Mobil versiya
Azər Kərimli: “Bu gün Laçında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünü və strateji baxışını nümayiş etdirir”
Tarix: 10-08-2026 | Saat: 11:41
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Kərimli: “Bu gün Laçında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünü və strateji baxışını nümayiş etdirir”

“Azərbaycanın müasir tarixində elə şəhərlər var ki, onların adı təkcə coğrafi məkan deyil, həm də xalqın iradəsini, dözümünü və milli qürurunu ifadə edir. Laçın məhz belə şəhərlərdən biridir. Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqustun Laçın şəhəri günü kimi təsis olunması da bu baxımdan xüsusi məna daşıyır. Bu tarix yalnız şəhərin nəzarətə qaytarıldığı günün xatırlanması deyil, həm də tarixi ədalətin bərpasının, dövlət iradəsinin və Böyük Qayıdışın rəmzidir. Bu gün Laçın artıq faciələrin deyil, dirçəlişin, quruculuğun və gələcəyə inamın simvolu kimi yeni tarixini yazır. Əslində Laçının keçdiyi yol Azərbaycanın son onilliklərdə yaşadığı ən mürəkkəb sınaqların aynasıdır. 1923-cü ildə şəhər statusu alan, 1930-cu ildə rayon kimi formalaşan Laçın təbii sərvətləri, zəngin meşələri, geniş yaylaqları və əlverişli coğrafi mövqeyi ilə hər zaman strateji əhəmiyyət daşıyıb. Məhz bu üstünlüklər Ermənistanın işğalçılıq siyasətində Laçını əsas hədəflərdən birinə çevirmişdi. 1992-ci il mayın 18-də rayonun işğalı ilə təkcə bir ərazi deyil, bütöv bir həyat tərzi, insanların doğma ocaqları, əsrlərlə formalaşmış mədəni irs və tarixi yaddaşı ağır zərbə aldı.”

Bu sözlər Milli Məclisin deputatı Azər Kərimlinin aia.az-a açıqlamasında yer alıb.

İşğal illərində Laçında törədilən dağıntıların beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasının açıq nümunəsi kimi dəyərləndirən millət vəkili pz fikirlərini belə əsaslandırıb: “Erməni işğalı nəticəsində minlərlə insan öz doğma yurd-yuvasından didərgin salındı, yüzlərlə hərbi qulluqçu və mülki şəxs həyatını itirdi və ya itkin düşdü. Məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, tarixi və dini abidələr məqsədli şəkildə dağıdıldı, rayonun zəngin təbii sərvətləri talan edildi. Bununla kifayətlənməyən işğalçı rejim yaşayış məntəqələrinin adlarını dəyişdirərək, qanunsuz məskunlaşdırma siyasəti həyata keçirməklə bölgənin demoqrafik və tarixi simasını dəyişməyə cəhd göstərdi. Bütün bunlar göstərirdi ki, məqsəd yalnız ərazini işğal etmək deyil, həm də Azərbaycan xalqının bu torpaqlarla bağlı tarixi izlərini silmək idi. Lakin tarix göstərdi ki, zorakılıq və işğal heç vaxt davamlı nəticə vermir. Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər və sonrakı siyasi-diplomatik proseslər nəticəsində 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. Daha sonra 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri üzərində tam nəzarətin bərpa olunması tarixi ədalətin tam bərqərar edilməsini təmin etdi. Məhz buna görə 26 avqust tarixi təkcə təqvimdə qeyd olunan bir gün deyil, milli iradənin və dövlət qətiyyətinin təntənəsidir. Bu qələbənin arxasında Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı dayanır. Laçının azad olunması uğrunda gedən döyüşlərdə şəxsi igidlik göstərən minlərlə hərbi qulluqçunun “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi dövlətin öz qəhrəmanlarına verdiyi yüksək qiymətin ifadəsidir. Bu mükafat həm də gələcək nəsillərə çatdırılan mühüm mesajdır: Vətən uğrunda göstərilən fədakarlıq heç vaxt unudulmur. Bu gün Laçında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünü və strateji baxışını nümayiş etdirir. Dövlət başçısının da vurğuladığı kimi, Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi məqsədi artıq real nəticələr verir. Müasir memarlıq həlləri, yüksək keyfiyyətli infrastruktur, insanların rahat yaşayışını təmin edən layihələr Laçının yeni simasını formalaşdırır. Burada yaradılan şərait göstərir ki, məqsəd sadəcə dağıdılmış şəhəri bərpa etmək deyil, onu ölkənin ən müasir yaşayış məkanlarından birinə çevirməkdir. Laçının bugünkü inkişafı bir daha sübut edir ki, Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib. Dövlət işğalın ağır nəticələrini aradan qaldırmaqla yanaşı, bu torpaqları uzunmüddətli inkişaf modelinin nümunəsinə çevirir. Məhz buna görə 26 avqust – Laçın şəhəri günü təkcə keçmişin xatirəsi deyil, həm də gələcəyə böyük inamın, milli birliyin və qalib Azərbaycanın yeni inkişaf mərhələsinin rəmzidir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-08-2026