Mobil versiya
Vaşinqton sammiti yeni reallığın beynəlxalq səviyyədə qəbulunun siyasi-hüquqi təsdiqidir - ŞƏRH
Tarix: 08-08-2026 | Saat: 20:20
Bölmə:Manşet / Siyasət | çapa göndər

Vaşinqton sammiti yeni reallığın beynəlxalq səviyyədə qəbulunun siyasi-hüquqi təsdiqidir

Vaşinqton sammiti son beş ildə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallığın beynəlxalq səviyyədə qəbulunun siyasi-hüquqi təsdiqidir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

O qeyd edib ki, ABŞ-Azərbaycan münasibətlərinin transformasiyası ilə Azərbaycan və Ermənistan arasında sülh prosesini ayrı-ayrı hadisələr kimi deyil, eyni strateji prosesin bir-birini tamamlayan iki istiqaməti kimi qiymətləndirmək lazımdır:

"Son beş il göstərdi ki, müharibədə qələbə qazanmaq regionun gələcəyini müəyyənləşdirmək üçün kifayət etmir. Hərbi qələbənin diplomatik nəticələrlə möhkəmləndirilməsi, beynəlxalq legitimliyinin təmin olunması və yeni təhlükəsizlik arxitekturasının yaradılması ən azı müharibənin özü qədər mürəkkəb prosesdir. Azərbaycan məhz bu mərhələni də uğurla başa vurdu.

Bu nəticələrin əsasında Prezident İlham Əliyevin dəyişməz siyasi xətti dayanır. Dövlət başçısı bütün dövrlərdə milli maraqları hər şeydən üstün tutdu, regionun gələcəyini kənar güclərin maraqları deyil, Azərbaycanın suveren hüquqlarına söykənən siyasi konsepsiya üzərində qurdu. Son nəticədə hadisələrin inkişafı Azərbaycanın mövqeyinin doğru olduğunu təsdiqlədi".


Deputat vurğulayıb ki, Prezident İlham Əliyevlə Donald Tramp arasında formalaşan qarşılıqlı etimada əsaslanan siyasi dialoq münasibətlərin yeni mərhələsinin başlanğıcı oldu. Dövlət başçıları arasında məktublaşmalar, yüksək səviyyəli təmaslar və sonradan keçirilən görüşlər qarşılıqlı etimadın institusional əməkdaşlığa çevrilməsinə zəmin yaratdı.

A.Kərimli əlavə edib ki, ABŞ-Azərbaycan münasibətlərinin transformasiyası təsadüfi siyasi hadisə deyil. Bu transformasiya Azərbaycanın son illərdə qazandığı geosiyasi nüfuzun, Prezident İlham Əliyevin ardıcıl diplomatik fəaliyyətinin və regionda yaranmış yeni güc balansının məntiqi nəticəsidir:

"Ən mühüm məqam isə ondan ibarətdir ki, Vaşinqtonun Bakı ilə münasibətlərini yenidən qurması eyni zamanda Cənubi Qafqazın gələcəyinə münasibətini də dəyişdirdi. ABŞ artıq regionda davamlı sülhün təminatını Azərbaycanın müəyyən etdiyi siyasi reallıqlar çərçivəsində görməyə başladı. Məhz buna görə ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi ilə Azərbaycan-Ermənistan sülh prosesi bir-birindən ayrı deyil, vahid geosiyasi strategiyanın iki mühüm istiqamətidir.

Bu strategiyanın mərkəzində isə dəyişməyən bir həqiqət dayanır: Cənubi Qafqazda müharibədən sonrakı dövrün siyasi gündəliyini artıq qalib dövlət – Azərbaycan müəyyən edir".

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə sənədlər imzalandı. Həmin gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş"in razılaşdırılmış mətnini parafladılar. Ardınca liderlərin iştirakı ilə Birgə Bəyannamə imzalandı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-08-2026