edilən nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara ümumilikdə 32 təqdimat göndərilib. Onlardan 18-i SHXÇDX-yə, 6-sı Səhiyyə Nazirliyinə, 4-ü TƏBİB-ə, 3-ü Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə, 1-i isə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə ünvanlanıb.

Təqdimatların 14-ü SHXÇDX-nin 35 yerli strukturunda sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun aparılmasının təmin edilməsi ilə bağlı olub.

Görülən tədbirlər nəticəsində SHXÇDX-nin 2 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 4 həkimə, 10 vəzifəli şəxsə və 1 fiziki şəxsə xəbərdarlıq edilib. Müvafiq kollektivlərdə müzakirələr aparılıb.

Hazırda 5 təqdimat üzrə icraat davam etdirilir.

Baş Prokurorluqdan bildirilib ki, hərbi xidmətə çağırış sahəsində şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarının və digər neqativ halların qarşısının alınması istiqamətində tədbirlər davam etdiriləcək və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-10-2026