Mobil versiya
Sülh və dini həmrəylik regionun gələcəyinə yeni istiqamət verir
Tarix: 17-09-2026 | Saat: 13:07
Bölmə:Siyasət | çapa göndər

Sülh və dini həmrəylik regionun gələcəyinə yeni istiqamət verir

Dini liderlərin Qarabağa səfəri yaxın tariximizin həm ağrılı izlərini, həm də xalqımız üçün qürur mənbəyi olan yeni reallıqları bir arada görmək baxımından mühüm hadisədir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri və digər beynəlxalq qonaqlarla görüşündə Qarabağ həqiqətlərinə xüsusi diqqət yetirməsi də məhz bu baxımdan əhəmiyyət daşıyır. Qarabağın keçdiyi yol beynəlxalq hüquqa, ədalətə və tarixi həqiqətlərə hörmətin vacibliyini göstərən mühüm nümunədir. Otuz ilə yaxın davam edən işğal dövründə Qarabağ və Şərqi Zəngəzur ərazilərində böyük dağıntılar törədilib. Şəhər və kəndlərin viran qoyulması, milli sərvətlərin mənimsənilməsi, insanların öz doğma yurdlarından didərgin salınması həmin siyasətin ağır nəticələri sırasında olub. Dini ibadət yerlərinin dağıdılması, məscidlərin təhqir olunması və dini irsə qarşı münasibət də işğal siyasətinin mahiyyətini əks etdirən faktlardandır. Prezident İlham Əliyevin bu reallıqları dini liderlərin diqqətinə çatdırması Azərbaycan həqiqətlərinin İslam dünyasının nüfuzlu nümayəndələri tərəfindən daha yaxından öyrənilməsinə və yerində müşahidə edilməsinə şərait yaradır.

Bununla belə, dini liderlərin qarşıdakı səfərinin əhəmiyyəti yalnız işğalın törətdiyi dağıntılarla tanışlıqdan ibarət deyil. Ağdam, Xocalı, Xankəndi və Şuşa bu gün eyni zamanda Azərbaycanın bərpa olunan və gələcəyə yönələn simasını nümayiş etdirən məkanlardır. Hazırda həmin ərazilərdə yeni yaşayış massivləri salınır, yollar və məktəblər tikilir, müasir infrastruktur formalaşdırılır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı isə “Böyük Qayıdış” prosesinin real nəticələrini göstərir. Artıq Qarabağ və Şərqi Zəngəzurda 48 şəhər və kənddə 90 mindən artıq insanın yaşaması bölgədə həyatın bərpa olunduğunu nümayiş etdirir.

Azərbaycanın bu nəticələrə çatmasının əsas amillərindən biri xalqın həmrəyliyi və dövlətin nümayiş etdirdiyi siyasi iradədir. 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpa edilməsi, sonrakı mərhələdə isə separatçı qüvvələrin fəaliyyətinə son qoyulması Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn hüquqlarını təmin etmək əzmində olduğunu göstərdi. Azərbaycan Bayrağının Qarabağ və Şərqi Zəngəzurun bütün ərazilərində yenidən dalğalanması xalqın milli yaddaşı və dövlətçilik baxımından mühüm hadisəyə çevrildi. Eyni zamanda, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Vətən müharibəsi zamanı mülki əhalini hədəf götürməyib. Bu yanaşma əldə edilmiş hərbi nəticələrin humanist dəyərlərlə müşayiət olunduğunu göstərən mühüm məqamlardan biridir.

Bu gün Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etməsi də regionun yeni reallıqlarından biridir. Azərbaycan keçmişdə baş verənləri yaddaşdan silmədən gələcəyə istiqamətlənir. Xocalı qurbanlarının xatirəsinin, dağıdılmış məscidlərin və məhv edilmiş mədəni irsin yaddaşlarda yaşadılması ilə yanaşı, regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün siyasi iradə nümayiş etdirilir. Bakıda müsəlman dini rəhbərlərinin bir araya gəlməsi də bu kontekstdə daha geniş məna qazanır. İslam dünyasında qarşıdurmaların dərinləşməsinə deyil, həmrəyliyin və qarşılıqlı anlaşmanın gücləndirilməsinə verilən önəm Azərbaycanın xarici və dini-mədəni siyasətində mühüm istiqamətlərdən biridir.

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində həyata keçirdiyi təşəbbüslər, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi və növbəti il Zirvə Görüşünün Bakıda keçirilməsinin nəzərdə tutulması bu istiqamətdə siyasətin ardıcıl xarakter daşıdığını göstərir. Seyid Yəhya Bakuviyə həsr olunan beynəlxalq konfransın dini liderlərin toplantısı ilə eyni vaxtda keçirilməsi də Azərbaycanın dini-mədəni irsə və beynəlxalq dialoqa yanaşmasının digər nümunəsidir. Azərbaycanın zəngin mənəvi irsi, Türk dünyası ilə möhkəm qardaşlıq münasibətləri və İslam aləminə açıq əməkdaşlıq mövqeyi bir-birini tamamlayan istiqamətlərdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu imkanları milli maraqların müdafiəsinə, regional əməkdaşlığın inkişafına və sülh mühitinin gücləndirilməsinə yönəltməyə çalışır. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq prosesi isə bu siyasətin ən aydın və görünən nəticələrindən biri kimi ortaya çıxır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2026